Azərbaycanda müasir prokurorluq sisteminin formalaşmasında Heydər Əliyevin rolu
( 8 may 2013-cü il, Azərbaycan qəzeti )

"Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti



Azərbaycan xalqı öz dahi oğlu - ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini bütün səviyyələrdə təntənəli şəkildə qeyd edərkən bu görkəmli dövlət xadiminin, dünyamiqyaslı nəhəng siyasətçinin müqəddəs ruhu qarşısında baş əyərək tam məsuliyyət hissi ilə dərk edir ki, məhz onun müdrik ideyaları, uzaqgörən siyasi qərarları, möhtəşəm dövlətçilik fəaliyyəti hazırda misli görünməmiş inkişaf yolu keçərək dünya dövlətləri birliyində layiqli yerini tutmaqla, regionun lider dövlətinə çevrilmiş müstəqil Azərbaycan Respublikasının mövcudluğunu mümkün etmişdir.

Müasir Azərbaycanın şərəfli inkişaf tarixinin 30 ildən yuxarı bir dövrü bu fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlı olmuşdur. Məhz onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzüağ çıxaraq çətinliklərə sinə gərmiş, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilmişdir.

Heydər Əliyev Azərbaycan Respublikasının hələ Sovetlər İttifaqının tərkibində olduğu bir dövrdə dahiyanə uzaqgörənliklə ölkəmizin gələcək müstəqilliyinin qüdrətli iqtisadi əsaslarını formalaşdıraraq xalqımızın öz müstəqilliyi uğrunda mübarizəyə hazırlanması işinə hərtərəfli dəstək vermişdir. Dövlət müstəqilliyimizin qorunub saxlanılması uğrunda gərgin mübarizə dövrü kimi xarakterizə olunan 1993-1995-ci və hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırıldığı 1995-2003-cü illərdə ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində itirilmə təhlükəsi qarşısında qalan suverenliyimiz və məhvolma təhlükəsi ilə üzləşən dövlətçiliyimiz bugünkü və gələcək nəsillər üçün qoruyub saxlanılmaqla Azərbaycan Respublikasında möhkəm ictimai-siyasi sabitlik bərqərar olunaraq hərtərəfli quruculuq işlərinin həyata keçirilməsi, demokratik, hüquqi və dünyəvi bir dövlət, vətəndaş cəmiyyətinin formalaşdırılması, qüdrətli iqtisadi potensialın yaradılması yolunda inamlı addımların atılması, ölkəmizin dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyası proseslərinin sürətləndirilməsi təmin edilmişdir.

Böyük xilaskarlıq və daha sonra isə hərtərəfli Quruculuq missiyalarını həyata keçirməklə Azərbaycanın ən yeni müstəqil tarixini, bugünkü təminatlı həyatımızın möhkəm əsaslarını yaradan ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsi xalqımızın qəlbində əbədi yaşamaqla, onun zəngin siyasi irsi həmişə inkişaf və tərəqqi yolumuzu işıqlandıracaqdır. Bizim nəslin nümayəndələri xoşbəxt insanlardır ki, dahi müasirimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinin canlı şahidləri olmuşlar.

Prezident İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 21 yanvar 2013-cü il tarixli sərəncamı ilə ulu öndər Heydər Əliyevin xidmətlərinin əsl qiyməti verilmiş, bu əbədiyaşar şəxsiyyətin unudulmaz nurlu xatirəsinə xalqımızın dərin ehtiramının, hədsiz məhəbbətinin ifadəsi olmaqla ulu öndərin Azərbaycanda müasir hüquqi dünyəvi dövlətin qurulmasında, azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində, mənəviyyatımızın yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, davamlı inkişaf perspektivlərinin gerçəkləşdirilməsinə zəmin yaradan sosial-iqtisadi konsepsiyanın və dünya standartlarına uyğun məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində, demokratik prinsiplər əsasında fəaliyyət göstərən işlək dövlət idarəetmə sisteminin formalaşdırılmasında misilsiz fəaliyyəti diqqətə çatdırılmışdır. Sərəncamda qeyd olunduğu kimi, "Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir".

