«« Geri


Vətəndaş mənafeyinə xidmət edən hüquq islahatlarının banisi
( 2 may 2013-cü il, Respublika qəzeti )

Antik yunan filosofu Demokrit zamanında yazırdı ki, siyasət insanları inandırmaq, müəyyən məqsədlər naminə səfərbər etmək, onların şüuruna təsir göstərmək vasitəsidir. Siyasi liderin etimad qazanmaq üçün seçdiyi vasitə nə qədər dürüst və saf olarsa, xalqın həmin şəxsiyyətə inamı da bir o qədər güclü olar. Bu mənada ümummilli lider Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də siyasi fəaliyyətinin bütün dövrlərində məhz sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə istinad etməsi olmuşdur. Məhz bu zəngin mənəvi keyfiyyətləri ilə ulu öndər milyonlarla insanın qəlbində ölməzlik məşəli yandırmışdır.

Tarixdən məlumdur ki, hər bir xalq öz taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırır. Azərbaycan xalqı da öz taleyində misilsiz rol oynamış ulu öndərin xatirəsini daim əziz tutur. Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin əsasını qoyduğu strateji siyasi kursu son 10 ildə bütün sahələrdə inamla davam etdirməklə yanaşı, Heydər Əliyev ideyalarının cəmiyyətdə praktik surətdə gerçəkləşməsinə və möhkəmlənməsinə nail olmuşdur. Ölkə başçısının 2013–cü il yanvarın 21–də imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” növbəti sərəncamda ümummilli lider Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərinə bir daha nəzər salınmış, böyük strateqin 90 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsi, davamlı inkişaf yoluna çıxarmasıdır. Lakin tarixdən məlumdur ki, müstəqillik nemətinə qovuşmuş xalqımız ilk illərdə xaos və anarxiya, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, etnik separatizm kimi qlobal problemləri də taleyində yaşamalı olmuşdur. Azərbaycanın ötən əsrin 80–ci illərinin sonu, 90–cı illərin əvvəllərində üzləşdiyi xaos və anarxiya mərhələsi bunu bir daha təsdiqləyir. Hələ 1991–ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918–ci il mayın 28–dən 1920–ci il aprelin 28–dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir. Həmin aktda Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ təsbit olunmuşdur. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 12–ci maddəsində xalqın müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdır. Fəqət 1993–2003–cü illərdə hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq–mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc–mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların “meydan sulamasına” şərait yaratmış, daxildə qeyri–sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi fundamental hüququndan danışmaq mümkün deyildi.

1993–cü ilin iyununda — mürəkkəb siyasi şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin nəticəsi olaraq 1994–cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə yanaşı, Azərbaycanda hüquqi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Ölkədə ictimai–siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə ölkənin Əsas Qanunu olan Konstitusiyanın qəbulu istiqamətində real addımlar atmaq imkanı yaratmışdır. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995–ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmış, ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olunmuşdur. Əsas Qanunda əksini tapmış müddəaların üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması da ulu öndərin ümumbəşəri dəyərlərə sadiqliyinin, onun daxili demokratizminin bariz təcəssümüdür.

Konstitusiyanın qəbulu Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət ideallarına sadiqliyini bir daha təsdiqləməklə onun beynəlxalq aləmdə daha yaxından tanınmasına, ikitərəfli və çoxqütblü əməkdaşlığının dərinləşməsinə də real imkanlar açmışdır. İlk milli Konstitusiyamızda xarici siyasətin, beynəlxalq əlaqələrin konseptual xarakterinin, məqsəd və vəzifələrinin səhih şəkildə əksini tapması da məhz ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Dövlətin idarəetmə sisteminin əsasını təşkil edən Konstitusiyanın 10–cu maddəsinə görə, Azərbaycan başqa dövlətlərlə və beynəlxalq aləmlə münasibətlərini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur.

Bu prinsipləri rəhbər tutan Azərbaycanın 1996–cı ildən avrostrukturlara inteqrasiya prosesi sürətlənmiş, nəticədə Avropa Şurası Parlament Assambleyası Bürosunun qərarı ilə respublikamıza 1996–cı il iyunun 28–dən təşkilatda “xüsusi qonaq statusu” ilə təmsil olunmaq imkanı yaradılmışdır. Bu, milli qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla əlaqə və dialoqun intensivləşməsinə daha geniş imkanlar açmışdır. Eyni zamanda ulu öndər Heydər Əliyevin 8 iyul 1996–cı il tarixli “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında”, 20 yanvar 1998–ci il tarixli “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, habelə 14 may 1999–cu il tarixli “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında” sərəncamları Avropa Şurasına üzvlük üçün tələb olunan hüquqi–siyasi prosedurların sürətlə keçilməsinin işlək mexanizmlərini hazırlamağa imkan vermişdir.

