Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-09-10
Baş prokuror Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşmüşdür

Sentyabrın 10-da Baş prokuror Zakir Qaralov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşmüşdür.

Baş prokuror qonağı salamlayaraq iki ölkə arasında sürətlə inkişaf edən münasibətlərdən söhbət açmış, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatları barədə geniş məlumat vermişdir.

Hüquq mühafizə sahəsində təşəkkül tapmış və qarşılıqlı etimada əsaslanan əlaqələrdən bəhs edən Baş prokuror, prokurorluq əməkdaşlarının Almaniyanın dövlət institutları və qeyri-hökumət sektorunda təlim və təcrübə mübadiləsi proqramlarına cəlb edildiklərini və bu sahədə əməkdaşlığa yüksək önəm verildiyini diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş prokuror Almaniyanın ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən haqlı mövqeyini dəstəkləməsindən məmnunluğunu ifadə etmişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Volfqanq Maniq ölkəmizdə görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirmiş, xalqlarımız və ölkələrimizin mənafeləri, ikitərəfli münasibətlərin inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilmişdir.