«Son beş ildə Azərbaycanda gedən proseslər, əldə olunmuş içtimai-siyasi sabitlik, cinayətkarlığın qarşısının sürətlə alınması - bunlar hamısı bizim böyük nailiyyətlərimizdir və bu nailiyyətlərin əldə edilməsində də hüquq mühafizə orqanlarının hamısının, o cümlədən, Azərbaycan Prokurorluğunun xidmətləri böyükdür».

Heydər Əliyev


AZƏRBAYCAN RESPUBLİKASI PROKURORLUQ ORQANLARININ 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAQDA AZƏRBAYCAN PREZİDENTİ
HEYDƏR ƏLİYEVİN NİTQİNDƏN

T E Z İ S L Ə R

Hörmətli xanımlar və cənablar! Hörmətli qonaqlar!
Sizi Azərbaycan Respublikası Prokurorluğunun 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan prokurorluğunun bütün əməkdaşlarına çox əhəmiyyətli və məsuliyyətli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulayıram.

Respublikamızın milli prokurorluğunun yaranması Azərbaycanda 1918-çi ildə dövlət müstəqilliyinin əldə olunması ilə bağlıdır. O vaxta qədər Azərbaycan milli prokurorluğa malik olmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti respublikamızın dövlət müstəqilliyini möhkəmləndirərək və dövlət orqanlarını yaradaraq bu sahəyə də diqqət yetirmişdir, dövrün çətinliklərinə baxmayaraq, Ədliyyə Nazirliyinin tərkibində prokurorluğun yaranması haqqında da qərar qəbul etmişdir.

 Beləliklə, Azərbaycan prokurorluğunun 80 yaşı vardır. Ancaq bu dövr bütün Azərbaycan xalqı, respublikamız üçün mürəkkəb və ziddiyyətli bir dövr olduğu kimi, prokurorluq orqanları üçün də mürəkkəb olmuşdur. Bəlkə də bu dövrdə prokurorluq orqanlarının fəaliyyəti Azərbaycanın başqa dövlət orqanlarının fəaliyyətinə nisbətən daha da mürəkkəb olmuşdur. Çünki onlar müxtəlif vaxtlarda müxtəlif orqanların tərkibində fəaliyyət göstərmiş, yalnız 30-cu illərdə Azərbaycanda stabil prokurorluq orqanı, prokurorluq yaranmışdır.

Azərbaycan xalqının həyatının bütün mərhələlərində əldə etdiyi nailiyyətləri də və itkiləri də bizim tariximiz əks etdirir. Prokurorluq orqanları da Azərbaycanda gedən bu proseslərin iştirakçısı olmuşdur, 1920-1930-cu illərdə Azərbaycanda kütləvi repressiyaların aparılmasında o dövrün hakimiyyətinin siyasətini yerinə yetirən dövlət orqanları ilə bərabər prokurorluq orqanları da bu repressiya tədbirlərinin iştirakçısı olmuşdur. Ancaq bunlarla yanaşı, Azərbaycanda sovet hakimiyyəti illərində xalq yaşamış, inkişaf etmiş, böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanda prokurorluq orqanlarının mütəşəkkilləşməsi, formalaşması və inkişaf etməsi prosesi də bunların içərisində öz əksini tapmışdır.


Düz 7 il bundan öncə, 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar dövlət müstəqilliyimizi əldə etdik və müstəqil dövlətimizi qurmağa başladıq. Ancaq bu gün böyük məmnuniyyət hissi ilə deməliyik ki, biz dövlət müstəqilliyini elan edərkən Azərbaycanın demək olar ki, bütün sahələrində dövlət orqanlarını müstəqil yaratmaq və onların fəaliyyətini təmin etmək üçün bütün imkanlar yaranmışdı. 1991-ci ildə respublikamızda dövlət müstəqilliyi elan olunan zaman Azərbaycan böyük prokurorluq kadrları korpusuna malik idi.

 Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bu günkü yüksək peşəkar səviyyəyə çatmışdır.

Biz bu gün prokurorluğun 80 illik yubileyini qeyd edirik. Bu yubileyi qeyd edərkən keçmiş illərdə də, o illərdə də Azərbaycanda prokurorluq orqanlarında sədaqətlə işləmiş və öz xidmətlərini göstərmiş insanları da unutmuruq. Ancaq Azərbaycanın həyatında prokurorluq orqanlarının son illərdəki fəaliyyəti bu gün xüsusi əhəmiyyət kəsb edir.

Mən hesab edirəm ki, beləliklə, respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiqli xidmət edir. Buna görə də biz 1995-ci ildə qəbul etdiyimiz ilk Konstitusiyada prokurorluğun yerini, səlahiyyətlərini və vəzifəsini müəyyən etmişik.
Biz Azərbaycanda dövlət müstəqilliyini inkişaf etdirərək, hüquqi, demokratik, dünyəvi dövlət quraraq respublikamızın dövlət orqanlarını, o cümlədən hüquq-mühafizə orqanlarını Azərbaycanın milli mənafelərinə uyğun olaraq təşkil edir və onların vəzifələrini, səlahiyyətlirini də ölkəmizin milli mənafelərini müdafiə etmək nöqteyi-nəzərindən müəyyənləşdiririk.

Belə bir dövrdə Azərbaycan Prokurorluğu Konstitusiyada müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək ölkəmizin dövlətçiliyinin qorunmasına və möhkəmlənməsinə xidmət etməlidir, qanunun aliliyini təmin etməli və qanunun aliliyinə riayət etməlidir, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının keşiyində durmalıdır. Bütün bunlar hamısı Konstitusiyada öz əksini tapıbdır. Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan prokurorluğu son illərdə bu vəzifələri uğurla yerinə yetirir.

Azərbaycanın 80 illik tarixində hər dövrün özünəməxsus xüsusiyyətləri vardır. Son on il Azərbaycanın həyatında ən ağır, ən çətin problemlər dövrü olmuşdur. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başladığı münaqişə Ermənistanın Azərbaycana qarşı silahlı hərbi təcavüzü ilə həyata keçirilmişdir. Bunların nəticəsində Azərbaycana böyük zərbələr dəymişdir.

Məlumdur ki, Azərbaycanın keçmiş hakimiyyəti Ermənistan təcavüzündən qorunmaq, torpaqlarımızı müdafiə etmək əvəzinə daxildə xalqa qarşı ədalətsiz hərəkətlər etmişdir. Azərbaycanın daxilində hakimiyyət mübarizəsi aparan qüvvələrin bu qanunsuz hərəkətləri son nəticədə çoxsaylı cinayətkar dəstələrin yaradılmasına gətirib çıxarmışdır. Beləliklə, 1990, 1991, 1992-ci illərdə və 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuşdur.

