«« Geri


Prokurorluq orqanlarında mütərəqqi islahatların banisi
( 5 may 2013-cü il, Respublika qəzeti )

Xalqımızın müdrik oğlu, unikal idarəçilik keyfiyyətləri və təşkilatçılıq istedadı ilə müasir Azərbaycanın müstəqil dövlətçiliyinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin ölməz ideyaları milli inkişafımızın əbədi rəhninə çevrilmişdir. Birinci dəfə respublika rəhbəri seçildiyi vaxtdan, 1969–cu ildən başlayaraq ulu öndərimiz xalqın gələcəyi naminə misilsiz xidmətlər göstərmişdir. Həmin dövr çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir.

Respublikaya rəhbər seçildikdən sonra ulu öndər cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmiş, hüquq–mühafizə sistemində—milis, prokurorluq və məhkəmə orqanlarında sağlam mənəvi mühitin formalaşdırılması üçün qətiyyətli addımlar atmış, cinayətkarlığa qarşı, xüsusən, ictimai əmlakın və dövlət əmlakının mənimsənilməsi hallarına qarşı səmərəli mübarizə mexanizmlərinin tətbiqinə nail olmuşdur. 1970–ci illərin əvvəllərindən başlayaraq Azərbaycanda rüşvətxorluğa, oğurluğa, hüquqa və mənəviyyata zidd digər təzahürlərə qarşı aparılan amansız mübarizənin əks–sədası bütün İttifaqa yayılmış, respublika rəhbəri kimi Heydər Əliyevin əzmkarlığı və qətiyyəti ona xalq arasında geniş rəğbət, ali dövlət orqanlarında isə etimad və etibar qazandırmışdı.

Ümummilli lider Heydər Əliyevin hələ o dövrdən idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək olmuşdur. Heydər Əliyev o vaxtdan insanlarla ünsiyyətdə olmağı, onların üzləşdiyi çətinlikləri yerindəcə öyrənib təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəçilikdə müsbət ənənə kimi yaratmış, dövlət məmurlarının sadə xalq kütlələri ilə münasibətlərində hər cür baryerə, bürokratik əngəllərə qarşı çıxmışdır.

Böyük strateq Heydər Əliyevin yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən danışarkən kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılmasını, daha çox yüksək mənəvi–əxlaqi keyfiyyətləri, intellektual imkanları və yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə, xüsusən də milli kadrlara üstünlük verilməsini vurğulamaq lazımdır. Azərbaycanlı yeniyetmələrin hərbi təhsilə cəlb edilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin—Bakıda orta təhsil səviyyəsində hərbi məktəbin yaradılması, həmin məktəbə xalqımızın igid övladlarından olan böyük sərkərdə Cəmşid Naxçıvanskinin adının verilməsi, respublikamızın ən ucqar yerlərindən belə bu məktəbə müdavimlərin qəbul edilməsi ulu öndərimizin milli ənənələrə sadiq hərbçi kadrların, gələcəkdə dövlət idarəçiliyində fəal iştirak edə biləcək nüfuzlu mütəxəssislərin yetişdirilməsinə göstərdiyi diqqətin bariz ifadəsi olmuşdur.

Ulu öndərin həmin illərdə minlərlə gəncin respublikamızın hüdudlarından kənarda yüksək təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi isə onun xeyirxahlığının və uzaqgörənliyinin daha bir nümunəsidir. 1970–80–ci illərdə 10 mindən artıq azərbaycanlı gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksəkixtisaslı, vicdanlı və peşəkar hüquqşünas kadrların hazırlanması, hüquq–mühafizə sisteminin sağlamlaşdırılması məsələsinə də qayğı ilə yanaşmışdır.

