Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçilərinin məqalə və çıxışları

2019-10-01
Azərbaycan Prokurorluğunun zəngin və şərəfli tarixi

Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni zamanda, çox şərəfli, hörmətli peşədir.

Heydər Əliyev
Ümummilli lider


Prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü haqqında” 17 iyul 1998-ci il tarixli sərəncama əsasən, öz peşə bayramlarını qeyd etmək imkanı əldə etmiş prokurorluğun kollektivi hər il olduğu kimi, bu il də növbəti peşə bayramını qeyd edir. Fəxr olunmalıdır ki, Azərbaycan Prokurorluğu hər zaman xalqına və dövlətinə sıx bağlılığı, şərəfli fəaliyyəti ilə seçilməklə, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində xüsusi xidmətlər göstərmişdir.

1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra dövlət quruculuğunda qarşıda duran mühüm vəzifələrdən biri də müstəqil dövlətin hüquq-mühafizə sisteminin, o cümlədən məhkəmə və prokurorluq orqanlarının yaradılması olduğundan, elə ilk vaxtlardan bu istiqamətdə mühüm işlər görülməyə başlandı. Azərbaycan hökumətinin qərarı ilə əvvəllər mövcud olmuş, o cümlədən Bakı Soveti dövründə yaradılmış məhkəmə və istintaq orqanlarının, eləcə də məhkəmə səlahiyyətli komissiyaların fəaliyyəti dayandırıldı və Bakı Dairə Məhkəməsinin, habelə ona tabe olan struktur qurumların işi bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başladı və bununla da, Azərbaycan Prokurorluğunun əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti Prokurorluğunun fəaliyyəti əsasən məhkəmədə dövlət ittihamını müdafiə etməkdən və qanunların düzgün tətbiqinə nəzarət funksiyalarını həyata keçirməkdən ibarət olmuşdur. Bununla bərabər, prokuror müavinlərinə, həmçinin ibtidai istintaqın aparılmasına faktiki nəzarət vəzifəsi də həvalə edilmişdir.

Qeyd olunmalıdır ki, Cümhuriyyət dövründə hərbi məhkəmələrin nəzdində də Prokuror Nəzarəti qurumu mövcud olmuşdur. Sözügedən qurumun fəaliyyəti 14 aprel 1919-cu il tarixdə qəbul edilmiş “Hərbi və alay məhkəmələrinin yaradılması haqqında” Qanunla (Məhkəmeyi-hərbiyyə qanunu) tənzimlənmişdir. Hərbi Məhkəmənin prokuroru və daimi üzvləri nazirin əmri ilə hərbi prokuror, dairə məhkəməsi prokurorunun müavini, hərbi hakim və ya müstəntiq, alay hakiminin təhqiqat üzrə köməkçisi, yaxud vəkil vəzifələrində işləmiş şəxslərdən təyin olunurdular. Hərbi prokuror, onun müavinləri, hərbi müstəntiq isə ali hüquq təhsili almış və ya məhkəmə işində təcrübəsi olan şəxslərdən seçilirdi. Azərbaycan Ordusu 1919-cu ilin avqust ayına qədər Gəncə şəhərində yerləşdiyindən, Azərbaycan Hərbi Məhkəməsi və Azərbaycan Hərbi Prokurorluğu da orada fəaliyyət göstərmişdir. Ordu Bakı şəhərinə köçürüldükdən sonra, adları çəkilən qurumlar da fəaliyyətlərini Bakıda davam etdirmişlər. Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, respublikanın ədliyyə, məhkəmə və prokurorluq orqanlarının yaradılmasına xüsusi əhəmiyyət verilmişdir. Bununla belə, digər sahələr kimi, bu sahədə də qarşıya qoyulan ali məqsədlərə tam nail olunmamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra demokratik respublikanın mövcud olduğu dövrdə yaradılmış bütün struktur qurumların, o cümlədən prokurorluq və istintaq orqanlarının yenidən yaradılması prosesi başladı.1920-ci il aprelin 28-də Azərbaycan Məhkəmə Palatası Prokurorunun tabeliyindəki prokurorlara “Hökumətin prokurorluğa və məhkəməyə aid olan xüsusi sərəncamı olmadan bütün əməkdaşlar öz yerlərində qalaraq, xidməti vəzifələrinin icrasını davam etdirməklə, sakitliyə riayət etsinlər” məzmunlu müraciət məktubu göndərildi. Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli “Xalq Məhkəməsi haqqında” dekret ilə Azərbaycan Məhkəmə Palatası, Bakı və Gəncə dairə məhkəmələri, onların yanında fəaliyyət göstərən prokuror nəzarəti və istintaq hissələri ləğv edilərək, cinayət işləri üzrə məhkəmədə ittiham və müdafiə funksiyalarının həyata keçirilməsi üçün qəza və quberniya sovetlərinin icraiyyə komitələri yanında ittihamçılar və müdafiəçilər kollegiyaları yaradıldı. 11 iyun 1922-ci il tarixdə Azərbaycan MİK-in qəbul etdiyi “Azərbaycan SSR Dövlət Prokurorluğu haqqında” Dekretdə isə Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının tərkibində xalq ədliyyə komissarı olan Baş prokurorun rəhbərlik etdiyi və kifayət qədər səlahiyyətlərə malik sovet prokurorluğu orqanının təsis edilməsi nəzərdə tutuldu. 17 noyabr 1923-cü il tarixdə, prokurorluğun təhqiqat və istintaq orqanlarının fəaliyyətinə nəzarət və məhkəmədə dövlət adından ittihamı müdafiə etmək funksiyalarına malik olduğunu özündə əks etdirən “Azərbaycan SSR-nin məhkəmə quruluşu haqqında” 1922-ci il Əsasnaməsinə dəyişikliklər edilərək, həmin hüquqi akta dövlət prokurorluğu barədə xüsusi bölmə əlavə olunmuş, bununla da, Xalq Ədliyyə Komissarlığının nəzdində prokurorluq təsis edilmişdir. 