«« Geri


Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilmişdir


Müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısı olan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Respublika Prokurorluğu orqanlarında təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərin davamı olaraq, cari ilin may ayının 8-də «Hyatt Regency» otelində Baş Prokurorluq tərəfindən xalqımızın ümumilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Azərbaycan Respublikası Prokurorluğunun yenidən fıormalaşmasında Heydər Əliyevin rolu» mövzusunda konfrans keçirilmişdir.

Konfrans iştirakçıları, ilk növbədə, Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etməklə, onun əziz və unudulmaz xatirəsini yad etmişlər. Eyni zamanda, Ulu öndərin həyat yoldaşı, görkəmli alim Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır. Konfransın işində Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyəti, bir sıra tabe prokurorlar və prokurorluğun gənc əməkdaşları, Baş Prokurorluğun dəvəti ilə Millət vəkili, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı da iştirak etmişdir.

Konfransı giriş nitqi ilə açan Baş prokuror Zakir Qaralov «Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər heyəti ilə 26 aprel 2000-ci ildə keçirdiyi müşavirə Azərbaycan Prokurorluğunun tarixində dönüş nöqtəsi olmuşdur» mövzusunda geniş məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, yubiley ərəfəsində Möhtərəm Prezdentimiz cənab İlham Əliyevin imzaladığı «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» 21 yanvar 2013-cü il tarixli Sərəncamı Ulu öndərin unudulmaz xatirəsinə ümumxalq məhəbbətinin ifadəsi olmaqla yanaşı, ilk növbədə, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərinə dövlət səviyyəsində verilən layiqli qiymət kimi dəyərləndirilməlidir. Diqqətə çatdırılmışdır ki, keçən əsrin 60-cı illərindən başlamaqla ölkəmizin 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində Ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, demokratik dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, sovetlər dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmış, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin - amanlıq şəraiti yaratmış, daha sonra isə Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevirilməsini şərtləndirən misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.

Eyni zamanda, o, gördüyü möhtəşəm işlərin davamlılığını təmin etmək və müəllifi olduğu və uzun illərə hesablanmış «Azərbaycanın strateji inkişaf konsepsiyası»nın gələcəkdə də reallaşdırılmasına nail olmaq məqsədilə, millətin gələcək lideri olacaq İlham Əliyevin yetkin bir siyasətçi kimi yetişdirilməsini təmin etmişdir. Bunun nəticəsidir ki, müdrik Heydər Əliyev dövlətçilik siyasətinin və bu siyasəti yeni məzmunda uğurla davam etdirən Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər bu gün Azərbaycan xalqının ən mütərəqqi qanunlarla tənzimlənən, insan hüquq və azadlıqları üçün real təminatlar yaradan vətəndaş cəmiyyətində yaşamasını, hərtərəfli islahatlar nəticəsində formalaşmış demokratik və hüquqi dövlətdə fəaliyyət göstərməsini təmin etmişdir.

Baş prokuror qeyd etmişdir ki, doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik etmişdir. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası-xalqının dəstəyi nəticəsində döğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarmışdır. Nəzərə çatdırılmışdır ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğuna və demokratik məzmunda yenidən formalaşmasına görə də, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəçiliyi sistemində öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

İlk növbədə, xüsusi olaraq qeyd edilmişdir ki, Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı respublikamızın hüquq mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətində də əsaslı dönüş yaradılmasına səbəb olmuş, çox ciddi intizam və tələbkarlıq şəraiti formalaşdırılmaqla dövlət mənafeyinin müdafiəsi məsələləri ön plana çəkilmişdir. Məhz xalqımızın ümummilli liderinin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilməklə, bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər edilmiş, «cəzanın labüdlüyü» prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür. Diqqətə çatdırılmışdır ki, Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirə prokurorluğun tarxində əsil dönüş nöqtəsi oldu, ölkəmizdə aparılan möhtəşəm yenidənqurma proseslərindən kənarda qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara başlanıldı, Heydər Əliyevin həmin müşavirədəki tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Onun tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olmuşdur. Xüsusi vurğulanmışdır ki, əldə etdiyi bütün uğurlara görə, ilk növbədə Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə və rəhbər kimi hərtərəfli qayğısına minnətdar olan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi tərəfindən onun xatirəsi həmişə əziz tutulur və yüksək ehtiram göstərilir. Prokurorluğun tarixi keçmişinin öyrənilməsi məqsədilə yaradılmış «Azərbaycan Prokurorluğunun Tarixi muzeyi»ndə ümummilli liderimiz Heydər Əliyevin 1990-2003-cü illər ərzindəki dövlətçilik fəaliyyətini əks etdirən, «Böyük Xilaskar» və «Böyük qurucu» kimi onun möhtəşəm siyasət tədbirləri və quruculuq işlərini, bu siyasətin davamçısı Respublika Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətini əks etdirən eksponatların toplandığı böyük zal yaradılmışdır ki, həmin muzey prokurorluq əməkdaşları tərəfindən mütəmadi ziyarət olunur. Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də milli prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur. Ölkə başçısının siyasi iradəsinə müvafiq olaraq, korrupsiyaya qarşı mübarizə işinin təşkilində prokurorluq orqanlarının məsuliyyətinin daha da artırılması, ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorluğun tərkibində yaradılması, onun fəaliyyətinin mütəmadi olaraq təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində zəruri tədbirlərin həyata keçirilməsi yüksək etimadın təzahürüdür.