Ulu öndər ötən əsrin 70–80–ci illərində böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda öz tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət–ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. O dövrdə repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Bundan başqa, rus dilinin az qala rəsmən dövlət dili səviyyəsində qəbul edilmək üzrə olduğu bir zamanda respublikaya rəhbər təyin olunan Heydər Əliyev keçmiş Azərbaycan SSR Ali Sovetinin plenumlarında azərbaycan dilində çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi mesajını vermiş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə əxz etmişdir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmzlərə və atributlara münasibəti də hər zaman həssas olmuşdur. Hələ 1978–ci ildə Azərbaycan SSR–in Konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi sahəsində nümayiş etdirdiyi rəşadəti xüsusi xatırlatmaq lazımdır. Ümummilli lider Heydər Əliyev 1993–cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamışdır. Ulu öndər hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm olaraq yaxşılaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. Son 20 ildə respublikamızda cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan mütərəqqi yeniliklər zamanın tələbləri ilə səsləşmiş, cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, ən başlıcası, insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini özündə maksimum səviyyədə ehtiva etmişdir.

Prezident İlham Əliyevin 21 yanvar 2013–cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir”. Son 22 illik müstəqillik yolunda əldə etdiyimiz böyük nailiyyətlərin məhz ictimai–siyasi sabitlik amili ilə şərtləndiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. İctimai həyatın bütün sahələri üzrə yeniləşən respublikamızda sabitliyin, qanunçuluğun, hüquq qaydalarının təminatında, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun yaxşılaşdırılmasında, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan Respublikası Prokurorluğunun da müstəsna xidmətləri vardır. Ötən müddətdə qanunvericilikdə nəzərdə tutulmamış qanunsuz silahlı dəstələrin dövlət çevrilişləri cəhdlərinin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizənin düzgün təşkilində və son nəticədə cəmiyyətin normal inkişaf harmoniyasının qorunub saxlanılmasında prokurorluq orqanlarının rolu müstəsnadır. Prokurorluq orqanlarının 1990–1993–cü illərdə formalaşmış mənfi reputasiyadan xilas olaraq cəmiyyətdə yüksək ictimai inam qazanması, xalqın, dövlətin sadiq keşikçisinə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi islahatların nəticəsidir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, qanunçuluğun bərpası, məhkəmələrdə dövlət ittihamının daha mütərəqqi prinsiplər əsasında təşkili istiqamətində həyata keçirilən mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin Konstitusiyaya uyğunlaşdırılması olmuşdur. Azərbaycanda cəmiyyətin dinamik inkişafı, yeni iqtisadi–siyasi, hüquqi münasibətlərə keçid, habelə Avratlantik məkana inteqrasiya Prokurorluğun funksiyalarına və statusuna yenidən baxılmasını zəruri etmişdi. Keçmiş sovet dövlətində prokurorluq mahiyyətcə sinfi xarakter daşımaqla qeyri–məhdud səlahiyyətlərə malik idi. Hakimiyyət bölgüsünün olmadığı bir şəraitdə prokurorluq bəzən məhkəmələrə, hətta Konstitusiya Məhkəməsinə aid bir sıra funksiyaları da həyata keçirirdi. Bu status ölkənin demokratik inkişafı ilə uzlaşmadığından prokurorluq sistemində genişmiqyaslı islahatların aparılması vacib idi.

Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995–ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət qulluğu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Prokurorluqda aparılan islahatların əsas qayəsi bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə qəbul olunmuş və 7 dekabr 1999–cu il tarixdə qüvvəyə minmiş “Prokurorluq haqqında” qanunun müstəsna əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Mütərəqqi ruhlu qanunda prokurorluğun totalitar rejimə xas olan funksiyalardan azad olması, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Bununla da qanunçuluq, fiziki şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik, faktlara əsaslanma, vahidlik, mərkəzləşmə, siyasi bitərəflik prokurorluğun fəaliyyətinin əsas prinsipləri kimi müəyyən edilmişdir.