6 iyun 1927-ci il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin təsdiq etdiyi “Məhkəmə quruluşu haqqında” yeni Əsasnamədə bütöv bir bölmə prokurorluğa həsr olunmaqla, Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının tərkibində Respublika Prokurorluğu İdarəsi yaradılmış və prokurorluğun ərazi orqanlarında dəyişikliklər edilərək, əvvəllər fəaliyyət göstərmiş mahal prokurorluqları birbaşa respublika prokuroruna tabe olan qəza və şəhər prokurorluqları ilə əvəz olunmuşdur. 1929-cu ilin iyun ayında isə Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə dəyişiklik edilməsi ilə əlaqədar qəza prokurorluqlarının əvəzinə yenidən mahal prokurorluqları yaradılmışdır.
1936-cı ildən etibarən SSRİ-də mərkəzi hakimiyyətin gücləndirilməsi, İttifaq respublikalarının səlahiyyətlərini məhdudlaşdırmaqla asılılığın artırılması məqsədilə prokurorluq sisteminin də mərkəzləşdirilməsi prosesi həyata keçirilmiş, SSRİ MİK və XKS-nin “SSR İttifaqı Xalq Ədliyyə Komissarlığının yaradılması haqqında” 20 iyul 1936-cı il tarixli qərarı ilə bütün müttəfiq respublikaların, o cümlədən, Azərbaycan SSR-nin prokurorluq və istintaq orqanları Xalq Ədliyyə Komissarlığının sturukturundan çıxarılaraq birbaşa SSR İttifaqı Prokurorluğunun tabeliyinə verilmişdir. İkinci dünya müharibəsi dövründə digər dövlət qurumları kimi prokurorluğun da fəaliyyəti bir müddət hərbi məqsədlərə, daha dəqiq desək, ölkənin hərbi gücünə xələl gətirə biləcək hallarla mübarizəyə yönəldilmişdir. 24 may 1955-ci il tarixdə “SSRİ-də prokuror nəzarəti haqqında” Əsasnamə təsdiq edilmiş və orada prokurorluğun əsas təyinatının qanunçuluğun təmin edilməsindən ibarət olması vurğulanmaqla, vəzifələr və fəaliyyət istiqamətləri konkret müəyyən olunmuşdur. 1979-cu il noyabrın 30-da isə “SSRİ Prokurorluğu haqqında” Qanun qəbul olunmuş və həmin vaxtadək qüvvədə olan normativ hüquqi aktlardan fərqli olaraq yeni qanunla prokurorluğun səlahiyyətləri xeyli genişləndirilərək fəaliyyət istiqamətləri və funksiyaları uzun müddətli, daha dəqiq və əhatəli tənzimlənmişdir. Qeyd olunan qanunun bəzi müddəalarından irəli gələn bir sıra məsələlərin əlavə tənzimlənməsinə ehtiyac yarandığından “SSRİ Prokurorluğu orqanları işçilərinin rütbə dərəcəsi haqqında” 28 oktyabr 1980-ci il tarixli, “SSRİ Prokurorluğu orqanları prokurorlarının və müstəntiqlərinin həvəsləndirilməsi və intizam məsuliyyəti haqqında” 17 fevral 1984-cü il tarixli və “Prokuror-kriminalistlər haqqında” 27 iyun 1984-cü il tarixli əsasnamələr və digər normativ hüquqi aktlar qəbul edilmişdir. Yeri gəlmişkən qeyd olunmalıdır ki, SSRİ Prokurorluğu sisteminə daxil olan Hərbi Prokurorluğun fəaliyyətini isə onun strukturunu, funksiya və səlahiyyətlərini müəyyən edən “Hərbi Prokurorluq haqqında” 14 dekabr 1966-cı il tarixli Əsasnamə xeyli müddət tənzimləmişdir. “Hərbi Prokurorluq haqqında” 4 avqust 1981-ci il tarixli Əsasnamə isə uzun müddət, hətta ölkəmiz müstəqillik əldə etdikdən sonra belə, müəyyən dövr ərzində Hərbi Prokurorluğun fəaliyyətinin hüquqi əsası olmuşdur.

