«« Geri


Heydər Əliyev Fondu ilə tanışlıq Baş Prokurorluğun əməkdaşlarında zəngin təəssüratlar yaratmışdır



Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları mayın 3–də Heydər Əliyev Fondunda olmuşlar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə öz töhfəsini verir. Qeyd olunmuşdur ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının qorunmasına xidmət edən bir dövlət təsisatı kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazasının yaradılması məhz ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir.

Prokurorluğun əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı–ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara, görkəmli siyasi xadimin Moskvada keçmiş SSRİ–nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa etmişlər. Ulu öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən fotoşəkillər və eksponatlar prokurorluğun əməkdaşlarında xüsusi maraq doğurmuşdur. Sonda Fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləmişlər.

Fondla tanışlıq Baş Prokurorluğun əməkdaşlarında zəngin təəssürat yaratmışdır.

Respublika qəzeti
4 may 2013-cü il