Azərbaycanın hüquqi dövlət və humanizm ideallarına sadiqliyini təsdiqləyən daha bir mühüm hadisə isə Avropa Şurasına üzvlüyə qədər ölüm hökmünün tamamilə ləğvi olmuşdur. Təşkilatın 1983–cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapmışdır. 1993–ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulması, 1995–ci ildə əfv komissiyasının bərpası, 1998–ci ilin 10 fevralında ölüm cəzasının tam ləğvi ulu öndərin daxilən yüksək humanizm, insanpərvərlik kimi keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir.

Ulu öndər insanları bağışlamaqla dövlətin, onun rəhbərinin vətəndaşlara humanist münasibətini də daim önə çəkmişdir. 1996–2003–cü illərdə 32 əfv fərmanının, 8 amnistiya aktının imzalanması deyilənləri bir daha təsdiqləyir. Ölüm hökmü cəzasının ləğvi, amnistiya və əfv fərmanlarının imzalanması ciddi tərbiyəvi məzmun kəsb edərək ağır və xüsusilə ağır cinayətlərin sayının azalmasına gətirib çıxarmışdır.

Azərbaycan 2001–ci ilin 17 yanvarında qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilmişdir. 2001–ci il dekabrın 25–də respublikamızın qanunverici orqanı olan Milli Məclis “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməklə demokratik ənənələrə, ədalətə, insanlar üçün əsas hüquq və əsas azadlıqların təminatına yüksək sadiqlik nümayiş etdirmişdir. 15 aprel 2002–ci il tarixdə ratifikasiya sənədi depozitə edilmək üçün Avropa Şurasının Baş katibinə təqdim olunmuş, bununla da ölkə vətəndaşlarının Avropa İnsan hüquqları Məhkəməsinə müraciət etmək imkanı reallaşmışdır.

Konstitusiyanın qəbulu və avrostrukturlara inteqrasiya prosesi Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət–Prosessual, Mülki və Mülki–Prosessual Məcəllənin, habelə məhkəmə–hüquq sistemi ilə bağlı yeni qanunların hazırlanmasının da uğurlu əsasını qoymuşdur. Ulu öndər Heydər Əliyevin 21 fevral 1996–cı il tarixli fərmanı ilə yaradılmış Hüquq İslahat Komissiyası bu və digər qanunların təkmil beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Komissiya tərəfindən hazırlanmış “Məhkəmələr və hakimlər haqqında” 10 iyun 1997–ci il tarixli, “Konstitusiya Məhkəməsi haqqında” 21 oktyabr 1997–ci il tarixli Azərbaycan Respublikası qanunları, habelə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998–ci il tarixli “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında” və 1 dekabr 1998–ci il tarixli “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” fərmanları insan hüquq və azadlıqlarının təminatına xidmət məhkəmə–hüquq islahatlarının həyata keçirilməsində yeni səhifə açmışdır.

BMT–nin 1985–ci il 29 noyabr tarixli qətnaməsi ilə bəyənilmiş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsipləri”ndə və başqa beynəlxalq sənədlərdə təsbit olunmuş normaları hüquqi baxımdan özündə əks etdirən “Məhkəmələr və hakimlər haqqında” qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, şəffaf və obyektiv prosedur əsasında aparılması zəruri tələb kimi qarşıya qoyulmuş, bu fakt məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi baxımından ciddi siyasi iradə nümayişi olmuşdur. 2000–ci ildə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq hakim vəzifəsinə seçkilərin test üsulu ilə keçirilməsi isə məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi baxımından müsbət təcrübənin formalaşmasına yaxşı imkanlar açmışdır.

Ümumilikdə, respublikamızda üçpilləli məhkəmə sisteminin formalaşdırılması, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, vətəndaşlara Konstitusiya Məhkəməsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə birbaşa müraciət imkanının verilməsi, Azərbaycan Konstitusiyasında ilk dəfə 2004–cü il 24 avqust tarixdə insan hüquqlarına dövlət təminatını gücləndirən mütərəqqi əlavə və dəyişikliklərin edilməsi, respublikamızın mühüm beynəlxalq konvensiyalara qoşulması ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu siyasətinin ən qabarıq məqamları kimi diqqəti çəkir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, məhkəmələrdə dövlət ittihamının daha mütərəqqi prinsiplər əsasında aparılması istiqamətində mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin Konstitusiyaya uyğunlaşdırılması olmuşdur. Azərbaycanda cəmiyyətin dinamik inkişafı, yeni iqtisadi–siyasi, hüquqi münasibətlərə keçid, habelə Avratlantik məkana sürətli inteqrasiya prosesi prokurorluğun funksiyalarına və statusuna yenidən baxılmasını zərurətə çevirmişdir. Keçmiş sovet dövlətində prokurorluq mahiyyətcə sinfi xarakter daşımaqla, qeyri–məhdud səlahiyyətlərə malik idi. Hakimiyyət bölgüsünün olmadığı bir şəraitdə prokurorluq bəzən məhkəmələrə, hətta Konstitusiya Məhkəməsinə aid bir sıra funksiyaları həyata keçirirdi. Bu status ölkənin demokratik inkişafı ilə uzlaşmadığından, prokurorluq sistemində genişmiqyaslı islahatların aparılması vacib idi. Prokurorluqda aparılan islahatların əsas məqsədi bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət idi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1993–cü ildən etibarən hərtərəfli islahatların həyata keçirildiyi bir şəraitdə prokurorluğun bu proseslərdən kənarda qalması, yığılıb qalmış problemlərin həlli istiqamətində səmərəli tədbirlərin görülməməsi məsələyə dövlət başçısı səviyyəsində müdaxilə edilməsi zərurətini yaratmışdır. Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995–ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Ali Qanunda ilk dəfə olaraq respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericik qaydasında təsbit edilmişdir. Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 26 aprel 2000–ci il tarixdə keçirilən geniş müşavirədən sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliyi aparılmış, onun fəaliyyəti üçün zəruri normativ–hüquqi baza yaradılmışdır. Həmin tarixi müşavirədə ulu öndər prokurorluq orqanlarında çatışmazlıqları vurğulamaqla yanaşı, bu sistemdə çalışanlara etimadını və rəğbətini də açıq izhar etmişdir: “…Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır”.

