Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, cari il noyabrın 21-də təxminən saat 12-də Əzizbəyov rayonunun Türkan qəsəbəsinə gedən yolun kənarında yanmış vəziyyətdə "KİA SPORTAGE" markalı avtomaşın, avtomaşının yük yerində isə yanaraq kömürləşmiş meyitin aşkar edilməsi faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Respublika Prokurorluğunun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır. İş üzrə məhkəmə-kompleks ekspertizaları təyin edilmiş, çoxlu sayda şahidlər dindirilmiş, zəruri axtarış-götürmə və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
Aparılmış istintaqla avtomaşının yük yerində olan meyitin 1965-ci ildə anadan olmuş, Bakı şəhərində fəaliyyət göstərən "Modern-Hospital" klinikasında baş mühasib işləyən Əsədov Firamin İsa oğlu olması müəyyən edilmişdir.
Həyata keçirilmiş birgə istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədənin 1980-ci ildə anadan olmuş, qeyd edilən klinikada əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən Kərimov Ceyhun Möhübbət oğlu olması müəyyən edilmişdir. O dindirilərkən həmin cinayəti tamah məqsədi ilə törətməsini tam etiraf etmişdir. Belə ki, Ceyhun Kərimov dindirmə zamanı hadisəni törətdikdən sonra mərhumun cibində olan iş açarlarını və üstündəki 50 manat pulunu götürməsini və həmin gecə iş yerinə gələrək Firamin Əsədovun iş otağındakı seyfdən 6 min 800 manat pul götürməsini bildirmişdir. Hazırda işin bütün hallarının araşdırılması istiqamətində Əzizbəyov Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
| MEQA şirkətinin istehsalı | © 2007, Azərbaycan Respublikası Baş Prokurorluğu Bütün hüquqları qorunur. E-poçt: info@genprosecutor.gov.az |
Ünvan: Nigar Rəfibəyli küç. 7
Bakı, AZ1001, Azərbaycan
Telefon: (99412) 4923032 Faks: (99412) 4930335 |