Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçilərinin məqalə və çıxışları

2019-09-02
Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi korrupsiyaya qarşı mübarizə prizmasında

Dünya tarixinə nəzər saldıqda müasir dövrün inkişaf etmiş dövlətlərinin hər birinin tərəqqiyə nail olmasında həyata keçirdikləri islahatların çox böyük rolu olduğunu görmək mümkündür. Mahiyyət etibarı ilə müsbət məna yükü daşıyan islahat sözü elmi ədəbiyyatda əsasən fundamental əsaslara toxunmadan ictimai həyatın hər hansı sahəsində həyata keçirilən dəyişiklik kimi qavranılır. Ümumi tarixi mənzərədən də aydın olduğu kimi, əhatə etdiyi sahədən asılı olmayaraq hər bir islahatın faydalılıq meyarı ilk növbədə onun aktuallığı, zəruriliyi, əhatə dairəsi, ən əsası isə ictimai tələbata nə dərəcədə cavab verməsi ilə ölçülür.

Şərq və qərb sivilizasiyalarının qovuşduğu coğrafi ərazidə yerləşməklə özünəməxsus dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı müxtəlif dövrlərdə siyasi, iqtisadi və mədəni həyatın ayrı-ayrı sahələrində bir çox taleyüklü islahatların şahidi olmuş və bu yeniliklərin hər biri ölkəmizin iqtisadi və mədəni həyatının formalaşıb inkişaf etməsində mühüm rol oynamışdır.

Xüsusilə yeni tarixə nəzər saldıqda görmək olar ki, əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi islahatlar sovet işğalı nəticəsində yarımçıq qalsa da, Sovet İttifaqının tənəzzülündən sonra müstəqillik əldə edən Respublikamızda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bu ənənə çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsi prinsiplərinə əsaslanan kompleks islahatlar paketi ilə davam etdirilmiş, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendumla müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu proseslərinə start verilmişdir.

Həyata keçirilmiş məqsədyönlü və sistemli hüquqi islahatlar nəticəsində Konstitusiyamızda təsbit edilmiş prinsiplərə uyğun yeni qanunlar - “Cinayət Məcəlləsi”, “Cinayət Prosessual Məcəlləsi”, “Prokurorluq haqqında”, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilmişdir.

Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 8 iyun 2000-ci il tarixli Fərmanı ilə mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı qətiyyətli və cəsarətli mübarizənin təməli qoyulmuşdur.

Hüquqi-demokratik dövlət quruculuğu ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək milli qanunvericiliyin beynəlxalq tələblər səviyyəsinə çatdırılması məqsədi ilə Azərbaycan bir sıra mütərəqqi beynəlxalq təşəbbüslərə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasına, Avropa Şurasının Korrupsiyaya ilə əlaqədar cinayət və mülki hüquqi məsuliyyət haqqında Konvensiyalarına qoşulmuşdur.

Korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması, nəticələrinin aradan qaldırılması, sosial ədalətin bərpa edilməsi, əhalinin dövlətə etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarına və yerli özünü idarə etmə orqanlarına qulluğa qəbul olunmağa həvəsləndirilməsi, vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədi ilə 13 yanvar 2004-cü il tarixdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Bundan sonra korrupsiyaya qarşı mübarizə tədbirləri ilə paralel olaraq ölkəmizin ictimai-siyasi həyatının hər sahəsində, o cümlədən məhkəmə-hüquq sistemində islahatlar uğurla və hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq davam etdirilmiş, vətəndaşların ədalət mühakiməsi vasitələrindən daha səmərəli istifadə etməsi üçün zəruri tədbirlər davamlı şəkildə görülmüşdür. Bu sahədə həyata keçirilmiş vacib tədbirlər sırasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 19 yanvar 2006-cı il tarixli, "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" 17 avqust 2006-cı il tarixli, "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Qanunun təsdiq edilməsi barədə 22 iyun 2010-cu il tarixli Fərmanlar xüsusi ilə qeyd edilməlidir.