Həyata keçirilən tədbirlər sırasında Dövlət başçısının 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırlıması, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.

Konfransda Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı «Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətində xalq amili» mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin çıxışın ana xəttini təşkil edən əsas ideya ondan ibarət olmuşdur ki, Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan xalqı ilə bir yerdə olmuş və öz gücünü ondan almışdır. Bu sarsılmaz birlik azərbaycan xalqının bütün qələbələrinin mənbəyi olmuşdur.


Daha sonra, Baş prokurorun birinci müavini Rüstəm Usubov «Ulu öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərində müvafiq dövlət təsisatları və Azərbaycan Prokurorluğununun dövlət çevrilişləri, terror aktları və dövlətçilik əleyhinə digər ağır cinayətlərə qarşı mübarizəyə səfərbər edilməsi», Baş prokurorun müavini - Respublika hərbi prokuroru Xanlar Vəliyev «Milli Ordumuzun yaradılması, müstəqil Azərbaycanın hərbi prokurorluq orqanlarının formalaşdırılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rolu», Baş prokurorun müavini Namiq Əsgərov «Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili», Kadrlar idarəsinin rəisi Bəhruz Mahmudov «Heydər Əliyevin siyasi iradəsi Azərbaycan Respublikası Prokurorluğu orqanlarında qulluğa qəbulun yeni qaydalarının müəyyənləşdirilməsi və prokurorluğun kadr korpusunun yenidən formalaşdırılmasının əsasını təşkil etmişdir», Bakı şəhər prokuroru Əziz Seyidov «Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin və hüquqi islahatların yaradıcısıdır», Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev «Azərbaycan Respublikasında müstəqil dövlət quruculuğu və korrupsiyaya qarşı mübarizə», Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov «Heydər Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin banisidir» və Hüquqi təminat və informasiya texnologiyaları idarəsinin rəisi Natiq Hüseynov «Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyaları bütün dövlət təsisatlarında, o cümlədən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında yeni informasiya texnologiyalarının tətbiqinə başlanılmasının əsası olmuşdur» mövzularında çıxışlar etmişlər.

Konfrans iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğu orqanlarının kollektivi adından xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ünvanına yekdilliklə müraciət qəbul edilmişdir. Konfransın işinə yekun vuran Baş prokuror Zakir Qaralov bir daha diqqətə çatdırmışdır ki, Ulu öndər Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyəti və zəngin siyasi irsi həmişə xalqımızın inkişaf yolunu işıqlandıran və ona düzgün yol göstərən bir mayak olacaqdır. İndiki və bundan sonra gələcək nəsillər bu dahi azərbaycanlının şanlı həyat yolundan həmişə özləri üçün nümunə götürəcək və kamil vətəndaşlar kimi yetişmələri üçün ondan öyrənəcəklər.

Qürur hissi doğuran haldır ki, Milli Prokurorluq orqanlarında işləmiş və bugün çalışan bir neçə nəsil prokurorluq əməkdaşlarının fəaliyyəti bu dahi insanın Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrə təsadüf etmişdir. Azərbaycan Prokurorluğu bu günkü vəziyyətdə mövcudluğuna, dövlət təsisatı kimi hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi yolunda əldə etdiyi nailiyyətlərə görə, ilk növbədə Heydər Əliyev şəxsiyyətinə və onun dövlətçilik siyasətinə borcludur. Bugün konfransda edilən çıxışlar da bir daha əyani surətdə onu göstərdi ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti nə qədər çoxşaxəli olmuş, ölkə həyatının bütün sahələri onun zəhməti hesabına hərtərəfli inkişaf etmiş və bugünkü təminatlı həyatımızın lkin əsasları yaradılmışdır.

Baş prokuror konfrans iştirakçıları və prokurorluq orqanlarının bütün əməkdaşları adından əminliyini bildirmişdir ki, prokurorluğun kollektivi həmişə Heydər Əliyev ideyalarına sadiq olacaq, onun unudulmaz xatirəsini əziz tutacaq və bütün qüvvələrini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu möhtəşəm ideyaların həyata keçirilməsinə istiqamətləndirəcəkdir.