«« Geri


TARİXİ BÖYÜK ŞƏXSİYYƏTLƏR YARADIRLAR
( 19 aprel 2013-cü il, Respublika qəzeti )

“Hüquq–mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür”.

Heydər ƏLİYEV.

Tarix dəfələrlə sübut etmişdir ki, müxtəlif zaman və məkanlarda yaranan əlverişli şəraitdə xalq malik olduğu mənəvi–intellektual potensialı, zəngin mədəniyyəti və milli özünüdərk səviyyəsi ilə özünün yüksək azadlıq idealına, tarixin yaddaşında saxlanan milli dövlətçilik, müstəqillik ənənələrinin bərpasına can atır. Cərəyan edən ictimai–siyasi proseslərin axarında xalqın əsrlərdən keçib gələn intellektual potensialının üzə çıxması və misli görünməmiş bəşəri dühaların meydana gəlməsi üçün şərait yaranır. Bununla belə, fitri istedadı və xarizmatik keyfiyyətləri ilə ürəkləri fəth edərək zamanın fövqündə dayanmaq, milyonların qəlbində ölməzlik məşəli yandıraraq onlara müstəqillik, azadlıq hissini bütün varlığı ilə yaşatmaq, millətinin iradəsini ifadə etmək xoşbəxtliyi isə çox az liderlərə nəsib olur. Belə fenomenal liderlər xalqın əsrlər boyu formalaşmış və ümumbəşəri dəyərlərlə çulğalaşmış siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyurlar. Dahi alman mütəfəkkiri Fridrix Nitşe yazır: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır”. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir — zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxmış bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik idealını gerçəkləşdirməyə, müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa nail olurlar. Tarixi hadisələrin təhlili zamanı bu həqiqət bir daha təsdiqlənir ki, mütərəqqi ideyalar məhz parlaq şəxsiyyətlərdə təcəssüm olunur, bəzi hallarda hətta şəxsiyyətin özü ideyanın rəmzinə, təcəssümünə çevrilir. XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət–ümummilli lider Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji–siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş dahi strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində dahi öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai–siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.

Ruslar üçün əgər bu şəxsiyyət Rusiya dövlətinin müasir dövlətçilik ənənələrini təmin etmiş I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçill, fransızlar üçün Şarl de Qoll, türklər üçün Mustafa Kamal Atatürkdürsə, biz azərbaycanlılar üçün, şübhəsiz, Heydər Əliyevdir! Dünya miqyaslı ictimai–siyasi xadim, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji–siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. Böyük mütəfəkkir və filosof Mark Avreli əbəs yerə yazmamışdı ki, hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan insanların dövlətçilik fəaliyyətində açıla bilər.

Antik yunan filosofu Aristotel “Politika” əsərində yazır ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir. Bu mənada, ulu öndər Heydər Əliyev də böyük siyasətdə və dövlət idarəçiliyində bütün böyük uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı sayəsində nail olmuşdur. Məhz bu keyfiyyəti ilə Heydər Əliyev müstəqillik illərində də birləşdirici şəxsiyyətə çevrilmiş, cəmiyyətin mənəvi bütövlüyünə nail olmuşdur. Əsl lider bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik göstərmir. Öz iradəsi, qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, heç bir riskdən çəkinməməsi ilə sübuta yetirir ki, onun varlığı təkcə cismanilikdən ibarət deyildir. Ulu öndər Heydər Əliyevin müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, bu mənada, onun həm də yüksək liderlik əzmini nümayiş etdirir. Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil onun ən çətin və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur. Böyük strateqin 1993–cü ilin iyununda xalqın təkidli tələbi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respublikanın ən qiymətli mənəvi–ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsində mümkün olmuşdur.

XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı da üzləşdiyi bir sıra faciələri məhz ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında mətinliklə aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 34 illik hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai–siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə də, ona xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düçar olduğu bəlalardan xilas etmək istəyi ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa müvəffəq olan yeganə qüvvə olmuşdur.