Bu illər prokurorluq orqanlarında da qeyri-sağlam vəziyyət olmuşdur. Təbiidir, belə bir dövrdə prokurorluq orqanları öz fəaliyyətini qanun çərçivəsində apara bilməzdi. Bütün bunların nəticəsində Azərbaycanda daxili ictimai-siyasi vəziyyət tamamilə pozulmuşdu. Ən dəhşətlisi odur ki, bir çox gəncləri, vətəndaşları cinayətkarlığa sövq etmişdilər, onlar cinayətkar dəstələrə qoşulmuşdular və cinayətkarlıq artmışdı.

Məhz bunların nəticəsidir ki, 1992-ci ildə Azərbaycanda cinayətkarlığın səviyyəsi, demək olar ki, ən yüksək dərəcəyə gəlib çatmışdı. Bir ildə 22 min 440 cinayət baş vermişdi. Bu, müqayisədə əvvəlki bütün illərin hamısından çox olmuşdur.

1993-cü ildən Azərbaycanda aparılan işlər birinci növbədə respublikamızda daxili ictimai-siyasi vəziyyəti sabitləşdirməyə və bunun üçün də cinayətkarlıqla mübarizəni gücləndirməyə yönəldilmişdir. Bütün bu işlərdə hüquq-mühafizə orqanlarının hamısı, o cümlədən Azərbaycan prokurorluğu fəal iştirak etmişdir. Aparılan işlərin nəticəsini rəqəmlər artıq özü-özlüyündə göstərir. Keçən il, 1997-ci ildə cinayətkarlıq 1992-ci ilə nisbətən xeyli azalmışdır. 1992-ci ildə 22 min 450, 1997-ci ildə isə 16 min 400 cinayət baş vermişdir. Şübhəsiz ki, bu da çoxdur, biz bununla da razı ola bilmərik. Ancaq biz görülən işlərin nəticəsini qiymətləndirməliyik.

Bütün bu işlərdə Azərbaycan prokurorluğu fəal iştirak etmişdir, öz xidmətlərini göstərmişdir. Xüsusən, Azərbaycanda cinayətkar dəstələr tərəfindən güclə, silah yolu ilə dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınmasında və bunun nəticəsində cinayətkarların yaxalanmasında, edilmiş cinayətlərin açılmasında, cinayətkarların qanun əsasında məsuliyyətə cəlb olunmasında, beləliklə də cinayətkarlığın qarşısının alınmasında prokurorluğun xidmətləri böyükdür.

1994-cü ilin oktyabr hadisələri, 1995-ci ilin mart hadisələri, ondan sonra yenə də böyük cinayətkar dəstələrin Azərbaycanda terror aktları, təxribat aktları həyata keçirmək cəhdləri - bunlar hamısı bizim yaxın tariximizin hadisələridir. Biz bu illəri çox ağır yaşamışıq və hüquq-mühafizə orqanlarının apardığı işlər nəticəsində, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi nəticəsində, Azərbaycan dövlətinin qətiyyətli tədbirləri nəticəsində bu cinayət hadisələrinin, Azərbaycanın müstəqilliyi əleyhinə yönəldilmiş qəsdlərin qarşısı alınmış və cinayətkarlar qanun əsasında cəzalanmışlar.

Prokurorluq orqanı hüquq-mühafizə orqanlarının içərisində xüsusi yer tutur. Prokurorluq istintaqın əsas hissəsini aparır. İstintaq isə cinayəti açmaq üçün və qanun əsasında cinayətkarın cinayətkar olduğunu sübut etmək üçün, yaxud da ki, edilmiş cinayətin məzmununu aşkar etmək üçün əsas vasitədir. Ötən beş il müddətində Azərbaycanda istintaq işlərinin çoxu bu cinayətlərlə əlaqədar aparılıbdır və bu gün məmnuniyyətlə demək olar ki, bunların nəticəsində cinayətlər açılıb, edilən cinayətlərin məzmunu aşkar olunub, ictimaiyyətə göstərilib və aparılan istintaq işləri nəticəsində çıxarılan məhkəmə hökmləri cinayətkarların cinayət etdiklərini sübut edib və beləliklə də cəmiyyətimiz, vətəndaşlarımız belə cinayətkarlardan xilas olublar. Bunlar hamısı çox əhəmiyyətli işlərdir və mən bu işlərdə prokurorluğun xidmətlərini yüksək qiymətləndirirəm.

Prokurorluq hüquq-mühafizə orqanları sistemində demək olar ki, məhkəmə ilə polis orqanları, daxili işlər orqanları, milli təhlükəsizlik orqanları arasında duran bir orqandır. Ona görə də prokurorluğun işindən çox şey asılıdır.

Yəni onun keyfiyyətindən, işin ədalətliliyindən, peşəkarlığından çox şey asılıdır. Ümid edirəm ki, Azərbaycan prokurorları öz üzərinə düşən bu məsuliyyəti dərk edirlər və bundan sonra öz işlərini daha da mütəşəkkil aparacaqlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları çox ağır bir peşə sahibləridir. Bu sahədə işə başlayan hər bir adam dərk etməlidir ki, bütün başqa sahələrə nisbətən öz üzərinə ağır bir iş götürür. Amma eyni zamanda, bu peşə həm də şərəfli peşədir. Dövlətçiliyin keşiyində durmaq, insanların hüquqlarını qorumaq, cəmiyyətdə qanun-qaydanın saxlanmasını təmin etmək və insanların rahat yaşamasına xidmət etmək - bu, çox şərəfli vəzifədir. Mən bu gün məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu vəzifələrini uğurla yerinə yetirirlər. Son beş ildə Azərbaycanda gedən proseslər, əldə olunmuş içtimai-siyasi sabitlik, cinayətkarlığın qarşısının sürətlə alınması - bunlar hamısı bizim böyük nailiyyətlərimizdir və bu nailiyyətlərin əldə edilməsində də hüquq mühafizə orqanlarının hamısının, o cümlədən, Azərbaycan prokurorluğunun xidmətləri böyükdür.