Milli demokratik hüquqi dövlətin qurulması üçün inkişaf etmiş cəmiyyətlərə məxsus ən mütərəqqi cəhətləri özündə birləşdirən mükəmməl hüquq sisteminin olması əsas şərtlərdən biri olduğundan ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ilin əvvəllərində konstitusiya komissiyası yaradılaraq ümumbəşəri ideya və dəyərləri əks etdirən yeni Konstitusiyanın layihəsi hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi - referendumda qəbul edilmişdir.

Müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını formalaşdıraraq respublikamızda hüquq sisteminin bünövrəsini yaradan Konstitusiyada Respublika Prokurorluğuna xüsusi maddə həsr edilərək dövlət idarətmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir. Prokurorluğun məhkəmə hakimiyyətinə aid edilməsi ilə onun dövlət idarəetmə mexanizmində roluna və iştirakına dair məsələlərə Konstitusiya səviyyəsində aydınlıq gətirilməklə yanaşı, müasir Azərbaycan Respublikasının prokurorluq orqanlarının 1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olmasını təsdiq etmişdir ki, bu da, eyni zamanda, ümummilli liderin xalqımızın tarixi irsinə qayğılı münasibətindən irəli gəlir. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılaraq əsası qoyulmuş milli prokurorluq orqanları məhkəmə sistemində fəaliyyət göstərmişdir. Sovetlər dönəmində yenidən yaradılaraq sinfi dövlət maraqlarına xidmət etmiş, səlahiyyətləri hədsiz geniş olan prokurorluq orqanlarının fəaliyyəti uzun illər ərzində hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmamışdır. Və yalnız ümummilli lider Heydər Əliyevin zəngin idarəetmə təcrübəsinə malik olaraq məharətlə həyata keçirdiyi dövlət quruculuğu prosesi nəticəsində hər bir dövlət qurumunun, o cümlədən prokurorluğun dövlət idarəetmə mexanizmində yeri və rolu dəqiq müəyyən edilmişdir.

Ümummilli lider Heydər Əliyev məhkəmə-hüquq islahatlarını demokratik, hüquqi dövlət quruculuğundan ayrılmaz hesab edərək bu iki prosesin birgə aparılması istiqamətində ciddi tədbirlər həyata keçirmişdir. Məhkəmə-hüquq islahatlarının mühüm əhəmiyyətini vurğulayan ümummilli lider demişdir: "Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirləşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərli üzvünə çevrilir, Əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir." Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirilməklə onun 1996-cı ilin fevralında imzaladığı fərmanla hüquqi islahatlar üzrə komissiya yaradılmışdır. Komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzim edən çoxlu qanunların, o cümlədən prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ hüquqi aktların Avropanın aparıcı ekspertlərinin müsbət rəyini almış layihələri hazırlanmışdır. Bu layihələr əsasında qəbul edilmiş "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar ölkənin hüquq sisteminin formalaşması prosesinə böyük töhfə olmuşdur.

Dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına böyük diqqət göstərən ümummilli lider Heydər Əliyevin milli prokurorluq orqanlarının inkişafında müstəsna rolu olmuşdur. Ümummilli lider prokurorluq orqanlarının işinin təmin edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həmişə xüsusi qayğı göstərmişdir.

Milli prokurorluq orqanlarının tarixinin 1918-ci ildən başlanmasına baxmayaraq, idarəetmənin digər sahələrində mövcud olsa da, prokurorluq işçilərinin peşə bayramı uzun illər ərzində qeyd olunmamışdır. Belə bir təşəbbüs məhz ümummilli lider Heydər Əliyev tərəfindən göstərilərək, onun 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Prokurorluq işçilərinin peşə bayramı gününün müəyyənləşdirilməsi prokurorluq orqanlarına dövlət səviyyəsində böyük qayğının ifadəsi olmaqla yanaşı prokurorluq işçilərinin fəaliyyətinin yüksək dəyərləndirilməsi və qiymətləndirilməsinin təzahürü olmuşdur.