“Prokurorluq haqqında” qanun son dərəcə mütərəqqi mahiyyətli sənəd olsa da, müəyyən müddət mühafizəkar qüvvələrin müqaviməti ilə qarşılaşmış, demək olar ki, icra edilməmişdir. Ümummilli lider Heydər Əliyev 26 aprel 2000–ci il tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi tarixi əhəmiyyətli müşavirədə prokurorluq orqanlarında yaranmış qeyri–sağlam mühiti, vəzifədən sui–istifadə, istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, özəl sektorun inkişafı yolunda ciddi maneəyə çevrilən qanunsuz yoxlamaların keçirilməsi kimi neqativ halları kəskin tənqid etmişdir. Eyni zamanda, ümummilli lider bu problemlərin aradan qaldırılması üçün qısa müddətdə ən sərt tədbirlərin görülməsini prokurorluğun yeni rəhbərliyinin qarşısında məsul vəzifə kimi müəyyənləşdirmişdir.

Prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət daşıyan bu müşavirədən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verilmiş, qanunun aliliyi prinsipinin reallaşması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması onun fəaliyyətinin əsas istiqaməti olmuşdur.

Ulu öndər Heydər Əliyevin apardığı hüquqi islahatlar çərçivəsində keçirilən referendumun nəticəsi olaraq 2002–ci il sentyabrın 19–da qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər nəticəsində prokurorluq orqanlarına qanunvericilik təşəbbüsü hüququ verilməsi də bu orqanlara göstərilən etimadın göstəricisidir. Beləliklə, prokurorluq orqanlarına insan hüquq və azadlıqları sahəsində praktiki fəaliyyətlə yanaşı, qanun yaradıcılığı, demokratikləşmə və vətəndaş quruculuğu prosesində fəal iştirak imkanları da yaranmışdır. Sonrakı dövrdə də ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə prokurorluq orqanlarında islahatlar məqsədyönlü şəkildə davam etdirilmişdir. Son on ildə bu sahədə həyata keçirilən tədbirlər nəticəsində prokurorluğun insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəçisinə çevrilməsi təmin edilmiş, onun mütəşəkkil cinayətkarlıqla, o cümlədən korrupsiya ilə mübarizədə imkanları daha da genişlənmişdir. Korrupsiyaya qarşı qətiyyətli və kəsərli mübarizənin nəticəsi göz qabağındadır, görülmüş tədbirlər barədə ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumatlar verilir. Özü də bu mübarizə ölkə rəhbərinin siyasi iradəsinə söykənir, cəmiyyət həyatının daha da şəffaflaşmasına xidmət edir. Ulu öndərimiz Heydər Əliyev prokuror peşəsinin ağır və çətin, amma eyni zamanda, çox şərəfli, hörmətli peşə olduğunu söyləmiş və bu orqanda çalışanların hər birinin bu peşəyə layiq olmasının vacibliyini bildirmişdir. İnam və etimadın ifadəsi olan bu sözlər bizim üçün gündəlik fəaliyyət meyarı, həm də ruh yüksəkliyi və qürur mənbəyidir. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev prokurorluq orqanları əməkdaşlarının fəaliyyətini daim yüksək qiymətləndirir, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirir.

Ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarının uğurla həyata keçirilməsi, onun yaratdığı möhkəm zəmin üzərində məqsədyönlü iqtisadi islahatların aparılması nəticəsində bu gün Azərbaycan nəinki regionda lider mövqeyə çıxmış, həm də beynəlxalq miqyasda söz sahibi olmuş, BMT Təhlükəsizlik Şurasında təmsil olunaraq dünya siyasətinə təsir göstərmək imkanı qazanmışdır. Bu gün ölkəmizdə əmin–amanlıq, sabitlik hökm sürür, qanunçuluq etibarlı şəkildə qorunur, ictimai asayiş və təhlükəsizlik tam təmin edilir. Xalqımızın, dövlətimizin və Prezidentimizin etimadına layiq olmaq üçün prokurorluq orqanları bu sahədə öhdəsinə düşən məsul və şərəfli vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqdır.

Fəxri ƏLƏSGƏROV
Xəzər rayon prokuroru
baş ədliyyə müşaviri