Qeyd edilən Fərmanların imzalanması ilə əhalinin məhkəmələrə əlçatanlılığının yaxşılaşdırılması, bölgələrdə hüquq institutlarının inkişafı məqsədilə regional apellyasiya və ağır cinayətlər məhkəmələri yaradılmış, habelə dövlət orqanları tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə əlaqədar inzibati ədliyyə sistemi yaradılmaqla yeni inzibati məhkəmələr fəaliyyətə başlamışdır.

Məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində korrupsiyaya və digər qanun pozuntularının qarşısının alınmasına xüsusi diqqət yetirilməsi ilə yanaşı, vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntuları və neqativ hallara yol verən hakimlərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə ardıcıl tədbirlər görülməkdədir.

Bu sferada həyata keçirilən mühüm əhəmiyyətli işlərdən biri də dövlət idarəçiliyinin əsas prinsiplərindən biri olan humanizm siyasətinə sadiqliyin və korrupsiyaya qarşı kəsərli mübarizəyə dair qətiyyətli siyasi iradənin növbəti bariz nümunəsi kimi 10 fevral 2017-ci il tarixdə imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2668 nömrəli Sərəncam olmuşdur.

Ölkəmizin ictimai-siyasi həyatında müsbət rezanons doğuran Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı bu baxımdan həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir.

Respublikada həyata keçirilməkdə olan köklü məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olmaqla bu strateji sahənin gələcək inkişafı üçün prioritetləri müəyyən edən mühüm əhəmiyyətli sənədin imzalanması bir tərəfdən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, o cümlədən də süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsinə xidmət edirsə, digər tərəfdən də dövlət başçısı tərəfindən cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətlərin dekriminallaşdırılması məqsədilə imzalanmış 10 fevral 2017-ci il tarixli Sərəncamda icrası nəzərdə tutulan kompleks institusional, qanunverici və praktiki islahatların keyfiyyətcə yeni mərhələyə keçid etməsinə mühüm təkan verir.

Belə ki, 13 bənddən ibarət sənədin ətraflı təhlili onun icra edilməsinin gələcəkdə hansı müsbət nəticələr doğuracağını proqnozlaşdırmağa imkan verir.

Buna misal olaraq göstərmək olar ki, sözügedən normativ hüquqi aktın 2-ci bəndinin icrası bir tərəfdən ictimai təhlükəlilik dərəcəsi aşağı olan cinayətlərin dekriminallaşdırılması ilə cinayət-hüquqi tənzimetmə və cəza siyasətinə yanaşmanın əhəmiyyətli dərəcədə liberallaşdırılmasına səbəb olacaqsa, digər tərəfdən də cəmiyyətin və dövlətin imicinə xələl gətirə bilən, habelə vətəndaşların dövlətə inamını sarsıdan ağır və xüsusilə ağır cinayətlərə qarşı barışmaz mövqe nümayiş etdirməklə məhkəmə-hüquq sisteminin gücləndirilməsinə, bununla da korrupsiyaya qarşı daha kəsərli mübarizə aparılmasına töhfə verəcəkdir.

Həmçinin fərman ölkədə biznes mühitinin inkişafını təşviq etməklə Azərbaycan Respublikasının iqtisadi inkişafının davam etdirilməsində və sürətləndirilməsində mühüm rol oynayacaqdır. Xüsusilə 3-cü, 6-cı və 7-ci bəndlərə istinad etməklə bu qənaətə gəlmək mümkündür ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkili, beynəlxalq arbitraj prosedurlarının təşviqi, ədalət mühakiməsinin bütün tərəflərinə məsələni proqnozlaşdırmaq imkanı verəcək vahid məhkəmə təcrübəsinin, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tövsiyə və tapşırıqlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcəkdir. Bu da sahibkarların fəaliyyətinə öz müsbət töhfəsini verəcəkdir.

Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi baxımından Fərmanda toxunulması vacib olan müddəalardan biri də 5-ci bənddir ki, həmin bənddə Məhkəmə-Hüquq şurası tərəfindən müvafiq sahədə məlumatların qəbul edilməsi üçün qaynar xəttin yaradılması, Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi kimi mühüm məsələlər öz həllini tapmışdır.

Digər bir mühüm müddəa isə Fərmanın 8-ci bəndində Baş Prokurorluğa ünvanlanmış tövsiyədir ki, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlili və keyfiyyətinin artırılmasını özündə ehtiva edir.

Bununla bağlı qeyd etmək olar ki, keçən dövr ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ədalət mühakiməsində iştirak edən prokurorlar tərəfindən insanların hüquq və azadlıqlarının, ictimai maraqların qorunması məqsədilə dövlət ittihamının qanunla verilmiş bütün səlahiyyətlərdən istifadə etməklə yüksək peşəkarlıq səviyyəsində müdafiə olunması təmin edilmiş, ittihamın ictimaiyyət qarşısında açıq məhkəmə prosesində müdafiə edilməsi nəzərə alınmaqla, bu sahədə kadrların seçilib-yerləşdirilməsinə, dövlət ittihamçılarının bilik və peşə hazırlığı səviyyəsinin, eləcə də hüquq mədəniyyətinin artırılmasına xüsusi diqqət yetirilmişdir.

Müasir dövrün tələblərinə uyğun peşəkarcasına təşkil edilmiş dövlət ittihamının müdafiəsi işi prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlətin cəza siyasətinin prinsiplərini özündə təcəssüm etdirməklə yanaşı, məhkəmə məsuliyyətinə verilmiş şəxsləri maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan məhkəmə səhvlərindən qoruyan mühüm vasitədir. Bu baxımdan Fərmanın qeyd edilən bəndinin icrası bu institutun daha da təkmilləşdirilməsinə, inkişafına və hərtərəfli müasirləşdirilməsinə rəvac verəcəkdir.

Eyni zamanda Fərman milli hüquq sistemində tam yeni yanaşmanın- məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın, ekspertizanın özəl qurumlara həvalə edilməsi, arbitraj, mediasiya kimi institutların beynəlxalq təcrübəyə uyğun şəkildə qanunvericiliyə tətbiq edilməsini nəzərdə tutmuşdur ki, bu da öz növbəsində bir tərəfdən dövlət qurumlarında iş yükünü azaltmaqla süründürməçiliyin və bürokratik əngəllərin qarşısını almaqla korrupsiyaya şərait yaradan halların azalmasına səbəb olacaq, digər tərəfdən də fiziki və hüquqi şəxslərə alternativ seçim imkanı verəcəkdir.

Fərmanda əks edilən müddəaları ümumiləşdirməklə belə nəticəyə gəlmək olar ki, ilk baxışdan bu mötəbər sənəd yalnız məhkəmə-hüquq sistemindən ibarət tənzimləmə dairəsinə malik akt təsiri bağışlasa da, mahiyyət etibarı ilə özündə iqtisadi, habelə vergi, gömrük və sosial siyasət məsələlərini qanunvericilik, instusional və praktiki vasitələrlə birləşdirən proqram xarakterli islahat konsepsiyasıdır.

Tənzimləmə metoduna görə məhkəmə-hüquq sisteminin hər bir aspektinə yeni yanaşma tətbiq edən bu sənədin icrasının məhkəmə hakimiyyəti ilə yanaşı, Ədliyyə, Vergilər və İqtisadiyyat Nazirlikləri, Vəkillər Kollegiyası, eləcə də Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası kimi ayrı-ayrı sahələrə məsul qurumlara tapşırılması və tövsiyə edilməsi sənədin sistemliliyi və konseptual xarakterini bir daha ortaya qoymaqla onun korrupsiyaya qarşı mübarizədə mühüm alət kimi çıxış edəcəyindən xəbər verir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri

Natiq Eyvazov

20 aprel 2019-cu il (Respublika qəzeti)