Sayt üzrə axtarış















Əsas səhifə / XƏBƏRLƏR

2020-03-28
Baş Prokurorluq vətəndaşların qəbulunu onlayn qaydada keçirəcəkdir

Hazırda dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən koronavirus infeksiyasının (COVİD-19) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərini nəzərə alaraq, xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi təmin edilir.

Göstərilənlərlə əlaqədar, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiqi barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır.

Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən bu istiqamətdə ardıcıl tədbirlərin icrası təmin edilməklə yanaşı, vətəndaşların əsas konstitusion hüquqlarından biri olan müraciət etmək hüququnun sərbəst reallaşdırılmasını təmin edən kompleks tədbirlər görülür.

Belə ki, infeksiyanın yayılması ilə əlaqədar ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi və mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, prokurorluq orqanlarında vətəndaşların müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir.

Vətəndaşların nəzərinə çatdırılır ki, qəbulla əlaqədar Baş Prokurorluğun internet saytına (www.prokurorluq.gov.az), contact@prosecutor.gov.az elektron poçt ünvanına, Baş Prokurorluğun Qəbul otağının 492-98-55 telefon nömrəsinə, Baş Prokurorluğun “961” nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmiş şəxslərin qəbulu qanunvericiliklə nəzərdə tutulmuş qaydada informasiya-telekommunikasiya texnologiyalarının video görüntü funksiyasından istifadə olunmaqla canlı bağlantı (onlayn) rejimində həyata keçiriləcəkdir.