Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-10-05
Azərbaycan Respublikasının nümayəndə heyəti Beynəlxalq Anti-Korrupsiya Akademiyasının tədbirində iştirak etmişdir

Oktyabrın 2-dən 4-dək Misir Ərəb Respublikasının Şarm El Şeyx şəhərində  Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA) Üzv Dövlətləri Assambleyasının 6-cı sessiyası keçirilmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi Baş İdarənin, Xarici İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.

Sessiyada çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, Baş İdarənin və “ASAN xidmət” mərkəzlərinin korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınmasında rolu, həmçinin ölkəmizlə IACA arasında ikitərəfli münasibətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, Azərbaycan Respublikasının bu sahədə əldə etdiyi uğurları qeyd etmişdir.

Tədbirdə Akademiyanın fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı təşkilati və hüquqi xarakterli məsələlər müzakirə edilmiş, qeyd edilən qurumun qlobal miqyasda korrupsiyaya qarşı mübarizə səylərinin gücləndirilməsində rolunun artırılması məqsədilə bir sıra zəruri sənədlər işlənib hazırlanmış, həmin sənədlərin hazırlanması və qəbulu prosesində ölkəmizin nümayəndə heyətinin fəal iştirakı xüsusi vurğulanmışdır.

Səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə IACA-nın rəhbəri Martin Kreutner, Misir Ərəb Respublikası və digər dövlətlərin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Görüşlərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev iştirak etmişdir.