Həmin dövrdə keçmiş hakimiyyətin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq–mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc–mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların tüğyan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri–sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Ölkədə qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı–ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi silahlı qruplaşmalar respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, vətəndaş müharibəsinə, Azərbaycanın ayrı–ayrı bölgələrə parçalanmasına çalışırdılar. Belə bir şəraitdə müstəqil Azərbaycan dövlətinin mövcudluğu bir növ formal xarakter daşıyırdı.

Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmişdir. Çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, təbiətin ona bəxş etdiyi fədakarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik, ideya və fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə təlqin etmək kimi fövqəl keyfiyyətlərindən məharətlə bəhrələnərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı.

Ulu öndər bu mərhələdən etibarən ictimai–siyasi sabitliyi tam təmin edərək sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Böyük strateq iqtisadi və hüquqi islahatların paralelliyini təmin etməklə, məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam–intizamın və sabitliyin təmini vasitəsidir.

Vaxtilə antik yunan mütəfəkkiri və filosofu Siseron yazırdı ki, insanlar həqiqi azadlığa qovuşmaq, sərbəst yaşamaq üçün qanuna tabe olmalıdırlar. Bəşəriyyətin tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Heydər Əliyev dühası da gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq “haqlı adam həmişə güclüdür” düsturunu işə salan belə fövqəl şəxsiyyətlərdən biri kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir. Liberalizmin fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığını peşəkar strateq kimi daim nəzərə alan Heydər Əliyev dövlətin maraqlarına xələl gətirmədən hər bir vətəndaşın qanuni hüquqlarının yüksək səviyyədə təmin edildiyi təkmil idarəçilik sisteminin formalaşmasına çalışmışdır.

Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqətlə yanaşmışdır. Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994–cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı qətiyyətli və barışmaz mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq–mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. Fərmanda cəmiyyətdə sosial bəlaya çevrilmiş rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılmasının xüsusi narahatlıq doğurduğu vurğulanmış, bu kimi neqativ təzahürlərə qarşı mübarizənin gücləndirilməsi üçün konkret mexanizmlər öz əksini tapmışdır.

Heydər Əliyev dahi şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ–hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir. Bu gün Heydər Əliyev dühasına tükənməz ictimai hörmət və dərin ehtiram təsadüfi deyildir — 34 illik ictimai–siyasi fəaliyyəti dövründə Heydər Əliyev yüksək humanizmi, insanpərvərliyi ilə hər bir ailənin yaxın üzvünə, hamisinə çevrilmişdir. Bu həm də xalqımızın Heydər Əliyevin daxili və xarici siyasət kursunu, həyata keçirdiyi mütərəqqi islahatları dəstəkləməsindən irəli gəlmişdir. Alternativi olmayan bu siyasət təkcə ümummilli deyil, həm də fərdi maraqları özündə ehtiva etmiş, hər bir vətəndaşın maraqlarını uca tutmuşdur. Peşəkar siyasətçi çox yaxşı bilirdi ki, insanların fərdi qaydada mənafelərini nəzərə almadan ümumi topluma aid maraqları həyata keçirmək mümkün deyildir. Bu da onun müdrik, ədalətli və insanpərvər rəhbər olmasını bir daha təsdiqləyir. Ulu öndərimiz çıxışlarında daim xüsusi vurğulamışdır ki, “Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda”. Bu sitat onun insan hüquqları və azadlıqlarına necə böyük sayğı və hörmətlə yanaşdığını əyani şəkildə təzahür etdirir. Ümummilli liderimiz vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirilməsi üçün fundamental insan və vətəndaş hüquq və azadlıqlarının təminatına maksimum şərait yaratmağın vacibliyini daim diqqət mərkəzində saxlayırdı. Respublikamızda azad və demokratik cəmiyyətin bərqərar olmasını özünün ali prinsiplərindən biri elan etmiş Heydər Əliyev bu məqsədə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini də ən vacib məsələlərdən hesab edirdi.

Ulu öndərimiz Heydər Əliyevin siyasi uzaqgörənliyinin, misli görünməmiş qətiyyətliliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994–cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkə iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrinin inkişafına güclü təkan verməklə yanaşı, Azərbaycanda hüquqi islahatların daha sürətlə aparılmasına geniş imkanlar açmışdır. Ulu öndərimiz Heydər Əliyev dünyanın coğrafi–siyasi xəritəsində Azərbaycanın yerini möhkəmlətmək, onun beynəlxalq nüfuzunun artmasına nail olmaqla yanaşı, həm də daxildə ictimai–siyasi sabitliyi qorumaq, demokratik, hüquqi dövlət qurmaq istiqamətində bir sıra mühüm addımlar atmışdır ki, bunların da ən əhəmiyyətlisi yeni Konstitusiyanın hazırlanması olmuşdur. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995–ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə–hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquq islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zərurətə çevirmişdir. Bu qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi təminat yaratmış, bu prinsipə əsas diqqət yetirilməklə sonrakı mərhələdə keyfiyyətcə yeni, dövrün tələblərinə cavab verən bir sıra qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir. 1996–1997–ci illərdə Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Ulu öndərimizin 1993–cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998–ci il fevralın 10–da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun yeritdiyi siyasətin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanmasıdır. Böyük qəlb və zəngin mənəviyyat sahibi kimi Heydər Əliyev günahkarları cəzalandırmağı da, imkan verərək bağışlamağı, islah etməyi də bacarırdı. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da bu məziyyətlərin bariz nümunəsi kimi xüsusi vurğulanmalıdır. Bu humanizmin nəticəsidir ki, son 10 ildə respublikamızda əfv fərmanlarının imzalanması, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. 1995–2003–cü illər ərzində ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil edilmişdir. Ulu öndərimizin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996–2001–ci illərdə 8 amnistiya aktı qəbul etmiş, 31584 məhkum azadlığa buraxılmış və yaxud onların cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Bu addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cinayət törətmiş şəxslərin islah olunmasına yönəlmiş, onlara pak mənəvi dəyərlər, humanizm hissi aşılamış, ölkədə cinayətkarlığın azalmasına səbəb olmuşdur. Hüquq–mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquq islahatlarının əsas qayəsi və məqsədi kimi önə çəkən ulu öndərimiz Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996–cı il tarixdə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır. Həmin komissiya tərəfindən hazırlanmış “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında”, “Notariat haqqında” və s. qanunların qəbulu məhkəmə–hüquq islahatlarının həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin və insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə–hüquq islahatlarının memarı — ümummilli liderimiz Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999–cu il tarixdə “Prokurorluq haqqında” qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. 2002–ci il sentyabrın 19–da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən Azərbaycan Respublikasının Baş prokuroruna həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Baş Prokurorluq bu hüququ ictimai həyatın ayrı–ayrı sahələrinin hüquqi tənzimlənməsindəki çatışmazlıqlar haqqında Milli Məclisə məlumatlar verməklə, habelə müvafiq qanun layihələrini ali qanunverici orqana təqdim etməklə həyata keçirir.

Cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluq, hər kəsin qanun qarşısında bərabərliyi, qərəzsizlik, faktlara əsaslanma, siyasi bitərəflik bu gün prokurorluğun fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Qanunla nəzərdə tutulmuş qaydada cinayət işi başlamaq, ibtidai istintaq aparmaq, təhqiqat və əməliyyat–axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət etmək, məhkəmədə iddia qaldırmaq, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı, cinayət işlərinə baxılmasında isə dövlət ittihamçısı kimi iştirak etmək, məhkəmə qərarlarından protest vermək, habelə məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak etmək məsələləri prokurorluğun fəaliyyət istiqamətlərinə aid edilmişdir.

Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998–ci il tarixli sərəncamı ilə oktyabr ayının 1–i respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, onun şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində ulu öndərimiz demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Həmin toplantıda ulu öndərimiz Heydər Əliyevin prokurorluğun fəaliyyətinə yüksək qiymət verməsi, ölkəmizin müstəqilliyinə, dövlətçiliyinə sədaqətinə görə təşəkkür etməsi hər birimizin üzərinə daha böyük məsuliyyət qoymuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun mühüm strukturlarından olan Hərbi Prokurorluq orqanları öz fəaliyyətində daim ulu öndərimizin hüquqi dövlət və vətəndaş quruculuğu ilə bağlı ali ideyalarını rəhbər tutmaqla, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini lazımi səviyyədə həyata keçirməyə, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələrdə qanunçuluğun, nizam–intizamın tam bərqərar olmasına çalışır. Hərbi Prokurorluğun fəaliyyətinin əsas qayəsi Azərbaycan Ordusunda möhkəm intizamın mövcud olmasına tam nail olmaq, hərbi cinayətlərə qarşı mübarizəni daha da gücləndirmək, habelə cinayətkarlığa qarşı preventiv tədbirlər həyata keçirmək, hərbi qulluqçuların hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etməkdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq ölkədə hərbi cinayətlərin – fərariliyin, hərbi xidmətdən yayınma hallarının və hərbi xidmət əleyhinə olan digər cinayətlərin sayı ildən–ilə azalır.

2003–cü ilin prezident seçkilərində ulu öndərimiz Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” deməklə cəmiyyətə layiqli siyasi varisi kimi təqdim etdiyi möhtərəm İlham Əliyev Azərbaycan Prezidenti kimi son on ildə respublikamızda həyata keçirilən hüquqi islahatları uğurla davam etdirməklə yanaşı, peşəkar və yüksək döyüş qabiliyyətli, nizami ordu quruculuğuna da xüsusi diqqətlə yanaşmışdır. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev ötən müddətdə Azərbaycan Ordusunda maddi–texniki təchizatın, döyüş qabiliyyətinin, nizam–intizamın möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiə tədbirlərinin gücləndirilməsi, şəxsi heyətdə vətənpərvərlik əhval–ruhiyyəsinin daha da yüksəldilməsi istiqamətində çoxsaylı mühüm tədbirlər həyata keçirmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün ulu öndərimiz Heydər Əliyev ideyalarının, siyasətinin ən layiqli davamçısıdır. Təqdirəlayiq haldır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial–iqtisadi siyasət strategiyası Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, ölkəmiz bütün sahələrdə inkişaf yoluna çıxmışdır. Son on ildə imzalanmış məqsədyönlü fərman və sərəncamlar qəbul edilmiş praqmatik qərarlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş, inkişaf mexanizminin çevikliyinə və işləkliyinə nail olunmuşdur.

İndi ölkəmiz cəmiyyət həyatının bütün sferalarında əsaslı keyfiyyət dəyişikliklərini özündə təcəssüm etdirən renessans dövrünə qədəm qoymuşdur.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun 90 illiyi münasibətilə bu orqanın əməkdaşlarına ünvanladığı təbrik məktubunda deyilmişdir: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Prokurorluq orqanlarında yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir”.

Biz prokurorluq orqanları əməkdaşları ulu öndərimiz tərəfindən əsası qoyulmuş ənənənin sadiq davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin diqqətini, qayğısını və dəstəyini daim görür və hiss edirik. Buna görə də prokurorluq işçiləri üzərinə düşən məsuliyyəti, dövlət başçısının yüksək etimadını dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa səy göstərirlər. Prokurorluq orqanlarında aparılan islahatlar, fəaliyyətimizlə bağlı qəbul edilmiş yeni qanunlar və digər qanunvericilik aktları bizi daha fəal və səmərəli çalışmağa, qanunların aliliyinin təmin edilməsi uğrunda daha barışmaz və prinsipial mübarizə aparmağa ruhlandırır.

