«« Geri


DÜNYA SİYASƏTİNİN PARLAQ SİMASI


Qeyri–adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində silinməz iz qoyan böyük şəxsiyyət kimi yaşayacaqdır. Bu dahi şəxsiyyət respublikamızın inkişaf və tərəqqi yolunu müəyyənləşdirmiş, milli–mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin əsaslarını yaratmış, milli ruhun, milli ideologiyanın yüksəlməsinə əvəzsiz töhfəsini vermişdir. Ulu öndərin xilaskarlıq missiyası sayəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtarmışdır. Heydər Əliyev keçmiş SSRİ–də dövlət təhlükəsizlik orqanlarına rəhbərlik edən ilk azərbaycanlı olmaqla bu qurumun yerli kadrlarla formalaşdırılmasına xüsusi diqqət yetirmiş, bu orqanda general–mayor rütbəsinə qədər ucalmışdır.

Heydər Əliyevin siyasi hakimiyyətinin ilk dövrü Azərbaycanın iqtisadi və sosial sahələrdə inkişafı, kənd təsərrüfatı və sənayedə islahatlar, ölkənin güclü inkişafının təməlinin qoyulduğu mərhələ kimi xarakterizə olunur. Uzaqgörən siyasətçi hələ Azərbaycanın SSRİ–nin tərkibində olduğu vaxtlarda onun gələcək müstəqilliyinin əsas təminatlarından olan iqtisadiyyatın güclü təməl üzərində qurulması istiqamətində çalışmış, böyük çətinliklər hesabına mühüm ittifaq əhəmiyyətli sənaye müəssisələrinin respublikamızda açılmasına nail olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan aqrar–sənaye respublikasından sənaye–aqrar respublikasına çevrildi. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi, ölkənin sabahı naminə peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına şərait yaradıldı. Bu illərdə respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Heydər Əliyev bu fəaliyyəti ilə həm də gələcək müstəqil Azərbaycanın möhkəm özülünü, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının əsasını qoymuşdur.

Təcrübəli hüquq–mühafizə orqanı işçisi kimi rüşvətxorluq və korrupsiya hüquqpozmalarının iqtisadiyyata, bütövlükdə ölkənin inkişafına zərərli təsirini yaxşı bilən Heydər Əliyev siyasi hakimiyyətə gəlişinin ilk vaxtlarından bu istiqamətdə də ciddi mübarizəyə başlamışdır. Ulu öndərin Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi təyin ediləndən sonra haqq–ədalətin bərqərar olması, dövlət–vətəndaş münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, demokratik dəyərlərə söykənən sivil cəmiyyətin yaradılması istiqamətində köklü işlər görüldü. Heydər Əliyev Sovet hakimiyyəti dövründə mövcud olan neqativ halların, xüsusilə də rüşvətxorluğun aşkar edilməsində və ona qarşı mübarizə aparılmasında daim cəsarətli addımlar atmışdı.

Ümummilli liderin 1969–cu ilin 5 avqust plenumunda məruzəsi o vaxtkı Sovetlər Birliyində, eləcə də SSRİ–dəki bütün prosesləri diqqətlə izləyən bir sıra xarici ölkə mətbuatında əsl hadisəyə çevrildi. Respublikanın rəhbəri Heydər Əliyevin məruzəsində daha çox çatışmazlıqlardan danışılırdı. Tarixi avqust plenumunun iştirakçıları və şahidləri söyləyirlər ki, bu bütün Sov.İKP–nin və SSRİ–nin tarixində yeganə tədbir idi ki, belə tənqidi ruhda keçirdi.

Bu mövzuda xarici mətbuatın o dövrdə yazdıqları olduqca maraqlıdır: “Röyter” agentliyi 11 avqust 1969–cu ildə yazırdı: “Ötən ay Azərbaycan Partiya Komitəsinə rəhbər seçilən bu şəxs Zaqafqaziya sovet respublikası olan Azərbaycanda yüksək vəzifəli şəxslər arasında korrupsiya və mənəvi durğunluq halları barədə qeyri–adi bəyanat səsləndirib…”. “Azadlıq” radiosunun rus dilində 12 avqust 1969–cu il buraxılışından bir parça: “Bakı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Azərbaycan SSR–in bir sıra məsul dövlət və partiya işçisinin rüşvətxorluq və əxlaqazidd hərəkətlərini ifşa eləyən bəyanatla çıxış etmişdir… O, günahkarların ifşa olunmasını və rüşvətxorluqla amansız mübarizə aparılmasını tələb etmişdir. Bundan başqa, Əliyev təsdiqləmişdir ki, Azərbaycan SSR–in bir çox məsul əməkdaşı qohumbazlıqla vəzifəyə yiyələnib”.

“Morninq star” qəzeti 12 avqust 1969–cu il: “Cənab Əliyev bəzi vəzifəli şəxslərin mənəviyyatsızlığını və özünüaparma qaydalarının pozulmasını kəskin tənqid etmişdir… O, respublikada idarə üsulunu, kadrların seçilərək yerləşdirilməsini kəskin tənqid etmişdir…”. “Yeni həyat” (Türkiyə) 30 avqust 1969–cu il: “N.S.Xruşşov dövründən bəri ilk dəfə belə yüksək mənsəb sahibi olan bu qədər şəxsə qarşı belə ağır ittiham səsləndirilmişdir…”.

Göründüyü kimi, hələ o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyev “Qoy, ədalət zəfər çalsın!” prinsipindən çıxış edərək qanuna, hüquq qaydalarına əməl olunmasını əsas amil kimi götürərək ardıcıl tədbirlər həyata keçirməyə başlamışdır. Ümummilli lider hələ o vaxt sovet qanunlarının sərtliyinə baxmayaraq, öz xalqının hüquqları uğrunda mübarizə aparmış, bir sözlə, haqqı nahaqqa qurban verməmiş, mütərəqqi fikirli ziyalıları təqiblərdən qoruyub saxlaya bilmişdir.

Tarixə çevrilən 5 avqust 1969–cu il plenumu, sözün həqiqi mənasında, Azərbaycanın ictimai–siyasi həyatında bir dönüş yaratdı. Plenumdan dərhal sonra respublikanın iqtisadiyyatında canlanma yarandı, korrupsiya ilə mübarizə dönməz xarakter aldı.

Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində bu və digər nöqsanları açıq qeyd edir, sovet cəmiyyətinin eybəcərliklərini deməkdən çəkinmirdi. Bu baxımdan, onun 1981–ci il dekabrın 19–da “Literaturnaya qazeta”da dərc olunmuş məşhur “Qoy ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsini xüsusi xatırlatmaq lazımdır. Ulu öndər 2000–ci ilin 22 iyulunda məhz həmin müsahibədən dərhal sonra böyük sensasiyanın yarandığını xatırladaraq demişdir: “Xatirimdədir, o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həm də Siyasi Büronun üzvü idi. O, bir neçə gündən sonra mənə telefon etdi. Dedi ki, sənin bu müsahibən böyük bir sensasiya yaradıbdır. Soruşdum ki, nə mənada? Cavab verdi ki, müsbət də var, mənfi də var. Soruşuram ki, nəyi müsbətdir, nəyi mənfidir? Deyir, müsbət odur ki, insanlar bizim cəmiyyətdəki bu yaraları görürlər və sevinirlər ki, kimsə cəsarət edib bunları açıq deyir. Özü də bunu aşağıda yox, ən yüksək vəzifədə çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar da var. Soruşuram ki, niyə? Bildirir ki, çünki onlar bunun açılmağını istəmirlər. O vaxt bir çox belə yazılar olub. İstəsəniz, axtarın, tapın, oxuyun”.

Azərbaycan rəhbərinin rüşvətxorluğa qarşı mübarizəsi haqqında məlumat alan Sov.İKP MK–nın baş katibi L.Brejnev xüsusi olaraq bu məsələ barəsində Heydər Əliyevlə söhbət edir. Heydər Əliyev onu inandırır ki, belə hallar var. Heydər Əliyev özü bu barədə belə demişdi: “Həmin 80–70–ci illərdə Azərbaycan bütün müxtəlif respublikalar arasında hər cəhətdən çox yaxşı olması ilə seçilirdi, özü də təkcə iqtisadi göstəricilərinə görə yox. Ancaq o vaxtlar Sovetlər İttifaqında belə hallar olduğunu etiraf etməyə qorxurdular. Mən isə elan etdim ki, Azərbaycanda rüşvətxorluq, korrupsiya var və bunlara qarşı mübarizə aparmaq lazımdır, yəni Azərbaycan açıqlıq baxımından, aşkarlıq baxımından müsbət mənada fərqlənirdi”. 1970–71–ci illərdə Lənkəran və Balakən rayonlarında partiya, sovet və təsərrüfat orqanlarının işində böyük çatışmazlıqlar, kobud qanun pozuntuları aşkar edilmişdi. Başlanmış cinayət işlərinin dərindən istintaq edilməsi nəticəsində Lənkəran rayonundan 1198 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş və müxtəlif səviyyələrdə şəxslər məhkum edilmişdi. Balakən rayonunda ifşa edilmiş cinayətkarlar içərisində rayon partiya komitəsinin birinci katibi, rayon icraiyyə komitəsinin sədri, kənd təsərrüfatı idarəsinin rəisi və başqa məsul şəxslər var idi.

Azərbaycan rəhbəri Heydər Əliyevin prinsipial və barışmaz mübarizəsi, məqsədyönlü fəaliyyəti nəticəsində Lənkəran və Balakən rayonlarında neqativ halların aradan qaldırılması üçün ciddi tədbirlər görüldü, onların iqtisadiyyata vurduğu zərərli nəticələr aradan qaldırılmağa başlandı. Bu iki rayon üzrə baş vermiş böyük mənimsəmələr və digər sui–istifadə halları haqqında Azərbaycan KP MK–nın həyata keçirdiyi tədbirlər 10 dekabr 1975–ci il tarixli qərarda göstərilirdi. Bundan sonra cinayətkarlığa qarşı mübarizə ardıcıl həyata keçirilən siyasətə çevrilir. Azərbaycan KP MK–nın 1975–ci il aprelin 24–də təsdiq etdiyi “Cinayətkarlıqla, ümumi mülkiyyətin dağıdılması və oğurlanmasına qarşı tədbirlər planı” inzibati orqanlar, rayon partiya – sovet təşkilatları və rəhbər vəzifəli şəxslər üçün proqram sənədi oldu.

Görkəmli dövlət xadimi kimi Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982–1987–ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev böyük dövlətçilik psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu rejimin yaratdığı təqiblər və ayrı–seçkilik sisteminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir. Nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində bütün SSRİ–də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda Sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi.

1983–cü ildə Heydər Əliyevin ünvanına dəmir yolunda geriliyin aradan qaldırılması, qarşıda duran vəzifələrin həyata keçirilməsi haqqında vətəndaşların müxtəlif təklif və arzularını əks etdirən saysız məktubları daxil olurdu. Bunlarla yanaşı, sərnişin daşınmasının təşkilində ciddi çatışmazlıqlar, qatarların gecikməsi, qatar və vağzallarda sərnişinlərə xidmətin pis təşkili, sərnişinlərə qulluq xidmətinin aşağı səviyyədə olması, yüklərin itməsi və digər məsələlər barədə şikayətlər gəlirdi.

Bütün məktubları, ərizələri, məlumatları diqqətlə nəzərdən keçirən Heydər Əliyev 1983–cü il avqustun 13–də onları nəzarətdə saxlamaqla baxılmaq üçün SSRİ yollar nəqliyyatı naziri Konarevə göndərmişdi. O, nazirə məktubda yazırdı: “Xahiş edirəm, zəhmətkeşlərin məktublarında qoyulan məsələlərə baxın və zəruri tədbirlər görün”.

M.Qorbaçov Heydər Əliyevi ciddi rəqib hesab edirdi. Belə bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Xalqımızın böyük oğlu o zaman, həm də Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. M.Qorbaçovun yeritdiyi yarıtmaz siyəsətə etiraz olaraq Heydər Əliyevin istefa verməsindən dərhal sonra erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün fəal mübarizəyə başladılar. Dahi şəxsiyyətimiz bu dövrdə həm Moskvadan, həm də Azərbaycandakı dönüklərdən vurulan ağır zərbələrə məruz qaldı. Ulu öndər Heydər Əliyev sovet rejimi şəraitində belə milli lider səviyyəsinə yüksəlmişdi. Heydər Əliyev və onun fəaliyyəti dövrü Azərbaycan xalqının inkaredilməz gerçək tarixidir. Ulu öndər düşüncələri, biliyi, uzaqgörənliyi, dünyagörüşü, fəaliyyəti, bütün varlığı və yerinə yetirdiyi tarixi missiya ilə millətin atasına çevrilmişdi. Bütövlükdə, ölkə daxilində və xaricdə Azərbaycan xalqının biliyinə, bacarığına qiymət verənlər, ilk növbədə Heydər Əliyevi gözləri önünə gətirirdilər.

Əbəs deyil ki, Heydər Əliyev sonralar deyirdi: “Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişdirə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı”. 1993–cü ilin iyununda—Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc–mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtda faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdi. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Girovgötürmə kimi çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. Faktiki olaraq dövlət idarə olunmurdu. Azərbaycanı xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan insanlar ölkəni milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Azərbaycan xarici aləmdəki olan–qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Daşnakların “böyük Ermənistan” yaratmaq niyyətləri, tarixi düşmənlərimizin—qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib götürmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı. Bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş çırağı Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı—dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman— 1993–cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi.

Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq dövlət müstəqilliyimizin qorunub saxlanılması və inkişafı üçün taleyüklü problemlərin hamısını həll etdi: atəşkəsə nail olundu, müstəqilliyin qarantı olan ordu quruculuğuna başlanıldı. Dövlət başçısının gördüyü tədbirlər nəticəsində respublikamızda müstəqilliyin yaşaması üçün ictimai–siyasi sabitlik bərqərar edildi və cinayətkarlığın səviyyəsi azaldıldı. Xarici siyasət milli maraqlara uyğunlaşdırıldı. Uğurlu neft strategiyasının təməli qoyuldu. 1995–ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu və bununla da demokratik quruluşun və hüquqi dövlətin əsası qoyuldu. Ulu öndərin təşəbbüsü ilə məhkəmə–hüquq islahatlarına başlanıldı. Tez bir zamanda Azərbaycanın hüquq sistemi Avropa standartlarına uyğunlaşdırıldı. Dövrün, zamanın tələblərinə cavab verən normativ–hüquqi aktlar qəbul edildi. Beynəlxalq konvensiyaların milli qanunvericiliyə uyğunlaşdırılması həyata keçirildi. Ulu öndərin gərgin əməyi nəticəsində yeniləşən cəmiyyətdə prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən hüquqi bazanın yaradılması mümkün oldu. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğun təşkili və fəaliyyətini, hüquqi statusunu müəyyənləşdirən normalar nəzərdə tutulmuş, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və prokurorluğun fəaliyyəti ilə bağlı digər mühüm normativ–hüquqi aktlar qəbul olunmuşdur. Prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirildiyini yüksək qiymətləndirən ulu öndər Azərbaycan Respublikası Prokurorluğu orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda demişdir: “Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.

Prokurorluq orqanlarına dövlət qayğısının ifadəsinin təzahürü olaraq ulu öndərin 17 iyul 1998–ci il tarixli sərəncamı ilə 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edildi. Qeyd etmək zəruridir ki, Heydər Əliyevin 1998–ci il 22 yanvar tarixli bəyanatı, Azərbaycan Respublikasının Milli Məclisinə 1998–ci il 3 fevral tarixli müraciəti və bunların məntiqi nəticəsi olaraq ölkəmizdə ölüm hökmünün ləğv edilməsi Azərbaycanın rəhbərinin düşünülmüş, məntiqli, cəsarətli bir addımı idi.

Ulu öndər 1993–cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994–cü tarixli fərman verilməklə mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə sahəsində konkret istiqamətləri müəyyənləşdirildi.

Hələ ötən əsrin 70–80–ci illərində olduğu kimi, müstəqillik dövründə də Heydər Əliyev korrupsiyaya qarşı ciddi mübarizə aparırdı. Heydər Əliyev Nazirlər Kabinetinin 18–19 iyul 1996–cı il tarixli geniş iclasında yekun nitqində deyirdi: “Vəzifədən sui–istifadə etmək halları, rüşvətxorluq, korrupsiya—bu bizim cəmiyyətimizin ən böyük bəlasıdır. Təəssüflər olsun ki, bu hallar azalmaq əvəzinə respublikada daha da yayılır. Kimlərdir bu işlərlə məşğul olanlar? Vəzifəli şəxslər, dövlət orqanlarında hökumət orqanlarında, inzibati orqanlarda, başqa orqanlarda işləyən şəxslər”. Ulu öndər belə hallara qarşı ciddi mübarizə aparmaq lazım olduğunu mühüm bir vəzifə kimi qarşıya qoyurdu: “Mən həyatım boyu bu hallarla mübarizə etmişəm və həyatımın sonuna qədər mübarizə edəcəyəm”. Heydər Əliyev göstərirdi ki, bu hallar bizim mənəviyyatımıza zidd olan hallardır. İnsanları bizdən narazı salır və heç kəs bu hallara haqq qazandıra bilməz.

Ölkəmizdə azad sahibkarlıq və özəl sektorun inkişafı yolunda maneələrin aradan qaldırılması, onların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən müxtəlif vaxtlarda verilmiş fərman və sərəncamların icrası istiqamətində görülən tədbirlər korrupsiyaya qarşı mübarizə işində çox mühüm rol oynadı. Xarici ölkələrlə, xarici şirkətlərlə qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişaf etdirilməsini, xarici sərmayənin Azərbaycana yatırılmasına geniş şərait yaradılmasını, özəl sektorun inkişaf etdirilməsini üçün bütün imkanlardan istifadə edilməsini ulu öndər mühüm bir vəzifə kimi qarşıya qoyurdu. Heydər Əliyevin hələ 1996–cı il iyunun 7–də imzaladığı “İstehsal, xidmət, maliyyə–kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” fərmanı özəl sektorun inkişaf etdirilməsi, bazar iqtisadiyyatının, sahibkarlığın inkişafına şərait yaradılması məqsədi daşıyan çox mühüm sənəd oldu.

Ulu öndərin təşəbbüsü ilə 2000–ci ildən etibarən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü ilə mübarizə tamamilə yeni müstəviyə qaldırılmış, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 8 iyun 2000–ci il tarixli fərmanı ilə Avropa məkanına sürətlə inteqrasiya olunan ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlanılmışdır.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu ardıcıllıqla davam etdirən Prezident İlham Əliyevin siyasi kursunun əsas istiqamətini təşkil edən korrupsiya ilə mübarizə sahəsində görülən kompleks tədbirlər, xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının qəbulu və müvəffəqiyyətlə icrası, prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimadın təzahürü kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, ölkəmizin Avropa Şurası tərəfindən qəbul edilmiş və korrupsiya ilə mübarizədə beynəlxalq nəzəriyyə və təcrübəni özündə əks etdirən “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki–hüquqi məsuliyyət haqqında” və BMT–nın “Korrupsiya əleyhinə” konvensiyalara qoşulması və milli qanunvericiliyə uyğunlaşdırılması həyata keçirilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlverişli hüquqi zəmin yaratmışdır. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyasını həyata keçirən və əsas vəzifələrindən biri korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası tərəfindən dövlət orqanlarının və digər qurumların fəaliyyəti uğurla əlaqələndirilərək məhsuldar əməkdaşlığa nail olunmuşdur.

Heydər Əliyevin Azərbaycanın dövlət başçısı olduğu dövrdə imzaladığı fərman və sərəncamlar respublikada hüquqi, demokratik dövlət quruculuğunda, müstəqil respublikanın möhkəmləndirilməsi və inkişafında, sosial–iqtisadi islahatların həyata keçirilməsi və cəmiyyət həyatının demokratikləşdirilməsində əsas proqram və normativ–hüquqi bazadır. Məhz ulu öndərin təməlini qoyduğu siyasət nəticəsində Azərbaycan Respublikasında korrupsiyaya qarşı milli mübarizə strategiyası konseptual xarakter daşıyır. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması istiqamətində qanunvericilik və institusional tədbirlər bu gün də müvəffəqiyyətlə davam etdirilir.

Bu gün Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən ardıcıl olaraq mülki cəmiyyət və hüquqi dövlət prinsiplərini həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi qəbul edilir. Bu nailiyyətlərin əldə edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca, Heydər Əliyev də yaşayacaq, tarixi tədqiqatların obyekti olaraq qalacaq, ona həsr olunmuş yüzlərlə dəyərli əsərlər nəşr ediləcəkdir. Bu əsərlərdə Heydər Əliyev dövrünün mövcud şərtləri altında xalqının mənafeləri naminə fədakarlıqla çalışmış görkəmli dövlət və siyasi xadim olaraq başlıca yer tutacaq.
Kamran ƏLİYEV
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi,
III dərəcəli dövlət ədliyyə müşaviri.