«« Geri


Respublika Hərbi Prokurorluğunun yeni inzibati binası istifadəyə verilmişdir



Mayın 2-də - ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində Respublika Hərbi Prokurorluğunun yeni inzibati binası istifadəyə verilmişdir. AzərTAc xəbər verir ki, açılış mərasimində Baş prokuror Zakir Qaralov, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak etmişlər.

Qonaqlar əvvəlcə binanın birinci mərtəbəsində ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuş, dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən fotoguşəyə baxmış, Heydər Əliyev irsinin araşdırılması məqsədilə yaradılmış müasir elektron kitabxana ilə tanış olmuşlar.

Bildirilmişdir ki, elektron kitabxanada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı nəşr olunmuş kitablar, onun çıxışları, sənədli filmlər və s. yer almışdır.

Müstəqil Azərbaycanda yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev tərəfindən respublikada vətəndaş cəmiyyətinin formalaşması, ictimai münasibətlərin nizama salınması üçün beynəlxalq standartlara cavab verən, ümumbəşəri dəyərləri, milli xüsusiyyətləri özündə əks etdirən yeni qanunvericilik bazası yaradılmışdır. Elektron kitabxanaya baxış zamanı bildirilmişdir ki, Hərbi Prokurorluğun əməkdaşları burada Azərbaycan Respublikasının qanunvericilik toplusu və müxtəlif sahələri əhatə edən normativ-hüquqi aktlarla tanış ola biləcəklər.

Tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək inkişaf etdirilən prokurorluq sistemində qazanılan uğurlardan danışmış, bu nailiyyətləri ölkədə yaradılan sabitliyin və iqtisadi inkişafın nəticəsi kimi qiymətləndirmişdir. Hərbi prokuror dövlətimizin başçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində qazanılan nailiyyətləri vurğulamış, ölkəmizdə prokurorluq orqanlarının fəaliyyətinə, eləcə də Hərbi Prokurorluğa daim diqqət və qayğı göstərildiyini qeyd etmiş, bugünün respublika hərbi prokurorluq orqanlarının əməkdaşları üçün əlamətdar günlərdən biri olduğunu demişdir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirmişdir ki, doqquzmərtəbəli inzibati binanın ümumi sahəsi 3303 kvadratmetr olmaqla, ən müasir standartlara uyğun tikilmiş, bütün zəruri avadanlıq, kompyuter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz olunmuş, mebel və inventarlarla təmin edilmişdir. Binada 62 xidməti otaq, növbətçi hissə, vətəndaşların qəbulu otağı, kitabxana, iclas və kollegiya zalları, kriminalistik laboratoriya, yeməkxana, idman zalı, digər xidməti otaqlar vardır.



Baş prokuror Zakir Qaralov prokurorluq əməkdaşlarını yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik etmiş, onlara şərəfli və məsuliyyətli işlərində nailiyyətlər arzulamışdır.

Zakir Qaralov demişdir ki, Respublika Hərbi Prokurorluğunun mərkəzi aparatının yeni inzibati binasının açılış mərasiminin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinin qeyd edildiyi bir dövrə təsadüf etməsi böyük rəmzi xarakter daşıyır. Çünki müstəqil dövlətçiliyimizin və Azərbaycan Respublikasının ən yeni tarixinin yaradıcısı olan ulu öndər ölkəmizin bütün təsisatlarına, o cümlədən Azərbaycan Respublikasının Prokurorluğuna və onun tərkib hissəsi kimi Respublika Hərbi Prokurorluğuna həmişə qayğıkeş münasibət göstərmiş, onların problemlərinin həlli istiqamətində dövlət səviyyəsində zəruri tədbirlərin görülməsini təmin etmişdir.

Baş prokuror demişdir ki, ölkəmizin müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri suverenliyimizi qorumağa, işğal edilmiş torpaqlarımızı azad etməyə qadir olan Silahlı Qüvvələrin formalaşdırılmasıdır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq ordumuzun döyüş qabiliyyəti və maddi-texniki bazası kifayət qədər möhkəmlənmişdir. Belə bir şəraitdə hərbi intizamın, Silahlı Qüvvələrdə cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, hərbi qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması məsələləri mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, Respublika Hərbi Prokurorluğu tərəfindən bu istiqamətdə zəruri tədbirlərin görülməsi təmin olunur.

Zakir Qaralov Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində gedən böyük quruculuq və abadlıq işləri, regionların inkişafı proqramlarının uğurlu icrası, iqtisadi qüdrətimizin ilbəil artması ilə bərabər, ölkəmizdə prokurorluq orqanlarının rolunun artırılmasında "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın böyük rolu olduğunu vurğulamışdır. Bildirilmişdir ki, prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, müasirləşdirilməsi və daha da inkişaf etdirilməsində, qurumun kadr potensialının gücləndirilməsində, onların peşəkarlığının artırılmasında, maddi-texniki bazanın möhkəmləndirilməsində, eləcə də əməkdaşların sosial müdafiəsinin gücləndirilməsində bu proqramın böyük rolu olmuşdur.

Respublika Hərbi Prokurorluğu üçün yeni inzibati binanın tikilməsi və müasir texniki avadanlıqla təmin edilməklə istifadəyə verilməsi prokurorluq orqanlarına göstərilən dövlət qayğısının bariz nümunəsidir. O, hərbi prokurorluq əməkdaşlarının bu yüksək diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab vermələrinin, qanunvericiliklə üzərlərinə qoyulmuş məsul vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd etmişdir.

Sonra qonaqlar yeni inzibati binada prokurorluğun əməkdaşları üçün yaradılmış şəraitlə tanış olmuş, növbətçi hissəyə, kitabxanaya, vətəndaşların qəbulu, kriminalistik laboratoriyaya, akt zalına və yeməkxanaya baxmışlar.

Məlumat verilmişdir ki, kitabxanada hüquqi ədəbiyyatla yanaşı, ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edən kitablara geniş yer verilmişdir.

Binanın ikinci mərtəbəsində yerləşən kriminalistik laboratoriyada cinayət işlərinin istintaqı zamanı kriminalistikanın son nailiyyətlərindən, istintaq təcrübəsinin qabaqcıl metodlarından istifadə edilməsi, prokuror-kriminalistlərin yeni kriminalistik texniki vasitələrlə təmin edilməsi, onlara bu vasitələrdən istifadə olunması üçün lazımi kömək göstərilməsi tələbinin yerinə yetirilməsi üçün Kriminalistika şöbəsinin işinin səmərəliliyini artırmaq məqsədi ilə mənəvi cəhətdən köhnəlmiş texnika yenisi ilə əvəz edilmiş, kriminalistika sahəsində müasir standartlara cavab verən xarici ölkə istehsalı olan bir çox avadanlıq, o cümlədən hadisə yerinin müayinəsi zamanı istifadə edilən rəqəmsal foto-video aparatlar, işıqlandırma vasitələri, metalaxtaran detektor, əl-barmaq izlərinin götürülməsi üçün ləvazimatlar - xüsusi tozlar, müasir tipli kriminalistik çantalar alınmışdır. Qeyd edilmişdir ki, baş vermiş cinayət hadisələri zamanı hadisə yerinin ixtisaslı müayinəsini təşkil etmək üçün zəruri texniki vasitələrlə təchiz olunmuş xüsusi avtomaşında səyyar kriminalistik laboratoriya ilə yanaşı, fövqəladə hadisələr və mürəkkəb hava şəraitində istifadə edilməsi üçün nəzərdə tutulmuş xüsusi geyimlər və qoruyucu vasitələr vardır. Eyni zamanda, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin kriminalistika şöbəsi tərəfindən ərazi hərbi prokurorluqlarına istintaq çantalarının, foto, video çəkilişlərinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün müasir texniki vasitələrin verilməsi təmin edilmişdir.

Müasir standartlar səviyyəsində qurulan yeməkxana da prokurorluq əməkdaşlarının istifadəsinə verilmişdir. Binada fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya və generator quraşdırılmışdır.

Binanın həyətində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmiş, işıqlandırma sistemləri qurulmuş, avtomobil dayanacaqları yaradılmışdır.

Görülən işləri yüksək qiymətləndirən qonaqlar Hərbi Prokurorluğun əməkdaşlarının normal fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu ifadə etmişlər.

Azərbaycan qəzeti
3 may 2013-cü il