Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-06-09
Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişdirlər

5-6 iyun 2018-ci il tarixlərdə Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Federasiyası Baş Prokurorluğu və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Elektron cinayətlərə qarşı mübarizə şəbəkəsi tərəfindən “Kibercinayətkarlıqla mübarizədə peşəkar təcrübənin mübadiləsi” mövzusunda seminar keçirilmişdir.

Tədbirə sədrlik BPA-nın Baş katibi Xan Moraal və Rusiya Federasiyası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq Baş İdarəsinin rəisi Denis Qrunis tərəfindən həyata keçirilmişdir.

Tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Ziya Hacıyev, Əməliyyat İdarəsinin əməkdaşı Rüfət Kərimov, həmçinin Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin prokuroru Orxan Yusubov təmsil etmişlər.

Elektron cinayətlərə (kibercinayətlərə) qarşı mübarizə sahəsində Rusiya Federasiyası, habelə təlimçilərin təmsil etdiyi ölkələr - Xorvatiya və Niderland Krallığı tərəfindən əldə edilmiş təcrübənin və həmin sahədə qazanılmış son nailiyyətlərin iştirakçı dövlətlər arasında mübadiləsi təlim kursunun əsas məqsədi olmuşdur.

Tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Monqolustan və digər ölkələrin hüquq mühafizə orqanlarının əməkdaşları, Sankt-Peterburq Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən kibercinayətkarlıqla mübarizənin nəzəri və təcrübi probemləri, həmçinin rəqəmsal kriminalistikanın imkanları, elektron sübutların toplanması və istifadəsi, kriptovalyutadan qanunsuz istifadə məsələləri müzakirə edilmişdir.

Azərbaycan Prokurorluğunun nümayəndə heyətinin üzvləri kibercinayətkarlıqla mübarizənin ölkəmizin hüquq mühafizə orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırmaqla, 2017-ci ilin oktyabrında Bakı şəhərində Azərbaycan Respublikası Prokurorluğu və Beynəlxalq Prokurorlar Assosiasiyasının, həmçinin Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə kibercinayətkarlıqla mübarizəyə dair konfransın keçirilməsinin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.