Ümummilli liderimiz Heydər Əliyevin “Vətənimizin işıqlı gələcəyini, cəmiyyətimizin sivil və hüquqi, dövlətimizin isə möhkəm, qüdrətli, sabit dövlət olmasını arzu edən hər bir vətəndaşın və qurumun bu cəmiyyətin formalaşmasında öz töhfəsi, öz əməyi olmalıdır” fikri prokurorluq işçilərini bundan sonra da insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı bundan sonra da barışmaz mübariz olmağa, insan amili ilə bağlı olan hər bir məsələlərdə həssaslıq göstərməyə təşviq edir, dövlətimizin əbədi yaşaması, səadəti, rifahı naminə üzərinə götürdüyü ali missiyanı Heydər Əliyev ideallarına layiq şəkildə davam etdirəcək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələrin icrası istiqamətində səmərəli fəaliyyət göstərəcəkdir.

Bu günlərdə xalqımız Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər, dünyanın seçilmiş insanlarından biri olan unudulmaz şəxsiyyət Heydər Əliyevin 90 illiyini qeyd edir. 21 yanvar 2013–cü ildə möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncam imzalamışdır. Belə bir sərəncamın imzalanması ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərinə xalq və dövlət başçısı səviyyəsində verilən layiqli qiymətdir. Azərbaycan istiqlalının, azərbaycançılıq məfkurəsinin, milli müstəqilliyimizin dayaq nöqtəsi, enerji mənbəyi, hərəkətverici qüvvəsi olan xilaskar Heydər Əliyev ideyaları hər bir Azərbaycan vətəndaşını, bütün dünya azərbaycanlılarını birliyə, bütövlüyə və fədakarlığa çağırır. Heydər Əliyev ideyaları milli azadlığa qovuşan azad, müstəqil Azərbaycanın daha xoşbəxt gələcəyə gedən dönməz tərəqqi, intibah yollarında ən şərəfli, ən real, ən perspektivli xilaskar qüvvədir. Heydər Əliyev ideyaları fundamental əsaslarda, konseptual genişlikdə azərbaycançılıq məfkurəsinin bel sütunudur, hərəkətverici beyin mərkəzidir. Bu ideyalar Azərbaycan reallığının bütöv tarixi yollarından, inkişaf, intibah pillələrindən, eləcə də müəyyən dövrlərin tənəzzül, böhranlı eniş məqamlarının analitik dərkindən çıxış edərək bugünün və sabahın, perspektiv gələcəyin yaxın və uzaq yollarını göstərir. Yaşadığımız dövr tarixə Heydər Əliyev epoxası kimi daxil olacaqdır. Gələcək nəsillər taleyin bizə bəxş etdiyi bu tarixi dövrü böyük qibtə hissi ilə xatırlayacaq, öyrənəcək, təhlil edəcəkdir. Bizim hər birimiz isə bir vətəndaş kimi taleyin bizə bəxş etdiyi bu nadir imkandan ölkənin tərəqqisi naminə istifadə etməyə hazır və qadir olmalıyıq.

Tarix bizi Azərbaycan dövlətçiliyinin monolit fundamentinin qoyulduğu illərdən nə qədər çox ayırırsa, Heydər Əliyev siyasi kursunun dəyəri, qiyməti azalmır, əksinə bir o qədər artır və bu da tamamilə təbiidir. Çünki Heydər Əliyev heç vaxt nəzərləri keçmişə zillənən, keçmişin dumanlı idilliyası arxasında gizlənən siyasətçilərdən olmayıb, onun siyasi irsi tamamilə gələcəyə istiqamətlənmişdir.

Rasim KAZIMOV
Azərbaycan Respublikası
hərbi prokurorunun müavini
ədliyyə general-mayoru