Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-12-19
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” kitabının təqdimatı keçirilmişdir

Dekabrın 19-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Prokurorluğunun yaranmasının 100 illiyi münasibətilə hazırlanmış “Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” adlı kitabın təqdimatı keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin, Konstitusiya və Ali Məhkəmələrin, Ədliyyə, Daxili İşlər nazirliklərinin, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri və Baş Prokurorluğun idarə və şöbə rəisləri iştirak etmişlər.

Kitabda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə təsdiq edilmiş prokurorluğun keçdiyi inkişaf yoluna nəzər salınmaqla, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi prokurorluq orqanlarında aparılan islahatlardan, görülən işlərdən, hüquqi dövlət quruculuğunda prokurorluğun iştirakından bəhs olunur.

Təqdimat mərasimində çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov kitabın ərsəyə gəlməsində xidməti olan şəxslərə minnətdarlığını ifadə edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müdrik dövlətçilik siyasəti nəticəsində hüquq mühafizə orqanlarının fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi, o cümlədən yüz illik tarixi olan prokurorluq orqanlarının tarixi, inkişafı və fəaliyyət istiqamətləri barədə  tədbir iştirakçılarına ətraflı məlumat vermiş, prokurorluğun Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində rolunun, ölkənin hüquq sistemində yerinin öyrənilməsi baxımından kitabın xüsusi əhəmiyyətini vurğulamışdır.

Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov çıxışında kitabda Azərbaycan Prokurorluq orqanlarının Xalq Cumhuriyyəti dövründə, sovetlər dönəmində və müstəqillik illərində fəaliyyətinin təhlili, əvvəllər nəşr edilmiş kitablarla müqayisədə tətbiq edilmiş yeniliklər, kitabda ilk dəfə olaraq tədqiq edilmiş mənbələr və tarixi sənədlər haqqında ətraflı məlumat vermişdir.

Mərasimdə iştirak edən qonaqlar və Baş Prokurorluğun məsul şəxsləri “Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” kitabının işıq üzü görməsini prokurorluğun həyatında əlamətdar hadisə kimi qiymətləndirərək, kitabda prokurorluğun fəaliyyətinin bütün istiqamətlərinə dair müfəssəl və dəqiq məlumat əks etdirildiyindən, nəfis və mükəmməl şəkildə hazırlanmış bir vəsait olaraq prokurorluq və digər hüquq mühafizə orqanları işçiləri, prokurorluğun fəaliyyəti ilə maraqlanan oxucular və geniş hüquq ictimaiyyəti üçün faydalı məlumat mənbəyi olacağına əminlik ifadə olunmuşdur.