Müasir tələblərə cavab verən prokurorluğun formalaşması

Müstəqil Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən olkəmizin ali qanunu olan Konstitusiyanın qəbul edilməsi, orada hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunması, qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, yeni idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının, o cümlədən prokurorluğun müasir dövrün tələblərinə uyğun formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı nəhəng işlərin sayəsində mümkün olmuşdur.
Azərbaycan Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinə, insan hüquqlarının və azadlıqlarının müdafiəsinə xidmət edən sivil bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericiliyin təkmilləşdirilməsi, maddi və sosial bazanın yaradılması, ölkəmizdə həyata keçirilən köklü islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının təşəbbüskarı və rəhbəri, dahi lider Heydər Əliyevin müdrik siyasətinin bəhrəsi olmuşdur. Hakimiyyətdə olduğu bütün dövrlərdə prokurorluğa böyük dəstək, yüksək diqqət və xüsusi qayğı göstərmiş ümummilli lider Heydər Əliyev deyirdi: “Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır...”. Ümummilli liderin söylədiyi bu dəyərli kəlamlar reallığa çevrilməklə davamlı xarakter aldı.
Sirr deyil ki, istər Azərbaycan Demokratik Respublikasının mövcudluğu zamanı, istərsə də ölkəmizin SSRİ-nin tərkibində olduğu dövrdə milli prokurorluq orqanları tam formalaşa, cəmiyyətdə və dövlətdə öz layiqli yerini tuta bilməmiş, onun milli maraqları və insan hüquqlarını layiqincə müdafiə edən təsisata çevrilməsi mümkün olmamış, müstəqilliyimizin ilk illərində isə ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında olan uçurum səbəbindən vəzifə uğrunda gedən mübarizələrdə bir alətə çevrilmişdir. Bununla belə, çətin dövrlərdə, eləcə də ölkəmizdə separatçılıq meyillərinin və dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında prokurorluq əməkdaşları da üzərlərinə düşən vəzifələri layiqincə icra edərək, dövlətimizin suverenliyinə və müstəqilliyinə qarşı ağır cinayətlər törətmiş şəxslərin tez bir zamanda ifşa edilib məsuliyyətə cəlb olunmasına bütün güclərini səfərbər etməklə cəmiyyətin və dövlətin onlara olan etimadını doğrultmuşlar.
Müstəqilliyin ilk illərində ictimai münasibətlərin əhəmiyyətli dəyişməsi yeni qanunların qəbul edilməsini zəruri etsə də, bu prosesin qısa bir zamanda və ələlxüsus da, əlverişsiz ictimai-siyasi bir şəraitdə baş tutması mümkün olmadığı üçün, müvəqqəti olaraq əvvəlki qanunlardan istifadə edilməsi labüd olduğundan, 18 oktyabr 1991-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 4-cü maddəsində müvafiq qanunlar qəbul edilənədək keçmiş SSRİ qanunlarının respublikanın suverenliyinə və ərazi bütövlüyünə zidd gəlməyən həddə Azərbaycan Respublikasında qüvvəsini saxlamasına dair müddəalar təsbit edildi. Ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməyə başlandı. Hər kəsə məlumdur ki, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların əsasını və onun hüquqi bazasının təməlini ulu öndərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmiş və ali qanunda ilk dəfə olaraq cinayət mühakimə icraatında mühüm funksiyaları yerinə yetirməsi nəzərə alınmaqla ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, funksiyaları və səlahiyyət dairəsi qanunvericilik qaydasında təsbit olunmuşdur. Bir müddət sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etdi. Beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası qanunlarının və digər hüquqi aktların qəbul olunması ilə prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi baza dövrün tələblərinə və beynəlxalq standartlara uyğun formalaşdırıldı. Xüsusi vurğulanmalıdır ki, ulu öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin qəbul edilməsi və onun icraya yönəldilməsi Azərbaycan Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi əhəmiyyətli məsələnin hüquqi əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər rəhbər tutularaq, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsi nəticəsində prokurorluğun kadr tərkibinin yüksək mənəvi keyfiyyətlərə və dərin biliyə malik, geniş dünyagörüşü olan, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq, bir sözlə, püxtələşmiş gənc hüquqşünaslardan formalaşdırılmasına və mütəmadi olaraq yenilənməsinə müyəssər olunmuşdur. 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi prokurorluğun əhəmiyyətini daha da artırdı. Beləliklə, ölkədə görülən nəhəng işlər çərçivəsində həyata keçirilən mütərəqqi islahatlar sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında struktur və mahiyyət baxımından tamamilə yenidən qurulmuş, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilmiş, fəaliyyəti, eləcə də vəzifələri və səlahiyyətləri beynəlxalq standartlara uyğun və müasir tələblərə cavab verən Azərbaycan Prokurorluğu formalaşdırıldı. Göründüyü kimi, Azərbaycanı bütün bəlalardan və çətinliklərdən məharətlə qorumaqla, qısa zaman ərzində ölkəsini olduqca çətin vəziyyətdən yüksək peşəkarlıqla çıxarmış müdrik lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət qurumlarının, o cümlədən prokurorluğun müasir dövlət təsisatına çevirilməsi istiqamətində görülən əhəmiyyətli işlərin nəticəsində prokurorluq demokratik orqan kimi tamamilə yenidən təşkil olunaraq, dövlət orqanları sırasında öz layiqli yerini tutdu və bununla da, dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildi.


Qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində Hərbi Prokurorluğun rolu

Hərbi prokurorluq orqanlarının fəaliyyəti Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətlərin və digər qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, o cümlədən hərbi idarəçilik strukturlarında hərbi qulluqçuların və mülki vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vuracaq əməllərin qarşısının alınmasına, işin səmərəliliyinin artırılmasına, eyni zamanda, dövlətimizin qüdrətinə xələl gətirə biləcək hallarla mübarizəyə yönəlmişdir. Qeyd olunmalıdır ki, müstəqil Azərbaycanın prokurorluq, o cümlədən Hərbi Prokurorluq orqanlarının formalaşması prosesində, fəaliyyət istiqamətlərinin və səlahiyyətlərinin qanunvericiliklə müəyyən edilməsində yeni mərhələ ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanmışdır. Bu məqsədlə, müxtəlif qanunlar qəbul edilmiş və Milli Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün bir sıra digər müstəsna əhəmiyyətli işlər görülmüşdür. Dərin minnətdarlıq hissi ilə qeyd etmək zəruridir ki, bu istiqamətdə aparılan islahatlar bu gün möhtərəm Prezidentimiz tərəfindən də müvəffəqiyyətlə davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hərbi Prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin müasir tələblərə uyğun aparılmasının təmin edilməsi məqsədilə imzaladığı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr ediməsi haqqında” 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə törədilən və hazırlanan cinayətlərin qarşısının alınmasında mühüm əhəmiyyətə malik əlavə səlahiyyətlərin verilməsi və buna uyğun olaraq mövcud strukturda müvafiq dəyişikliklər edilməklə yeni qurumların yaradılması Hərbi Prokurorluğun fəaliyyətinin səmərəliliyini şərtləndirdi. Möhtərəm Prezidentimizin dəyərli tövsiyələri və hərtərəfli dəstəyi ilə Azərbaycan Prokurorluğunda, o cümlədən Hərbi Prokurorluqda həyata keçirilən islahatlar bu orqanın milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun hərtərəfli müasirləşdirilməsi, səmərəli fəaliyyəti üçün bütün imkanların yaradılması ilə nəticələndi. Bütün bunlar hərbi prokurorluq işçilərinin xidməti vəzifələrinə vicdanla və daha ciddi yanaşmalarına rəvac verdi.
Hərbi Prokurorluğa və onun əməkdaşlarına dövlət səviyyəsində verilən yüksək dəyərin məntiqi nəticəsi olaraq, 2005-ci ildən başlayaraq, xüsusən də son dövrlərdə bu qurum fəaliyyətində ardıcıl nailiyyətlər əldə etmişdir. Qazanılan uğurlardan bəhs edərkən xüsusi vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılmış, uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallarda isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmadığından, icraatı dayandırılmış cinayət işlərinin 2005-ci ildən başlayaraq təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilmişdir. Belə ki, icraatı təzələnmiş işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində məharətlə həyata keçirilmiş prosessual rəhbərlik, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, eləcə də istintaqçıların peşəkarlığı və əzmi sayəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə istintaq olunan 30-a yaxın cinayət işinin ibtidai araşdırmasının yekunlaşdırılmasına, o cümlədən cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunmuşdur.
Qeyd etmək lazımdır ki, göstərilən cinayət işləri üzrə nöqsanlara və qanun pozuntularına yol vermiş prokurorluq işçiləri müvafiq məsuliyyətə cəlb edilmişlər. Yeri gəlmişkən, o da qeyd olunmalıdır ki, 2005-ci ildən etibarən Silahlı Qüvvələrdə səbəb və şəraitindən asılı olmayaraq baş vermiş hər bir ölüm hadisəsi üzrə cinayət işi başlanmış, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin edilmişdir. Eyni zamanda, hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, eləcə də iş üzrə əməllərində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş şəxslərin digər müvafiq məsuliyyətə cəlb edilməsi təmin olunmuşdur.
Sözsüz ki, sadalananlarla kifayətlənilməmiş, Silahlı Qüvvələrdə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində müxtəlif səmərəli tədbirlər həyata keçirilmişdir. Belə ki, Silahlı Qüvvələrdə cinayətkarlığın qarşısının alınması məqsədilə müxtəlif qəbildən olan cinayətlərin istintaq və məhkəmə təcrübəsi dövri olaraq ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair aidiyyatı qurumların rəhbərlərinə məlumat məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilmişdir.

Qeyd olunanlarla bərabər, Azərbaycan ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarına riayət olunmasını, qanunçuluğun və hüquq qaydasının qorunmasını təmin etmək məqsədilə hər il Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumlarla birgə hazırladığı “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında adıçəkilən qurumların yüksək vəzifəli əməkdaşlarının iştirakı ilə səmərəli işlər görülmüş, eləcə də, mütəmadi olaraq hərbi qulluqçuların fərdi qəbullarının keçirilməsi təmin olunmuşdur. Eyni zamanda, milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edilmiş və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunmuşdur. Bundan başqa, əsgərlərin, xüsusən də hərbi xidmətə yeni başlayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə tam məlumatlandırılmasını, o cümlədən bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmasını, nizam-intizamın daha da möhkəmləndirilməsini və onların hərtərəfli maarifləndirilməsini təmin etmək məqsədilə “əsgər kitabçası” broşürləri hazırlanaraq, əsgərlərə çatdırılmışdır.
Bunlarla yanaşı, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini və bununla əlaqədar görülən işlərin səmərəliliyini artırmaq məqsədilə müxtəlif istiqamətlər üzrə bir neçə - hərbi hissələrdə intihara meyilli hərbi qulluqçuların, belə şəxslərə mənfi təsir edə biləcək halların, onlarda psixi-emosional gərginlik yaradacaq amillərin vaxtında aşkar edilməsi və baş verə biləcək hadisələrin ən qısa zamanda qarşısının alınması məqsədi ilə preventiv və profilaktik tədbirlərin icrasını nəzərdə tutan “Silahlı Qüvvələrdə suisid hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə dair”; hauptvaxtlarda saxlanılan hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının və qanuni mənafelərinin qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarəti artırmaq, bu sahədə baş verə biləcək qanun pozuntularını vaxtında aşkar etməklə aradan qaldırılmasını təmin etmək məqsədilə “Hərbi qulluqçuların hauptvaxtlarda saxlanılması zamanı qanunlara əməl edilməsinə nəzarət qaydasında keçirilən yoxlamalara dair”; təhqiqat üzərində prosessual rəhbərliyin səmərəliliyini artırmaq, o cümlədən bu mühüm fəaliyyət istiqamətində işin daha da təkmilləşdirilməsini, nəzarətin gücləndirilməsini, baş verə biləcək pozuntu, nöqsan və çatışmazlıqların vaxtında müəyyən edilməklə, təxirəsalınmadan aradan qaldırılmasını təmin etmək məqsədilə “Hərbi qulluqçuların zədə almaları faktları ilə bağlı araşdırmaların aparılmasına prokuror nəzarətinin xüsusiyyətlərinə dair”; hərbi qulluqçuların qəbulu işini daha da təkmilləşdirmək, o cümlədən onların qayğı və problemləri ilə yerində maraqlanmaq, rastlaşdıqları çətinliklər barədə zamanında məlumat əldə etmək, eləcə də müraciətlərin operativliyini artırmaq məqsədi ilə “Ərazi hərbi prokurorluqlarının əməkdaşları tərəfindən hərbi qulluqçuların bilavasitə hərbi hissələrdə qəbulunun təşkili və keçirilməsinə dair” və sair metodiki tövsiyələr, eləcə də digər maarifləndirici vəsaitlər hazırlanmış və hərbi qulluqçulara çatdırılmışdır.
Bundan əlavə, hərbi qulluqçuların, xüsusilə gənc əsgərlərin müraciət hüququnu həm asanlaşdırmaq, həm də real təmin etmək məqsədilə hərbi hissələrin ərazisində ən münasib yerlərdə “Etimad qutuları” qoyulmuş və onların üzərində müvafiq ərazi hərbi prokurorluqlarının məsul işçilərinin, növbətçi hissələrinin, habelə Respublika Hərbi Prokurorluğunun növbətçi hissəsinin əlaqə nömrələri yerləşdirilmişdir. Qeyd olunmalıdır ki, həmin nömrələr vasitəsilə edilən müraciətlərə və hərbi prokurorluq əməkdaşları tərəfindən qutulardan götürülmüş ərizələrə qanunvericiliklə müvafiq qaydada qeydə alınmaqla baxılması təmin edilmişdir. Təbii ki, yuxarıda sadalananlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun fəaliyyətini tam ehtiva etmir və ötən illər ərzində hərbi prokurorluq orqanları tərəfindən digər işlər də görülərək, qanunun aliliyi prinsipi rəhbər tutulmaqla Silahlı Qüvvələrdə qanun pozuntularına və cinayətkarlığa qarşı ciddi mübarizə aparılmışdır.
Xüsusi vurğulanmalıdır ki, dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan möhtəşəm islahatlar sayəsində dövlətimiz hərtərəfli qüdrətlənmiş, o cümlədən ordu quruculuğunda həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq, bu gün vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı möhkəmləndirilmiş, mənəvi-psixoloji hazırlıqlı, yüksək əhval-ruhiyyəli, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Təsadüfi deyildir ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda, ordumuz 52-ci yeri tutmuşdur. Bu isə Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu bir daha təsdiq etmişdir. Hər kəsə məlumdur ki, 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artmış, cənab Prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavod yaradılmış, bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal olunaraq nəinki ordumuzun potensialı gücləndirilmiş, eyni zamanda hərbi məhsullarımızın ixrac olunmasına da başlanılmışdır. Bununla bərabər, xarici ölkələrdən ən müasir zirehli texnikalar, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, nəqliyyat vasitələri, helikopterlər, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri, eləcə də digər texnika və silahlar alınmaqla Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da gücləndirilmişdir. Qeyd olunanlar, yəni Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Hərbi Prokurorluğun səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnmiş, fərarilik cinayətinin kökü isə demək olar ki, tamamilə kəsilmişdir. Belə ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin müqayisəli təhlili aparılarkən məlum olmuşdur ki, 2003-cü illə müqayisədə 2018-ci ildə qeydə alınmış cinayətlərin ümumi sayı 43,2 faiz, müxtəlif səbəblərdən ölən hərbi qulluqçuların sayı 18 faiz, qəsdən adam öldürmə cinayətləri 60 faiz, hərbi xidmətdən yayınma cinayətləri 88,5 faiz, fərarilik cinayətləri isə 200 dəfədən artıq azalmışdır. Vurğulanmalıdır ki, əksər cinayət növlərinin azalması tendensiyası bu il də davam etmişdir. 2018-ci ilin birinci yarımili ilə müqayisədə 2019-cu ilin müvafiq dövründə qeydə alınmış xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma və maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri isə 7,7 faiz azalmışdır.
Silahlı Qüvvələrimizin daha da qüdrətlənməsi istiqamətində həyata keçirilən tədbirlər, əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, həmçinin onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr edən hərbi qulluqçular hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Yeri gəlmişkən qeyd edilməlidir ki, əsgərlərin məişət işlərindən azad olunması, onların daha səmərəli hərbi xidmət etmələri, mülki vətəndaşlardan ibarət peşəkar personalın formalaşdırdığı məişət şəraiti ilə təmin olunmaları ilə yanaşı, həm də minlərlə yeni iş yerlərinin açılması ilə nəticələnmişdir. Bütün bunlar, Silahlı Qüvvələrdə nizam-intizamın daha da möhkəmləndirilməsini şərtləndirmişdir.