Prokuror olmaq, şübhəsiz ki, böyük intellekt tələb edir. Hüquq-mühafizə orqanlarının cürbəcür təşkilatları vardır, hər təşkilatın özünəməxsus xüsusiyyəti vardır. Ancaq prokurorluq işi yüksək intellekt tələb edən işdir, yüksək peşəkarlıq tələb edən işdir, yüksək hüquqi bilik, hüquqi təhsil tələb edən işdir. Biz bəzən özümüz-özümüzə lazımi qədər qiymət verə bilmirik. Ancaq deyə bilərəm ki, qısa bir dövrdə, son 30-40 il ərzində Azərbaycanda yüksək səviyyəli, peşəkar prokuror kadrları yetişibdir. Mən Azərbaycanda prokuror orqanlarını şəxsən 50 ildir ki, tanıyıram və müşahidə edirəm.

Mən 40-50-ci illəri xatırlayıram. Həqiqət bundan ibarətdir ki, bizim hüquq-mühafizə orqanlarında, o cümlədən prokurorluqda milli Azərbaycan kadrları azlıq təşkil edirdi və olanların da təəssüflər olsun ki, çoxları yüksək hüquq təhsilinə, biliyə malik deyildi. Şübhəsiz, sədaqətli idilər, öz işlərini görürdülər, ancaq onların bilik səviyyəsi o qədər də yüksək deyildi. İndi isə bizim bu prokurorluq orqanlarına baxıram: bizim nə qədər yüksək səviyyəli, bilikli kadrlarımız vardır. Bunlar bir gündə, bir ildə, beş ildə əldə olunmur. Qeyd etdiyim kimi, - mənim müşahidəm əsasında deyirəm, - bu, 60-70-80-ci illərdə görülən işlərin nəticəsidir. İndi Azərbaycan bir müstəqil dövlət olaraq hüquq-mühafizə orqanlarının hər bir sahəsində istənilən qədər səviyyəli kadrlara malikdir.

Mən bu gün prokurorluğun yubiley mərasimində onu da qeyd etmək istəyirəm ki, bu mərasim prokurorluq orqanlarının üzərinə çox böyük vəzifələr qoyur. İndiyə qədər bizim bu 80 illik tariximizdə prokurorluq günu, yaxud prokurorluğunda peşə bayramı heç vaxt olmamışdır.

İlk dəfədir ki, Azərbayçanda prokurorluğa belə diqqət və qayğı göstərilir və prokurorluq günü, prokurorların peşə bayramı müəyyən olunubdur. Hesab edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və prokurorluq orqanlarının əməkdaşları belə bir bayrama layiqdirlər.

Azərbaycanda prokurorluğun işində keçmiş onilliklərdə qüsurlar, nöqsanlar da çox olmuşdur. Biz bunları unutmamalıyıq. Ona görə ki, indi, bundan sonra bu nöqsanlara yol verilməsin. Bu nöqsanlar əsasən prokurorluq orqanları işçilərinin öz vəzifəsindən sui-istifadə etməsi ilə əlaqədar olmuşdur. Mən 70-80-çi illərdə Azərbaycana rəhbərlik etdiyim zaman bu mənfi hallarla çox ciddi mübarizə aparmışam. O illərdə prokurorluq orqanlarında çox sədaqətli, sağlam mənəviyyatlı əməkdaşlarla yanaşı, təəssüflər olsun ki, öz vəzifələrindən sui-istifadə edənlər də var idi.

Bu gün bizim qarşımızda duran vəzifələrdən biri ölkəmizdə korrupsiya ilə, rüşvətxorluqla mübarizəni gücləndirmək və korrupsiya, rüşvətxorluq hallarının aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Ancaq bu mübarizədə hüquq-mühafizə orqanları gərək dövlətin əsas aləti olsun. Ancaq hüquq-mühafizə orqanlarının özlərində belə hadisələr, yəni belə hallar olduğu bir zamanda, şübhəsiz ki, bu mübarizə səmərəli ola bilməz.

Hüquq-mühafizə orqanlarının içərisində isə prokurorların ən çox, ən yüksək səlahiyyəti vardır. Təsəvvür edin, prokuror vətəndaşın həbs olunması üçün qərar qəbul edir. Bunu ancaq prokuror edə bilər. Ancaq, birincisi, prokuror həmişə çalışmalıdır ki, bu qərar əsaslı olsun, ədalətli və düzgün olsun. İkincisi, əgər prokuror belə bir yüksək səlahiyyətə malikdirsə, əgər prokurora bu qədər böyük etimad göstərilirsə, prokuror nə qədər məsuliyyətli olmalıdır və mənəviyyatca nə qədər saf olmalıdır.

Güman edirəm ki, hüquq-mühafizə orqanlarının hamısı və o cümlədən Azərbaycan prokurorluğu bu orqanlara dövlət, hökumət tərəfindən göstərilən yüksək qayğıya, diqqətə və ictimaiyyət tərəfindən göstərilən böyük hörmətə cavab olaraq gərək öz sıralarını təmizləsinlər, o orqanları ləkələyən ünsürlərdən azad olsunlar. Siz də çalışmalısınız, hamımız çalışmalıyıq ki, hüquq-mühafizə orqanları dövlət orqanları içərisində həqiqətən, ictimaiyyət tərəfindən dövlətin qanunlarını həyata keçirən mənəviyyatca sağlam orqanlar kimi tanınsın.

Mən bilirəm ki, bu o qədər də asan məsələ deyil. Əgər 60-70-ci illərdə Azərbaycanda vəzifəli şəxslərin vəzifəsindən sui-istifadə etməsi, rüşvətxorluqla məşğul olması halları mövcud idisə və biz onlarla mübarizə aparırdıqsa, bu mübarizədə çox ciddi qərarlar qəbul edirdiksə, bu gün mən hesab edə bilmərəm ki, biz bu mübarizəni qurtarmışıq və indi artıq belə hallar keçmişdə qalıb, sovet hakimiyyəti dövrünə məxsus idi. Əksinə, mən hesab edirəm ki, bu keçid dövrünün bir çox problemləri ilə əlaqədar qanun pozuntuları təkcə hüquq-mühafizə orqanları tərəfindən deyil, ümumiyyətlə dövlət, hökümət orqanları tərəfindən çoxalıbdır. Vəzifəli şəxslərin vəzifəsindən sui-istifadə etmək halları artıbdır və bunların cəzasızlığını görən kütlə, ictimaiyyət də tək bu orqanlardan yox, eyni zamanda iqtidardan, hakimiyyətdən də narazı olurlar. Mən ümidvaram ki, bizim hüquq-mühafizə orqanları və xüsusən prokurorluq bu sahədə lazımi tədbirlər görəcək və qoyulan vəzifələrin həyata keçirilməsinə nail olacaqdır.