Ümummilli liderin şəxsi təşəbbüsü və rəhbərliyi ilə 1998-ci il 28 noyabr tarixdə prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqdakı tarixi nitqində verdiyi tapşırıq və tövsiyələr fəaliyyətimiz üçün proqram əhəmiyyətinə malik olmuşdur. Ümummilli liderin həmin yığıncaqda dediyi: "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız" kəlamı hər bir prokurorluq işçisinin gündəlik işində bütün bilik, qüvvə və bacarığını səfərbərliyə alaraq əməl etməyə çalışdığı fəaliyyət şüarına çevrilmişdir.

Ulu öndərin həyata keçirdiyi məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabrında qəbul edilmiş "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda prokurorluğun sovetlər dönəminin totalitar rejiminə xas olan funksiyalardan azad olunması, onun fəaliyyətinin forma və metodlarının demokratik prinsiplərə uyğunlaşdırılması nəzərdə tutulmaqla bu təsisatın sistemi və təşkili, səlahiyyətləri və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi, fəaliyyəti ilə bağlı digər məsələlər müasir beynəlxalq standartlara uyğun tənzim edilmişdir.

Ulu öndər Heydər Əliyevin respublika prokurorluğunun rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüş prokurorluq orqanlarının tarixində həlledici əhəmiyyətə malik dönüş nöqtəsi olmuşdur. Məhz bu görüşdə Heydər Əliyevin verdiyi rəhbər göstərişlərin nəticəsi olaraq, həmin vaxtdan Azərbaycan Prokurorluğu orqanlarında aparılan və bu gün də eyni intensivliklə yeni müstəvidə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi, fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin və milli maraqların etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işi ən yüksək tələblər səviyyəsinə çatdırılmışdır.

Beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, normativ sənədlərin onun tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir. "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli sərəncamla keçid dövrünün obyektiv çətinliklərinin mövcud olduğu bir şəraitdə prokurorluq işçilərinin maddi və sosial təminatları beynəlxalq standartlar səviyyəsinə qaldırılmışdır.

Prokurorluğun fəaliyyətini tənzim edən yeni qanunvericilik qəbul olunduqdan sonra prokurorluq orqanlarında köklü islahatlar həyata keçirilərkən prokurorluğun strukturunda fəaliyyəti bu təsisatın yeni vəzifə və funksiyaları ilə uzlaşmayan və bu səbəbdən də fəaliyyətləri səmərəli olmayan qurumlar kimi respublika Nəqliyyat Prokurorluğu və onun tabeliyində olan ixtisaslaşdırılmış Bakı, Gəncə, İmişli, Xaçmaz, Aviasiya və Su nəqliyyat prokurorluqları, Baş Prokurorluğun rəhbərliyi yanında Katiblik, Baş Prokurorluğun Cəzaların icrasına nəzarət və Nəqliyyatda qanunların icrasına nəzarət idarələri, Yetkinlik yaşına çatmayanlar haqqında qanunların icrasına nəzarət və qanunların eyni cür və dürüst icrasına nəzarət şöbələri ləğv edilmişdir.

Baş Prokurorluğun strukturu və fəaliyyəti təkmilləşdirilərək, onun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət, məhkəmələrdə dövlət ittihamının müdafiəsini və cinayət işlərinin istintaqını həyata keçirən, habelə digər sahələr üzrə müvafiq vəzifələri icra edən struktur qurumları yenidən təşkil edilmiş, həmin qurumların fəaliyyət dairəsi və vəzifələrini müəyyənləşdirən əsasnamələrin qəbul olunması təmin edilmişdir.

Beynəlxalq təcrübə və milli xüsusiyyətlər nəzərə alınaraq qısa müddət ərzində prokurorluğun tarixində ilk dəfə olaraq "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə prokurorluğun fəaliyyətinin və gündəlik işinin səmərəli təşkili və həyata keçirilməsi üçün ümumi və sahəvi xarakterli əmr, təlimat və qaydalar hazırlanaraq icraya yönəldilmişdir. Normativ hüquqi bazanın formalaşdırılması və icrasının təmin edilməsi prosesinin məntiqi davamı olaraq prokurorluğun fəaliyyətini tənzimləyən sənədlər "Azərbaycan Respublikası Baş prokurorunun əsas əmr və göstərişləri" adlı kitab toplu şəklində ilk dəfə olaraq nəşr edilmiş, sonradan isə həmin toplunun özündə yeni əmr və göstərişləri də cəmləşdirən iki cilddən ibarət yeni nəşrləri çap edilərək istifadə üçün hər bir prokurorluq işçisinə verilmişdir.

Ümummilli liderin imzaladığı 2001-ci il 19 iyun tarixli fərmanla təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin icraya yönəldilməsi Azərbaycan Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından biri olmuş və kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm işin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsidir ki, prokurorluğun kadr tərkibinin hərtərəfli dünyagörüşü olan, savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik ideyalarına sadiq gənc hüquqşünaslar hesabına mütəmadi yeniləşdirilməsinə nail olunmuşdur. Prokurorluq orqanlarına işə qəbulun 2002-ci ildən başlayaraq indiyədək tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, ictimaiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilmiş 11 müsabiqə nəticəsində prokurorluq işçilərinin 52 faizini artıq gənc hüquqşünaslar təşkil edir. Bu gənclərin xeyli hissəsi sonradan xidmətdə fərqləndiklərinə görə irəli çəkilmiş, onların 70 nəfərdən çoxu prokurorluğun mərkəzi aparatında məsul vəzifələrə, o cümlədən idarə rəisinin müavini, idarə tərkibində şöbə rəisi, rayon prokuroru və prokurorun müavini vəzifələrinə təyin edilmişlər.

Ümummilli liderin göstəriş və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında sağlam düşüncəli, mənəviyyatlı, yüksək peşəkarlığa və etik-psixoloji keyfiyyətlərə malik, savadlı və müasir dünyagörüşü olan, milli dəyərlərə və hüquqi dövlətin prinsiplərinə hörmətlə yanaşan kadrlarla komplekləşdirilməsi prosesi həyata keçirilərək, həm prokurorluğa qulluğa yeni qəbul olunan şəxslərin seçilməsi, həm də kadrların rotasiyası, analitik düşünmə və yüksək təşkilatçılıq qabiliyyəti olan, təşəbbüskarlığı ilə fərqlənərək dövlətçilik ənənələrinə sadiq olan prokurorluq işçilərinin irəli çəkilməsi ədalətlilik və obyektivlilik prinsipləri əsasında reallaşdırılmışdır. Xidməti vəzifələrinin icrasına vicdanla yanaşaraq fəaliyyətində uğurlar qazanmış və peşə hazırlığı səviyyəsi ilə fərqlənən prokurorluq işçilərinin vəzifədə irəli çəkilməsi üçün hər cür şərait yaradılmış, eyni zamanda əməkdaşlara qarşı tələbkarlıq artırılmış, əmək və icra intizamına nəzarət gücləndirilmiş, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə və fəaliyyətlərində qanunsuzluq hallarına yol vermiş əməkdaşlarına münasibətdə prinsipiallıq mövqeyindən yanaşılmışdır. Kadr siyasəti həyata keçirilərkən ümummilli liderin aforizmə çevrilmiş kəlamı - "Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir" əsas meyar olmuşdur.

Qeyd edilməlidir ki, mənəvi saflığa xüsusi əhəmiyyət verən ümummilli lider, onun mövcudluğunu insan hüquq və azadlıqlarının təmin edilməsinin, qanunçuluğun əsas şərtlərindən biri hesab edərək hələ sovetlər dönəmində respublikamıza birinci dəfə rəhbərlik edərkən "Literaturnaya qazeta" qəzetinin 18 noyabr 1981-ci il tarixli 47-ci sayında dərc edilmiş "Qoy ədalət zəfər çalsın" sərlövhəli məşhur müsahibəsində demişdir: "Mən qeyd etmək istərdim ki, "qanunçuluq" dedikdə biz Cinayət Məcəlləsindən çox bizim cəmiyyətin mənəvi məcəlləsini nəzərdə tuturuq. Və bu nöqteyi-nəzərdən hüquq pozuntuları özlüyündə, onların profilaktikası yalnız hüquqi məsələ deyil. Neçə ki, söhbət ilk növbədə insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətlə yanaşılmasından, ləyaqətinin və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaş keyfiyyətlərinin, yüksək mənəvi prinsiplərin tərbiyə olunmasından gedir."

Ümummilli liderin həyata keçirdiyi tədbirlər, onun tərəfindən göstərilən qayğı sayəsində prokurorluq insan hüquq və azadlıqlarının təmin edilməsində, demokratik inkişafa qarşı maneə törədən halların aradan qaldırılmasında, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşmasında, ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rola malik olmuşdur. Ulu öndərin bu dövlət təsisatının əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etdiyi - "Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram" sözləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi yaratmaqla, onları gündəlik işlərində daha böyük əzm və məsuliyyətlə çalışmağa sövq edir.

Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci ilin avqust ayının 24-də keçirilmiş referendumla edilmiş dəyişikliklərlə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi də hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında bu təsisatın rolunun artırılması istiqamətində görülən ciddi işlər sırasında olmaqla mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan Respublikası Prokurorluğuna dövlət başçısının, Milli Məclisin deputatlarının, ölkənin Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin malik olduğu qanun layihələrini və başqa məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququnun verilməsi, fəaliyyəti bilavasitə qanunların tətbiqi və icrasına nəzarətlə bağlı olan bu dövlət təsisatının qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək qüvvədə olan normativ hüquqi aktların təkmilləşdirilməsinə, qanunvericilikdə mövcud olan müəyyən boşluqların aradan qaldırılmasına, yeni yaranan ictimai münasibətləri tənzim edən qanunların və hüquqi normaların qəbul edilməsinə dair təkliflər verməklə müasir standartlara və beynəlxalq tələblərə uyğun hüquq sisteminin formalaşdırılmasında daha yaxından iştirak etməyə imkan vermişdir.

Görkəmli bir siyasi xadim kimi öz zəngin dövlətçilik fəaliyyəti ilə Azərbaycan tarixində yeni bir dövrün əsasını qoyan Heydər Əliyevin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, zəngin idarəçilik məktəbi yaratmaqla, neçə-neçə nəslə bu məktəbdən, onun siyasi irsindən bəhrələnməsi üçün böyük imkanlar vermişdir. Çox qanunauyğun və obyektiv reallıqdan doğan bir haldır ki, bu gün Azərbaycan xalqına ulu öndərin həmin dövlət idarəçiliyi məktəbinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş İlham Əliyev kimi müdrik bir siyasətçi rəhbərlik edir və o, Heydər Əliyev siyasətinə sadiqliyini öz dövlətçilik tədbirləri ilə əyani şəkildə sübuta yetirmişdir. Ulu öndərin yaratdığı möhkəm təməl və idarəçilik prinsipləri əsasında möhtərəm Prezident İlham Əliyev Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarmaqla bu siyasi kursun ən layiqli davamçısı olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirmişdir.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan yeni məzmunlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir ki, iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında və MDB məkanında qabaqcıl mövqelərə çıxan Azərbaycan Respublikasında, bütövlükdə ölkənin və ayrı-ayrılıqda hər bir regionun inkişafını təmin edəcək sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, ölkəmizin beynəlxalq iqtisadi sistemə inteqrasiyası proseslərinin sürətləndirilməsi, son nəticədə isə xalqın həyat səviyyəsinin yüksəldilməsi təmin edilmişdir. Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında dövlət başçısının çıxışından göründüyü kimi, 2013-cü ildə də Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafı keyfiyyət və kəmiyyət göstəricilərinə görə yeni bir mərhələyə qədəm qoymuşdur.

Müstəqil Azərbaycanın ən yeni tarixinin yaradıcısı kimi Heydər Əliyevin formalaşdırdığı siyasi kursun düzgünlüyünü dərindən dərk edən xalqımızın 2003-cü və 2008-ci illərdə keçirilən prezident seçkilərində İlham Əliyevin siyasi hakimiyyətə gəlməsini mütləq əksəriyyətin dəstəkləməsi ilk növbədə məhz ulu öndərin siyasi irsinin təntənəsi kimi qiymətləndirilməlidir. Mən dərin əminliyimi bildirmək istəyirəm ki, bu il keçiriləcək prezident seçkilərində də qədirbilən xalqımız yenidən Heydər Əliyev siyasətinə, onun yolunun və siyasi kursunun davamlılığına səs verəcəkdir.

Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək, ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilməklə, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan dövlət proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.

Ölkədə hüquqi sistemin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirməklə dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi və dövlət orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması üçün böyük işlər görən Azərbaycan Prezidenti İlham Əliyev prokurorluğun fəaliyyətinə daim diqqət göstərərək prokurorluq əməkdaşları və veteranlarının 2008-ci ildə 90 illik yubiley münasibətilə təbrikində son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlərin görüldüyünü, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığı və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirmələrini, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadıqlarını qeyd etmişdir.

Dövlət başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə ümummilli liderin hələ 1969-cu ildə respublikaya ilk dəfə rəhbər seçildikdən sonra amansız mübarizə aparmağa başladığı rüşvətxorluğa və korrupsiyaya qarşı kompleks tədbirlərin görülməsi, demokratik hüquqi dövlətin əsasları möhkəmləndikcə daha çox dözülməz olan bu ümumbəşəri bəlanın ölkəmizdə aradan qaldırılması istiqamətində ciddi işlər görülür. Dövlət başçısının "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 3 mart tarixli sərəncamı ilə korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorrupsiya orqanının - Korrupsiyaya qarşı mübarizə idarəsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında yaradılması prokurorluğa olan inam və etimadın təzahürü olmaqla bu mühüm dövlət təsisatının hüquqi sistemin formalaşdırılmasında rolunu daha da möhkəmləndirmişdir. Prezidentin bu sərəncamı korrupsiyaya qarşı mübarizənin aparılmasını Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən önəmli istiqaməti kimi müəyyən edilməsini şərtləndirməklə bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına zəmin yaratmışdır. Ölkə başçısının siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizə işinin təşkilində prokurorluq orqanlarının məsuliyyətinin daha da artırılması, ixtisaslaşmış cinayət təqibi orqanı kimi Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində mütəmadi tədbirlərin həyata keçirilməsi yüksək etimadın təzahürü kimi müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycanda reallaşdırılan hərtərəfli əsaslandırılmış sosialyönümlü siyasətin məntiqi nəticəsi olan sürətli iqtisadi inkişaf, böyük dövlət proqramlarının həyata keçirilməsi, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşması istiqamətində mühüm tədbirlərin görülməsi, insan hüquq və azadlıqlarının beynəlxalq tələblər səviyyəsində təmin edilməsi, dünya standartlarına uyğun vətəndaş cəmiyyətinin formalaşdırılması, hüquqi dövlət quruculuğu prosesinin yeni keyfiyyət müstəvisində uğurla həyata keçirilməsi dövlət orqanları qarşısında daha mühüm vəzifə və məqsədlər qoymaqla hər bir prokurorluq işçisindən ümummilli liderin ideya və tövsiyələrinə uyğun olaraq fəaliyyətlərinə daha yüksək məsuliyyətlə yanaşmalarını, xalqına, vətəninə və dövlətinə şərəflə, ləyaqətlə və sədaqətlə qulluq etmələrini tələb edir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı yekun nitqində dediyi "dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. ... Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır" sözləri prokurorluqda qulluq etmənin əsas şüarı hesab olunmaqla fəaliyyətimizin başlıca meyarıdır.

Yeni məzmunda təşəkkül tapmasına və mütəmadi olaraq fəaliyyətinin təkmilləşdirilməsinə görə son iyirmi ildə ölkəmizdə reallaşdırılan dövlətçilik siyasətinə borclu olan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqdir və dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməklə, onun tərəfindən yeni keyfiyyət müstəvisində həyata keçirilən demokratik, hüquqi dövlət quruculuğu prosesində böyük əzmlə iştirak edərək üzərinə düşən vəzifə və funksiyaları məsuliyyətlə və şərəflə yerinə yetirməkdə davam edəcək, bütün səylərini dövlət müstəqilliyimizin və milli maraqlarımızın, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına, cinayətkarlığa qarşı qətiyyətli mübarizənin təmin olunmasına istiqamətləndirəcək.

Zakir QARALOV
Azərbaycan Respublikasının
Baş prokuroru
I dərəcəli dövlət ədliyyə müşaviri