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1999–cu il 7 dekabr tarixində “Prokurorluq haqqında” qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. 2002–ci il sentyabrın 19–da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Azərbaycan Prokurorluğu bu hüququ ictimai həyatın ayrı–ayrı sahələrinin hüquqi tənzimlənməsindəki çatışmazlıqlar haqqında Milli Məclisə məlumatlar verməklə, habelə müvafiq qanun layihələrini ali qanunverici orqana təqdim etməklə həyata keçirir.

Ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən dövlət başçısı İlham Əliyev ötən 10 ildə ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Müasir dövrdə hüquq–mühafizə orqanlarında, ümumən məhkəmə–hüquq sistemində həyata keçirilən islahatlar konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq, zəhmət tələb edən, sonu görünməyən prosesdir. Dövlət başçısı İlham Əliyev qısa müddətdə prokurorluq orqanlarının insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, dövlət ittihamının tam demokratik, şəffaf, azad şəkildə həyata keçirildiyi ali instansiyaya çevrilməsinə, cəmiyyətdə yüksək etimad qazanmasına çalışmışdır. Bu islahatların başlıca məqsədi, eyni zamanda, prokurorluğun insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəçisinə çevrilməsini təmin etmək, onun mütəşəkkil cinayətkarlıqla, o cümlədən korrupsiya ilə mübarizədə imkanlarını daha da genişləndirməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2006–cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanının 7–ci bəndində Azərbaycan Respublikası Prokurorluğuna yeni məhkəmələrin yaradılması ilə bağlı məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində müvafiq dəyişikliklər etmək tövsiyə edilmişdir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanda məhkəmələrlə yanaşı, prokurorluq orqanlarına da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və təşkili, onun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə olunmuşdur. Bununla əlaqədar Baş Prokurorluq “Cinayət təqibi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2006–cı il tarixli “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamında Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına, məhkəmələrinə və Baş Prokurorluğuna normativ–hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi tövsiyə olunmuşdur. Həmçinin Milli Məclisə qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında, habelə respublikamızın tərəfdar çıxdığı beynəlxalq sənədlərdə əks etdirilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, Azərbaycan Respublikasının normativ–hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi məsləhət görülmüşdür. Yeri gəlmişkən, bu sənədin davamı olaraq imzalanmış 2011–ci il 27 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”nda da prokurorluq oqanlarının qarşısına bir sıra məsul vəzifələr qoyulmuşdur. Son 10 ildə ölkədə beynəlxalq tələblər səviyyəsində həyata keçirilən hüquq islahatları deməyə əsas verir ki, hələ 10 il əvvəl prezident seçkiləri ərəfəsində hər bir vətəndaşın layiqli Prezidenti olacağını bəyan etmiş cənab İlham Əliyev bu vədini əməli işi ilə doğrultmuş, cəmiyyətin hüquq sisteminin daha da təkmilləşdirilməsini uğurla təmin etmişdir. Bu yüksək diqqət və qayğının nəticəsi kimi, ölkənin məhkəmə–hüquq sistemi yüksək dinamizmlə inkişaf etmiş, insan hüquq və azadlıqlarının təmini prosesində yeni mərhələnin əsası qoyulmuşdur. Ölkə vətənşları inanır ki, Azərbaycanda demokratiyanın tam bərqərar olmasına və vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən bu islahatar qarşıdakı illərdə də inamla davam etdiriləcəkdir.

Eldar ƏHMƏDOV
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə
istintaq idarəsinin rəisi
III dərəcəli dövlət ədliyyə müşaviri