Şübhəsiz ki, keçmişdə Azərbaycan prokurorluğu sərbəst deyildi. Azərbaycan özü sərbəst olmadığı kimi, prokurorluq da sərbəst deyildi. Ancaq eyni zamanda sovet hakimiyyəti dövründə prokurorluq həddən artıq mərkəzləşmiş bir təşkilat idi. Mərkəzləşdiyinə görə də Azərbaycana qarşı ədalətsizliklər də edilirdi.
Məsələn, mən 1990-cı il 20 Yanvar hadisələrini yada saldım. Azərbaycan xalqı, ictimaiyyəti 1990-cı ilin yanvar ayında xalqımıza qarşı edilmiş bu cinayətin açılmaması və cəzasız qalmasından çox narahatdır. Bu işdə o illərdə Azərbaycan prokurorluğunun da günahı çoxdur.

Keçmiş haqqında danışarkən onu da qeyd etmək istəyirəm ki, məsələn, 1988-1989-çu illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz edildiyi bir vaxtda, eyni zamanda Azərbaycanın rəhbərliyi ilə birlikdə mərkəz prokurorluğu da xalqımıza başqa bir təcavüz edirdi. O illərdə burada heç bir cinayəti olmayan, yaxud xırda bir cinayət törətmiş nə qədər insanlar həbs olunmuşdu. Bu gün mən o günləri xatırlayıram. Böyük cinayətlər qalmışdı kənarda - Azərbaycan xalqına təcavüz edilmişdi, bu qaldı kənarda - Azərbaycanın içində Azərbaycan prokurorluğunun özü də və Moskva prokurorluğu da bir cinayəti olan və yaxud cinayəti olmayan insanları həbs edib, onlara əziyyətlər verirdilər. Prokurorluğun tarixində belə qara səhifələr də vardır.

Bütün bunlar hamısı, yəni 1988-ci ildən başlayaraq Azərbaycanda gedən proseslər respublikanın bütün dövlət orqanlarında mənfi hadisələrin baş verməsinə gətirib çıxardığı kimi, prokurorluq orqanlarında da hakimiyyətsizlik, məsuliyyətsizlik, özbaşınalıq halları geniş yayılmışdı.

Bizim hüquq-mühafizə orqanlarının içərisində 1991-ci, 1992-ci, 1993-cü illərdə cinayətkar dəstələr yaranmışdı. Daxili İşlər Nazirliyinin içərisində OMON dəstəsi cinayətkar bir dəstəyə çevrilmiş, reketlə məşğul olmuş, insanlara çox böyük əzab-əziyyətlər vermiş, insanları oğurlamış, öldürmüş və nəhayət, 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhd göstərmişdi.

Bakı şəhərində Xətai rayonunun prokuroru neçə illərdi ki, cinayətkarlıqla məşğul idi, qanunsuz silahlı dəstələr saxlayırdı, ətrafında daim avtomatla silahlanmış quldurlar gəzdirirdi. Ancaq dövlət orqanları, o cümlədən prokurorluq buna laqeyd münasibət göstərirdilər, biganə baxırdılar. Onlar da elə bir səviyyəyə gəlib çıxdılar ki, 1994-cü il oktyabr ayının 2-də Azərbaycan Prokurorluğunu işğal etdilər və Baş prokuroru, prokurorluğun bir neçə işçisini əsir götürdülər. Bu da Azərbaycan tarixinin, o cümlədən prokurorluğun tarixinin qara bir səhifəsidir. Əgər o illərdə belə cinayətkarlara qarşı lazımi tədbirlər görülsəydi, cinayətkarların azğın hərəkətlərinin qarşısı alınsaydı, onlar bu qədər qudurub prokurorluğun binasını zəbt etməzdilər və Baş prokuroru əsir götürməzdilər. Mən bu gün məmnuniyyətlə qeyd edirəm ki, məhz hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluq orqanlarının öz işçilərinin fəaliyyəti nəticəsində bütün bu cinayətlərin qarşısı alındı, cinayətkarlar yaxalandı, - hesab edirəm ki, yaxalanmayan da yaxalanacaqdır, - cinayətlər açıldı və Azərbaycanda cinayətkarlığın qarşısı güclü surətdə alınıbdır. Burada çıxışlarda deyildi ki, MDB ölkələri içərisində ən az cinayət törədilən ölkələrdən biri Azərbaycandır.

İndi Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bu, Azərbaycanın dövlətinin, hökümətinin, o cümlədən hüquq-mühafizə orqanlarının əldə etdiyi ən böyük nailiyyətdir. Biz bu ictimai-siyasi sabitliyi qoruyub saxlamalıyıq. Bu baxımdan hüquq-mühafizə orqanlarının və prokurorluğun qarşısında çox böyük vəzifələr durur.

Prokurorluq peşəsi hörmətli peşədir. Hörmətli, şərəfli peşədir. Müstəqil dövlət kimi Azərbaycan keçmiş tarixindən, ənənələrindən istifadə edərək yeni dövlət quruculuğu prosesini həyata keçirir. O cümlədən, müstəqil Azərbaycanın prokurorluğu yaranır və inkişaf edir. Bu orqanın inkişaf etməsində xidmət göstərən hər bir Azərbaycan vətəndaşı şərəfli iş görür. Mən arzu edirəm ki, hər bir prokurorluq işçisi öz peşəsinin hörmətini yüksək saxlasın, öz peşəsinin adını qorusun. O, öz peşəsinin adını qoruyaraq öz şəxsi adını qoruyacaqdır. Arzu edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və hər bir prokuroru cəmiyyətdə ən hörmətli, ən layiqli adam sayılsın. Bunun üçün böyük imkanlar var. Mən qeyd etdim, artıq Azərbaycanda güclü, yüksək səviyyəli prokuror kadrları korpusu yaranıbdır. Bu kadrlardan səmərəli istifadə etmək lazımdır. Hər bir prokurorluq işçisi də öz peşəsinə sadiq olmalıdır, məstəqil Azərbaycanın dövlətçiliyinə sadiq olmalıdır.

Son illər mən Azərbaycan prezidenti kimi hüquq-mühafizə orqanları, o cümlədən Azərbaycan prokurorluğu əməkdaşlarının ölkəmizin müstəqilliyinə, dövlətçiliyinə sadiqliyini müşahidə edirəm. Bu sədaqətə görə də təşəkkür edirəm.

Qarşıda bizim çox böyük vəzifələrimiz var. Bu vəzifələrin həyata keçirilməsində Azərbaycan prokurorluğunun da özünəməxsus yeri var. Bu gün biz 80 illik yubileyi qeyd edərkən ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir.

Əziz dostlar, mən sizi bir daha ürəkdən təbrik edirəm. Bir də qeyd edirəm, prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, siz həmişə çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram.

