Sayt üzrə axtarış













Əsas səhifə / XƏBƏRLƏR

2017-03-06
Baş Prokurorluğun idarə rəisi beynəlxalq tədbirdə iştirak etmişdir

Kibercinayətkarlığın ilbəil artması, müxtəlif ölkələrdə cinayətkar şəbəkələrin yeni və qeyri-standart sxemlər və elektron üsullar vasitəsilə qanunsuz mütəşəkkil fəaliyyəti hüquq mühafizə orqanları qarşısında yeni vəzifələr qoymaqla bu sahədə beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini şərtləndirir.

Cari il 27 fevral - 1 mart tarixlərində Avropa Şurası və İnterpolun təşkilatçılığı ilə İnterpolun Sinqapur şəhərində yerləşən qərargahında kibercinayətkarlıq, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələlərində beynəlxalq hüquqi əməkdaşlığa həsr olunmuş konfrans keçirilmişdir.

İnterpolun Sinqapur Qlobal İnnovasiyalar Kompleksi (İGCİ) rəhbərinin müavini Silvino Şlikman çıxış edərək konfransın əhəmiyyəti, qarşıda duran vəzifələr, eləcə də İGCİ-nin fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermişdir.

ABŞ, Filippin, Belarus, Moldova, Gürcüstan, Mərakeş, Şri Lanka və sair ölkələrin prokurorluq, ədliyyə, polis orqanlarının, beynəlxalq təşkilatların rəhbər şəxslərinin, həmçinin “Facebook” və “Microsoft” şirkətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov təmsil etmişdir.

Konfransda E.Əlixanov çıxış edərək ölkəmizin mühüm beynəlxalq və regional konvensiyaları ratifikasiya edərək kibercinayətkarlıq və digər transmilli cinayətlərə qarşı mübarizəyə, o cümlədən ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsinə böyük önəm verdiyini bildirmiş, eləcə də beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirildiyini diqqətə çatdırmışıdr.

Tədbir çərçivəsində iştirakçı ölkələrin nümayəndələri ilə görüşlər keçirilmiş, cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.