Prokurorluğa olan dövlət qayğısı ədalətin zəfərinə xidmət edir

Dərin minnətdarlıq hissləri ilə qeyd olunmalıdır ki, ulu öndərin hakimiyyətə qayıdışından bu günədək olan dövr ərzində prokurorluğa olan dövlət qayğısı hər zaman hiss edilmiş, bu da prokurorluq işçilərini həvəsləndirməklə bərabər, onların xidməti vəzifələrinin icrası zamanı daha məsuliyyətli olmaları ilə nəticələnmişdir. Qeyd etmək zəruridir ki, bütün hüquq- mühafizə orqanlarına, həmçinin prokurorluğa hərtərəfli diqqət və dövlət qayğısı göstərilməsi ənənəsi, bu gün də davam etdirilir. Müdrik rəhbər cənab İlham Əliyevin mütəmadi olaraq verdiyi səmərəli tövsiyələr əsasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarında yeni müstəvidə və yüksək intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq və azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur.
İftixar doğuran haldır ki, Azərbaycana ümummilli lider Heydər Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, ulu öndərin siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirmiş, özünü xalqın birinci xidmətçisi hesab etməklə millətinə xidməti həyat amalına çevirmiş İlham Əliyev kimi aqil lider, dünya şöhrətli şəxsiyyət və peşəkar siyasətçi rəhbərlik edir. Məhz möhtərəm Prezident cənab İlham Əliyevin hərtərəfli elmi biliyi, uzaqgörən düşüncəsi, mükəmməl rəhbərlik qabiliyyəti və misilsiz xidmətləri sayəsində ölkəmiz dünyada böyük nüfuz qazanaraq ən qüdrətli dövlətlər sırasında özünəməxsus yerini müəyyən etməklə söz sahibinə çevrilmişdir. Möhtərəm Prezidentin vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşması, onların ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsi, bir çox hallarda şəxsən qərar qəbul etməklə üzləşdikləri bütün çətinlikləri aradan qaldırması dövlətin və rəhbərinin vətəndaşa verdiyi yüksək dəyərin təcəssümüdür. Uzaqgörən strateji inkişaf kursunu müasir müstəvidə zənginləşdirməklə dövrün tələblərinə uyğun şəkildə reallaşdıran cənab İlham Əliyev təvazökarlığı, sadəliyi və verdiyi vədləri mütərəqqi əməllərlə doğrultmağı ilə xalqın sonsuz rəğbətini qazanmışdır. Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, müdrik liderimizin analoqu olmayan siyasəti alternativi istisna edir.
Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm siyasi iradəsinin, sarsılmaz qətiyyətinin və yorulmaz fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdəti nəticəsində ölkəmizdə ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı, qeyri-neft sektorunda sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Qeyd olunanlarla bərabər, əhalinin pul gəlirləri, əməkhaqları, pensiyaları da dəfələrlə artmış, ölkə iqtisadiyyatına o cümlədən qeyri-neft sektoruna sərmayələr qoyulmuş və manatın məzənnəsi uzun müddətdir ki, sabit qalmaqda davam etmişdir. Bütün bunların nəticəsində insanların rifahı daha da yaxşılaşdırılmış və təbii olaraq əhalinin sayı da artmaqla on milyonu keçmişdir. Vurğulanmalıdır ki, ölkəmizdə gedən sürətli inkişaf beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dövlətimizin qüdrətlənməsində, ölkəmizin hərtərəfli inkişafında və qazanılan ardıcıl uğurlarda zəngin elmi bilikləri, dərin düşüncəsi, peşəkar idarəçilik qabiliyyəti, millətinə və dövlətinə sədaqəti və digər məziyyətləri ilə örnək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Cənab Prezident İlham Əliyevin onu ölkənin Birinci vitse-prezidenti kimi mühüm dövlət postuna təyin etməsi milli maraqlara və dövlətimizin daha da qüdrətlənməsinə hesablanmış növbəti müdrik bir qərar idi. Hər kəsə məlumdur ki, insanların qəlbində Mehriban xanıma sonsuz inam və misilsiz etimad var. İnsanların öz qayğıları ilə bağlı müraciətlərinin böyük bir hissəsinin ona ünvanlanması bunun əyani göstəricisidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən müdrik siyasət sayəsində dövlətimizin qüdrətlənməsi, iqtisadiyyatımızın durmadan güclənməsi prokurorluğa kifayət qədər maddi vəsait ayrılmasına imkan vermişdir ki, bu da Hərbi Prokurorluğun maddi təminatının, eləcə də işçilərin sosial müdafiəsinin daha da güclənməsinə zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” da prokurorluğa göstərilən növbəti dövlət qayğısının təzahürü olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində inkişafın, təkmilləşmənin və hərtərəfli müasirləşmənin təməlini qoyan bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, fəaliyyətinin daha səmərəli təşkili, digər hüquq mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsi, eləcə də, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli şərait yaratdı ki, bu da prokurorluq işçilərində özünəgüvən hissini bir qədər də artırdı.
Vurğulanmalıdır ki, ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən ardıcıl olaraq, Hərbi Prokurorluğun mərkəzi aparatının, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Qazax, Zaqatala və Gəncə hərbi prokurorluqlarının ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqla təchiz olunmuş inzibati binalarla təmin olunması, əksər hərbi prokurorluqların inzibati binalarının əsaslı təmir edilməsi, əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması uğurla həyata keçirilən müdrik siyasətin bəhrəsidir.
Böyük qürur hissləri ilə qeyd olunmalıdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 1 oktyabr 2018-ci il tarixdə Azərbaycan Prokurorluğunun yaranmasının yüz illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Prokurorluq orqanlarının əməkdaşlarına və veteranlarına ünvanlanan təbrik müraciətində prokurorluq orqanlarının bir əsrlik tarixi ərzində keçdiyi inkşaf yolu növbəti dəfə yüksək qiymətləndirilmiş, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğunun milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilməsi vurğulanmış, prokurorluq əməkdaşlarının bundan sonra da qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edəcəklərinə, cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq nümayiş etdirəcəklərinə və üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklərinə əminlik ifadə olunmuşdur.
Prokurorluğun fəaliyyətinin, həmçinin dövlətçiliyə və xalqa olan sədaqətinin dövlət tərəfindən daim yüksək dəyərləndirilməsi hər bir prokurorluq işçisini qürurlandırmaqla bərabər, üzərimizə daha böyük məsuliyyət qoyur. Odur ki, fəaliyyətində hər zaman ümummilli lider Heydər Əliyevin ali ideyalarını və möhtərəm Prezidentimiz İlham Əliyevin idarəçilik prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək diqqət, xüsusi qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, Silahlı Qüvvələrdə insan hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və aradan qaldırılmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsini bundan sonra da ləyaqətlə davam etdirəcəkdir.

Xanlar Vəliyev,

Azərbaycan Respublikasının hərbi prokuroru,

ədliyyə general-leytenantı

(1 oktyabr 2019-cu il, Xalq qəzeti)