Hər bir Azərbaycan prokuroruna səadət, hamınıza gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.





Xalqımızın ümummilli lideri Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğu orqanlarının rəhbər işçiləri ilə keçirdiyi müşavirə və həmin tədbirdəki proqram xarakterli məruzəsi prokurorluqda həyata keçirilən demokratik məzmunlu hərtərəfli islahatların əsasını təşkil etmişdir. Ölkəmizdə həyata keçirilən islahatların memarı kimi Heydər Əliyevin nəzarəti altında və dəstəyi ilə görülən tədbirlər sayəsində Azərbaycan Prokurorluğu  dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə, insan və vətəndaş hüquqları və azadlıqlarının etibarlı qorunmasına xidmət edən sivil və demokratik bir dövlət orqanına çevrilmişdir.
«Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir.»

Heydər Əliyev

XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN
26 APREL 2000-Cİ İL TARİXDƏ RESPUBLİKA PROKURORLUĞU ORQANLARININ RƏHBƏR İŞÇİLƏRİ İLƏ KEÇİRDİYİ MÜŞAVİRƏDƏKİ MƏRUZƏSİNDƏN TEZİSLƏR

Hörmətli toplantı iştirakçıları!

 Bilirsiniz ki, Respublika Prokurorluğunun rəhbərliyində dəyişiklik edilibdir. Mən qəbul etdiyimiz bu qərarların səbəbi haqqında və Azərbaycanda prokurorluq orqanlarının gələcək vəzifələri haqqında bəzi fikirlərimi və mülahizələrimi sizə bildirmək üçün dəvət etmişəm.
Səbəblər ondan ibarətdir ki, Azərbaycanın prokurorluğunda, onun rəhbərliyində qeyri-normal vəziyyət yaranmışdır və prokurorluqda ümümən qeyri-sağlam bir mühüt mövcuddur. Təbiidir ki, müstəqil dövlətimizin məhkəmə sisteminin mühüm bir sahəsi olan prokurorluqdakı belə bir vəziyyət bizim işlərimizə uğur gətirə bilməz. Əksinə, işlərimizə zərər gətirir və özü də çox zərərlər gətirir.

Azərbaycanın Prezidenti kimi mən yüksək vəzifələrə təyin etdiyim şəxslərin hamısına inanıram. Xüsusən hüquq-mühafizə orqanlarının başçılarına, güc nazirliklərinin rəhbərlərinə inanıram və etibar edirəm. Əgər belə olmasa, birincisi, mən onları təyin etmərəm, yaxud da ki, təyinetmə zamanı ola bilər səhvlər olsun – o səhvləri aradan qaldıraram.

Mən Baş prokuror Eldar Həsənova dəfələrlə göstəriş vermişəm ki, Baş prokuror kimi siz çalışın prokurorluğun işlərini özünüz tənzimləyin, bu məsələləri bizim üzərimizə qoymayın. Baş prokurora etimad göstərilib və Baş prokuror da işləri ədalətli qurmalıdır. Əgər kimsə hansı bir səhvi, qüsuru göstərirsə, bunu araşdırmaq lazımdır. Əgər o səhv buraxılıbsa, düzəldilməlidir, əgər deyilən söz əsassızdırsa, ona sübut etmək lazımdır ki, bu, əsassızdır, sən bu məsələni doğru qaldırmırsan, yaxud da ki, səhv edirsən.

Baş prokuror prokurorluq sistemində olan bütün məsələləri özü həll etməli, özü tənzimləməlidir. Ançaq bu da ədalət prinsipi əsasında olmalı, ədalətsizliyə yol verilməməlidir. Xüsusən prokurorluq orqanının gördüyü işlərin məna və məzmununu nəzərə alaraq, təbiidir ki, hər bir məsələ ədalətli yoxlanılmalıdır. Amma bizim hüquq-mühafizə orqanlarında, o cümlədən xüsusən də prokurorluqda hər bir xırda və ya böyük iş, məsələ düzgün həll olunmursa, ya ədalətsizliyə, ya da qanun pozuntusuna yol verilirsə, yaxud kimsə öz vəzifəsindən sui-istifadə edərək ümumdövlət mənafeyinə zərər gətirirsə, bunlar hər bir halda ayrı-ayrılıqda araşdırılmalı və son nəticəyə gəlinməlidir. Bu araşdırma da ədalətli olarkən, təbiidir ki, o tərəf da, bu tərəf də anlaya bilər - kim düzdür, kim əyridir.

Ancaq onu da qeyd etmək istəyirəm ki, 1993-cü ildən başlayaraq Azərbaycanın hüquq-mühafizə orqanları Azərbaycanda vaxtilə mövcud olan cəzasızlığın, hərc-mərcliyin, qanunsuzluğun qarşısını almaq üçün çox işlər görmüşlər, Azərbaycanda 1992-ci ildə yaranmış ağır, gərgin vəziyyətdən çıxmaq üçün, vətəndaş müharibəsinin qarşısını almaq üçün, qanunsuz silahlı dəstələrin aşkar edilib ləğv olunması üçün, çox qatı, təhlükəli cinayətlər törətmiş insanların, qrupların aşkara çıxarılması, onların yaxalanması və cinayətlərini sübut etməkdən ötrü istintaqların aparılması üçün və son olaraq bu adamların məhkəmə tərəfindən ədalətli cəza almaları üçün hüquq-mühafizə orqanları, o cümlədən Azərbaycan prokurorluğu çox iş görmüşlər. 1994-cü ildə, 1995-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhdlər olmuşdur. Buna cəhd edən insanlar Azərbaycanı dağıtmaq, Azərbaycanda konstitusion hakimiyyəti ələ keçirmək məqsədi daşıyırdılar. Biz onların qarşısını aldıq. Təbiidir ki, mən bunda hüquq-mühafizə orqanlarının xidmətlərini də qiymətləndirirəm və keçmişdə də qiymətləndirmişəm.

Sonra başqa təhlükəli cinayətlər, bəzi terror aktlarına cəhdlər olubdur, bu xarakterli başqa cəhdlər olubdur. Bunların da qarşısı alınıbdır. Dövlət çevrilişi cəhdləri göstərənlərin və yaxud Azərbaycanda böyük cinayət əməlləri etmiş insanların və qrupların bir qismi qaçıb, gizlənibdir, uzun müddət müxtəlif ölkələrdə yaşayıbdır. Onların axtarılması, tapılması, aşkar edilməsi və Azərbaycana gətirilməsi sahəsində, sonra isə cinayət əməllərinin araşdırılması və məhkəməyə verilib cəzalandırılması sahəsində də hüquq-mühafizə orqanları, o cümlədən xüsusən prokurorluq orqanları, Azərbaycanın prokurorluğu çox işlər görmüşlər.

Bunları və prokurorluğun başqa nailiyyətlərini mən yüksək qiymətləndirmişəm. Bilirsiniz ki, prokurorluğun yubileyi mərasimində mən öz nitqimdə Azərbaycan prokurorluğunun işinə yüksək qiymət vermişəm, təşəkkür etmişəm. Demişəm ki, mən sizə güvənirəm, etibar edirəm. Bu sözlər adi sözlər deyildir. Bunları mən bir tərəfdən, təbiidir ki, sizin xidmətlərinizi nəzərə alaraq demişəm. İkinci tərəfdən də bu sözləri deyərək mən sizin məsuliyyətinizi artırmaq məqsədi daşımışam ki, siz həmin yüksək mənalı sözlərin səviyyəsində olasınız, sizə verilmiş yüksək qiymətin səviyyəsində olasınız.

Ancaq bununla bərabər, bununla yanaşı çox ciddi nöqsanlar, qüsurlar, ayrı-ayrı prokurorluq işçilərinin vəzifədən sui-istifadə etməsi, qanun pozuntularına yol verilməsi, cinayətkarların cinayətkar olduğunu araşdırmaq üçün istintaq zamanı ədalətsiz hərəkətlər, – bunlar da şəxsi məqsədlər naminə olubdur, – belə hallar da çoxdur.

Mən tələb etmişəm ki, mənim bu sözlərimdən nəticə çıxarılsın və prokurorluğun rəhbərliyi daha da çox işlə məşğul olsun, dedi-qodu ilə, şəxsi münasibətlərin toqquşması ilə, intriqalarla və başqa şeylərlə məşğul olmasın. Ancaq əgər vaxtında belə ciddi qərar qəbul olunmayıbsa, bu da yenə prokurorluğa göstərilən qayğının təzahürüdür. Mənim tərəfimdən qayğıdır ki, siz özünüz öz problemlərinizi içinizdə həll edin. Ancaq dövlətçilik prinsipləri əsasında, qanunçuluq prinsipləri əsasında, ədalət əsasında. Əgər bir prokurorluq işçisi qanunu pozursa, yaxud cinayət edirsə və ya o tərəf, ya bu tərəf bunun üstünü basdırırsa, onlar da bu cinayətə qoşulurlar.

Bu gün Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, sağlam mühit, sağlam əhval-ruhiyyə şəraitində dövlətin mühüm orqanı olan prokurorluqda belə vəziyyətə dözmək olmaz. Buna da birinci növbədə sizin özünüz dözməməli idiniz. Ancaq mən artıq gördüm ki, heç bir nəticə çıxmır və bu qərarları qəbul etdim.

Bütün bunların nəticəsində mən sizə məlum olan qərarı qəbul etdim. Hesab edirəm ki, düzgün etmişəm, ədalətli qərardır. Hesab edirəm ki, bu qərar təkcə işdən azad olunanlar üçün yox, bütün prokurorluq sisteminin işçiləri üçün – həm yüksək vəzifəli, həm də adi işçilər üçün – xəbərdarlıq olmalıdır, hərə özü üçün nəticə çıxarmalıdır.

Eyni zamanda bu qərar Azərbaycanın hüquq-mühafizə orqanlarının hamısı üçün bir xəbərdarlıq qərarı kimi olmalıdır. Ancaq bu nöqsanlar, bu çatışmazlıqlar bu və ya başqa şəkildə, yaxud da başqa həcmdə bizim bütün hüquq-mühafizə orqanlarında var. Ona görə də hər bir kəs, xüsusən hüquq-mühafizə orqanlarının başçıları, rəhbərlikdə olan şəxslər özləri üçün nəticə çıxarmalıdırlar, hərə bu qərardan nəticə çıxararaq özü öz sahəsinə birdə diqqətlə yanaşmalıdır. Diqqətlə yanaşmağın məqsədi də ondan ibarət olmalıdır ki, bizim hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür.

Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə-işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir. Mənəviyyatın da hamısı qanunun içərisindədir. Heç kəs öz şəxsi məqsədinə, mənafeyinə, yaxud dostunun, qardaşının, qohumunun xahişinə, mənafeyinə görə qanunu poza bilməz.

Prokurorluğun rəhbərliyində yaranmış bu qeyri-normal vəziyyətin ən eybəcər cəhəti də ondan ibarətdir ki, prokurorluğun rəhbərliyi aralarında olan münasibətləri prinsipial nöqteyi-nəzərdən araşdırmaq, kimin hansı səhvi varsa, onu sübut etmək və aradan qaldırmaq üçün lazımi tədbirlər görmək əvəzinə, bir-biri ilə respublikada olan qəzetlər vasitəsilə mübarizəyə keçmişlər.

Mən bu barədə fikirlərimi deyərək, təkcə hüquq-mühafizə orqanlarına, prokurorluğa yox, Azərbaycanın bütün dövlət, hökumət orqanlarına – aşağıdan yuxarıya qədər – bir daha xəbərdarlıq edirəm. Biz insanları tərbiyələndirmək istəyirik. Biz insanları mənəviyyatca təmizləmək istəyirik. Ancaq bəziləri yüksək vəzifə alandan sonra – mən bunu da xüsusi qeyd edirəm – bu vəzifədən bir müddət sui-istifadə etməyə, ondan sonra daha da başqa hərəkətlər etməyə başlayır. Bunların da sonu bu olur.

1996-cı ildə mənə gəlib dedilər ki, bir şikayətçi var. Mən onu qəbul etdim. Onu dinləyəndə mən həqiqətən dəhşətə gəldim ki, əcaba, düzmü deyir, belədirmi? Həmin adam şikayət edirdi ki, gərək ki, onun oğlunu günahsız yerə həbs ediblər və öldürüblər. Soyuducular zavodunda «Çinar» şirkəti var. Bilirsiniz ki, bir neçə dəfə həmin zavodun rəhbərlərinə gah sui-qəsd olunmuşdu, gah xəsarət yetirilmişdi, gah da kimisə öldürmüşdülər. Son dəfə soyuducu zavodunun direktoru vəzifəsini icra edən Nicat Süleymanzadəni yaralamışdılar. Guya «günahkarları» tapıblar və onlardan biri də orada həmkarlar təşkilatının sədri Camal Əliyevdir. Süleymanzadəni yaralamışdılar, guya həmin işi bu təşkil edibdir. Onu həbs ediblər, 17-ci polis bölməsinə aparıblar. Polis işçiləri və Bakı şəhər prokurorluğu orada istintaq aparıblar. Təbiidir ki, bu adam deyibdir ki, günahım yoxdur, bu işləri mən etməmişəm. Ancaq onu döyüblər, ona işgəncə veriblər. Onu o qədər döyüblər, axırda orada döyüb öldürüblər.

