Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2018-07-16
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun M Ə L U M A T I

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərdən biri kimi tikinti, şəhərsalma və memarlıq sahələrində qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.

Bununla belə, bəzi hüquqi və fiziki şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşdırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə paytaxtın 4-cü mikrorayon sakinlərinin 12 iyul 2018-ci il tarixdə daxil olmuş müraciətlərinə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilmiş, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Fidan” Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlanması müəyyən edilmişdir.

“Fidan” MTK tərəfindən təqdim olunan ərazi planlaşdırılması sənədlərinin şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.1.2-ci bəndini rəhbər tutaraq, Komitə tərəfindən sözügedən ərazidə 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə icrası məcburi olan “Göstəriş” göndərilmişdir. Eyni zamanda, hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilmişdir.

Baş Prokurorluğa təqdim olunmuş materiallar və “Fidan” MTK-nın vəzifəli şəxslərinin qanunsuz tikinti işləri aparması barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, MTK-nın təsisçisi və sədri Şükürov Əli Şükür oğlu torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 1 iyul 2018-ci il tarixdən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparmışdır.

Bununla Ə.Şükürovun digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özü və rəhbəri olduğu hüquqi şəxsin qanunsuz üstünlük əldə etməsi məqsədilə dövlətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanmışdır.

Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəkdir.