Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu işə qəbul olmaq istəyən şəxslər üçün 80 ştat vahidi üzrə müsabiqə elan etmişdir. Prokurorluq orqanlarına işə qəbul olunmaq üçün müraciət etmiş 545 namizəddən 527-si 27 oktyabr 2009-cu il tarixdə saat 10:00-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada – Azərbaycan Texniki Universitetinin «İdman Sarayı»nda keçirilən test imtahanında iştirak etmişdir.
İmtahanı ölkədə fəaliyyət göstərən müxtəlif hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.
İmtahan başa çatdıqdan sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri, Baş Prokurorluğun Müsabiqə komissiyasının üzvləri, həmçinin qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirakı ilə TQDK-nın inzibati binasında avtomatlaşdırma rejimində elektron hesablayıcı maşınlar vasitəsi ilə namizədlərin cavab kartları yoxlanılmış və 285 namizədin müsabiqənin yazılı imtahan olan ikinci mərhələsində iştirak etmək hüququ qazanması müəyyən edilmişdir.
Nəticələr dərhal Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının veb səhifəsində (www.tqdk.gov.az) və Baş Prokurorluğun veb saytında (www.genprosecutor.gov.az) yerləşdirilmişdir.
Yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə mətbuatda əlavə məlumat veriləcəkdir.
| MEQA şirkətinin istehsalı | © 2007, Azərbaycan Respublikası Baş Prokurorluğu Bütün hüquqları qorunur. E-poçt: info@genprosecutor.gov.az |
Ünvan: Nigar Rəfibəyli küç. 7
Bakı, AZ1001, Azərbaycan
Telefon: (99412) 4923032 Faks: (99412) 4930335 |