 Mən əmr verdim, Ramiz Mehdiyevin rəhbərliyi ilə komissiya yaratdıq ki, bu komissiya bu işi araşdırsın. Araşdırdılar, amma son nəticə ondan ibarət oldu ki, həmin o Camal Əliyev günahkar deyil, günahkar başqalarıdır. Ó˜liyev Camalın cəsədini da çıxarıb eksqumasiya etmişdilər, yoxlamışdılar ki, onu qandallayıblar, dişlərini vurub sındırıblar, bədəninə 30 xəsarət yetiriblər. Yəni bu qədər vəhşilik təsəvvür ediləsi deyil. Bunu nə üçün ediblər? Ona görə ki, cinayətkarı gizlətsinlər, məsuliyyətdən xilas etsinlər. Təbiidir ki, bu da asan deyil yəqin, ondan çox miqdarda, müəyyən rüşvət alıblar və bu adamı döyüb-öldürüb «günahkar» ediblər.

Bunu gəlib məruzə edəndə, əmr verdim ki, bu işləri görmüş adamlar cəzalanmalıdırlar, yenidən istintaq aparılıb günahkarlar müəyyən olunmalıdır, Prokurorluq sonra bu məsələni yenə də uzatdı. Nəhayət, günahkarlardan üç nəfər polis işçisi həbs olundu, amma iki nəfəri qaçdı. Onlar indiyə qədər də tapılmır. Amma üç nəfər həbs edildi.

İstintaq şöbəsinin rəisi Vidadi Səmədov bu işin «uğurla» həyata keçirilməsi üçün təltif olunmuşdu. Mən dedim ki, bu adamlar cinayət ediblər. Demək, cinayət etdiklərinə görə məsuliyyət daşımalıdırlar. İndi sonra nə olub, nə aşkar edilib? Bu barədə istintaq aparan Respublika Prokurorluğunun işçiləri təklif veriblər ki, həmin o şəxs - Vidadi Səmədov bu işə görə məsuliyyətə cəlb olunmalıdır, həbs edilməlidir. Eldar Həsənov 7 ay buna razılıq verməyibdir, ondan sonra onu işdən azad edibdir, o da qaçıbdır.

Bilirsiniz, səhv ola bilər, nəyi isə bilmədiyinə görə insan qanunsuz bir iş görə bilər. Amma bu, o qədər aşkar işdir ki, mən bu məsələni müzakirə etmişəm, komissiya yaratmışam, nəzarət altına götürmüşəm və tələb etmişəm ki, həqiqət ortaya çıxsın, o cür cinayət etmiş insanlar cəzalansınlar. Belə halda Eldar Həsənov o adama havadarlıq edir, onun məsuliyyətə cəlb olunmasına 7 ay icazə vermir, o adam da qaçıb gizlənir, tapılmır. Mən o gün də dedim, bu gün də deyirəm, - buna xəyanətdən başqa bir söz deyə bilmərəm.

Mən bir faktı deyirəm. Çünki bu, şəxsən mənim nəzarətim altında olan işdir. İndi mən təsəvvür edirəm, fikirləşirəm əcaba, əgər mənim mudaxilə etdiyim, xüsusi komissiya yaratdığım, nəzarətim altında olan işdə də xəyanət edirlərsə, onda bəs nə etməli?

Mən dedim ki, respublikanın prokurorluq orqanlarında ciddi təmizləmə işi getməlidir. Birincisi, ona görə ki, biz «Prokurorluq haqqında» Qanun qəbul etmişik. Bu qanuna görə prokurorluğun səlahiyyətləri indiyə qədər olduğundan xeyli azalıbdır, ixtisar edilibdir. Ona görə də bir çox şöbələr, bölmələr təbiidir ki, ləğv olunur. Belə halda işin öhdəsindən gələ bilməyənlər, yaxud qanun pozuntusuna yol verənlər, başqaları, təbiidir ki, prokurorluq orqanlarından azad olunmalıdır.

«Prokurorluq haqqında» Qanun çox böyük əhəmiyyətə malikdir. Mən bildirdim ki, 1995-ci ildə bizim qəbul etdiyimiz Konstitusiyaya görə prokurorluq məhkəmə hakimiyyətinin daxilindədir. Ancaq hələ indiyə qədər Azərbaycanda prokurorluq Sovet İttifaqının prokurorluq sistemi çərçivəsində və o prinsiplər əsasında işləyir. Təbiidir ki, bu da artıq mümkün deyildir. Çünki biz hüquqi, demokratik dövlət qururuq. Demək, hər şey hüququn, qanunun əsasında olmalıdır. Demokratik ölkələrdə, hüquqi dövlət olan ölkələrdə hər bir məhkəmə hakimiyyətinin öz yeri, prokurorluğun da öz yeri vardır. Amma bu yer Sovet İttifaqının yaratdığı prokurorluq sistemindən çox fərqlidir.

Ancaq təəssüflər olsun ki, bizim məhkəmə orqanlarından, Daxili İşlər Nazirliyindən fərqli olaraq, burada prokurorluq mühafizəkar mövqe tutubdur, Sovet İttifaqı dövründə yaranmış prokurorluq sistemini saxlamağa və əlində olan səlahiyyətləri saxlamağa çalışıbdır.

«Prokurorluq haqqında» Qanun bir il əvvəl qəbul olunmalı idi. «Prokurorluq haqqında» Qanun layihəsini təqdim etdi, bizim hüquqçular, ekspertlər müzakirə etdilər və məlumat verdilər ki, bu, köhnə Sovet prokurorluq səlahiyyətlərinin hamısını özündə əks etdirən bir qanun layihəsidir. Mən dedim ki, bu, ola bilməz, qanun layihəsini qanun tələblərinə, Konstitusiya tələblərinə, beynəlxalq hüquq normalarının tələblərinə uyğunlaşdırıb gətirin, təqdim edin. Mən bu işə müdaxilə etdim, onun qarşısını aldım. Amma bu qanunun qəbul olunması bir il kecikdi. Əgər prokurorluq dövlətə mənsubdursa, dövlət prokurorluğu bu cür görmək istəyir. Sizə hansı sistem veriləcək, o sistemlə işləyə bilərsiniz – işləyin, işləyə bilməzsiniz – çıxın gedin.

