Sayt üzrə axtarış













Əsas səhifə / XƏBƏRLƏR

2017-03-16
Avropa Şurasının nümayəndə heyəti Baş Prokurorluqda olmuşdur

Martın 15-də Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov Avropa Şurası Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

 

         Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirən Baş prokurorun birinci müavini R.Usubov ölkəmizin demokratiya və insan hüquq və azadlıqları prinsiplərinə daim sadiq olduğunu, Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından belə görüşlərin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, aparılan islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər və bu sahədə prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə qonaqlara ətraflı məlumat verilmişdir.

İnsan hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının daim təkmilləşdirildiyini, bu sahədə ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğunu, insan hüquq və azadlıqlarının qorunmasının prokurorluq orqanları qarşısında duran prioritet vəzifə olduğunu, eyni zamanda, bir sıra beynəlxalq, o cümlədən Avropa Şurasının GRECO təşkilatı ilə uğurlu əməkdaşlığını diqqətə çatdıran R.Usubov, Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamının əhəmiyyətini xüsusi vurğulayaraq bu mühüm sənədin sistemli şəkildə həyata keçirilən hüquqi islahatların növbəti mərhələsinin əsasını, həmçinin prokurorluq orqanları qarşısında yeni öhdəliklər qoyduğunu bildirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını maraqla qarşıladığını ifadə edən A.Qessel, Avropa Şurası ilə əməkdaşlığı təqdir etmiş və Avropa məkanında da insan hüquqlarının mövcud problemlərinə toxunaraq Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir.

Görüşdə əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.