Heç kəs daimi deyildir. Amma hüquqi dövlət daimidir. Biz bu hüquqi dövləti, demokratik dövləti yaradırıq və onu pillə-pillə yüksəklərə qaldırırıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır. Biz bir tərəfdən beynəlxalq hüquq normalarına uyğun olmaq, demokratik dövlət qurmaq, demokratik təşkilatlara, Avropa Şurasına daxil olmaq istəyirik. O biri tərəfdən də keçmiş Sovet İttifaqının prokurorluq sistemini özümüzdə saxlamaq istəyirik.

Bizim bütün məhkəmə sistemində işləyən işçilər, hüquq-mühafizə orqanlarında işləyənlər bilsinlər ki, bəli, biz hüquqi dövlət qururuq. Hüquqi dövlət qurmaq üçün müvafiq qanunlar qəbul etmişik və bundan sonra da edəcəyik. Bunun qarşısını almaq mümkün deyil. Kim bunun qarşısını alacaqsa, biz onu yolumuzdan kənarlaşdıracağıq.

İkinci vəzifə ondan ibarətdir ki, bu qanunları düzgün icra etmək lazımdır. Ona görə də mən bu gün sizdən tələb edirəm: «Prokurorluq haqqında» Qanun qəbul olunubdur, o qanun necə var, o cür də yerinə yetirilməlidir.

Mən ümidvaram ki, «Prokurorluq haqqında» Qanun, məhkəmə sistemi haqqında qəbul olunmuş qanun ardıcıl surətdə yerinə yetiriləcəkdir. Ó˜minəm, bunlar hamısı, birincisi, Azərbaycanda qanunun aliliyini təmin edəcək, ikincisi, vətəndaşların hüquqlarının qorunmasını təmin edəcək, üçüncüsu də cinayətkarlıqla mübarizəni daha da səmərəli edəcəkdir.

Hüquq-mühafizə orqanlarının işində, o cümlədən xüsusən prokurorluğun fəaliyyətində işimizə böyük zərər vuran bir nöqsan da hələ ki, aradan götürülməyibdir. Bu da müxtəlif yoxlamalar və bu yoxlamalar vasitəsilə xüsusən özəl sektorun inkişaf etməsinə maneçilikdir.

Mən əsassız yoxlamaların qadağan edilməsi və bu barədə hüquq-mühafizə orqanlarının vəzifələri haqqında 1997-ci ildə və 1999-cu ildə iki fərman vermişəm. Doğrudur, o fərmanlardan sonra yoxlamaların sayı azalıbdır. Ancaq bu yoxlamalar davam edir. İkincisi də, hüquq-mühafizə orqanlarında, xüsusən prokurorluqda bu yoxlamalar üçün başqa variantlar tapırlar. Bu variantlar da ondan ibarətdir ki, guya haradasa bir şirkətdə nəsə bir şey var, onu bəhanə tutub beş, on, on beş şirkəti başlayırlar yoxlamağa ki, bəlkə bu cinayət onlarla da əlaqədardır.

Mən sizdən tələb edirəm! Sizin bu yoxlamalarınız dövlətə lazım deyil, bilin! Çünki onların heç birisindən bizim dövlətimizə bir xeyir gəldiyini bu illərdə görməmişəm. Ancaq zərəri böyükdür. Bilirsiniz, belə yoxlamalar həm xarici investisiyaların Azərbaycana gəlməsinə böyük maneçilik törədir, həmdə Azərbaycanda özəl sektorun yaranmasına.

Bir sözlə, mən bütün hüquq-mühafizə orqanlarına deyirəm, bütün yoxlama orqanlarına deyirəm – əsassız, qanunsuz yoxlamaların qarşısı alınmalıdır və özəl sektorun inkişafına şərait yaradılmalıdır.
Əgər biz bu dövləti, demokratik, hüquqi dövləti, bazar iqtisadiyyatı yolu ilə gedən dövləti qursaq – və bunu qurmalıyıq – Azərbaycanın iqtisadi potensialı o qədər böyükdür ki, onu tezliklə hərəkətə gətirib Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcəyik və ölkəmizin hər bir vətəndaşına normal, firavan həyat sürməyi təmin edə biləcəyik. Bu, bizim hamımızın vəzifəsidir. Təkcə prezidentin yox, hər bir vəzifəli şəxsin vəzifəsidir, hər bir vətəndaşın vəzifəsidir.

Bu gün siz prokurorluqda yaranmış vəziyyət haqqında mənim fikirlərimi dinlədiniz və mən sizin qarşınızda duran vəzifələri də dedim. Baş prokuror özü, gələcəkdə onun müavinləri və başqa rəhbər işçilər bu prinsiplər əsasında işləməlidirlər. Pəncərələri açın, açın pəncərələri, keçmişdə prokurorluqda olan bütün qeyri-sağlam ab-havanı təmizləyin. Orada yaxşı bir hava olsun, sağlam hava, sağlam mühit olsun, işləyin.

Yenə də deyirəm, mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır və bunlarsız iş gedə bilməz. Amma eyni zamanda kimsə bizim bu işlərimizə mane olursa, qanunları pozursa… Xüsusən gərək rəhbərlikdə səmimi münasibətlər olsun. Gələcəkdə Baş prokurorun müavinləri olaçaqdır. İndi biz müavinləri də bir az ixtisar edirik, yeni qanunla müavinlər ixtisar olunur. Ona görə gərək müavinlər də düzgün seçilsin, idarə rəisləri də. Kim bu tələblərə cavab verirsə – işləsin, amma kim ki, bu tələblərə cavab vermir, demək, dəyişilməlidir.

Başqa işlər də görülməlidir. Ancaq yenə də deyirəm: siz bilin, dövlətçilik prinsipi, qanunun aliliyi bizim hamımız üçün hər şeydən üstün olmalıdır – Prezident üçün də, hər bir prokuror üçün də, hər bir polis üçün də, hər bir vətəndaş üçün də!

Mən bu gün bu tənqidi sözləri sizə deyərək, eyni zamanda ümid edirəm və çox ümid edirəm ki, sizə ünvanlanmış sözlərimdən nəticə çıxaracaqsınız və prokurorluğun işində ciddi dönüş yaradacaqsınız, öz nailiyyətlərinizlə həm kollektivinizdə sağlam əhval-ruhiyyə yaradacaqsınız, sağlam mənəviyyat muhiti yaradacaqsınız, həmdə respublikada prokurorluğun hörmətini qaldıracaq, dövlət qarşısında öz vəzifələrinizi yerinə yetirə biləcəksiniz.

Sizə uğurlar arzulayıram. Sağ olun.