Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2018-08-01
Dövlət İmtahan Mərkəzi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin M Ə L U M A T I

 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzindən daxil olmuş müraciət əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində özgənin əmtəə nişanından qanunsuz istifadə etməklə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda pirat (kontrafakt) dərs vəsaitləri gətirərək qanunsuz satışını təşkil edən mütəşəkkil dəstə üzvlərinin qanunsuz əməlləri ifşa edilmişdir.

Başlanmış cinayət işi üzrə istintaq zamanı Abdullayev Şahmar Rəcəb oğlunun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə etməklə orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda nəşr olunaraq həmin məhsulların Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilməsi və respublika ərazisində satışının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Abdullayev Şahmar Rəcəb oğlu, Abdullayev Şirzad Rəcəb oğlu, Məmmədov Faiq Məhəmməd oğlu, Qocayev Xanlar Bayram oğlu, Qocayev Fəzail Bayram oğlu, Aslanov Musurza Mustafa oğlu və Dünyamalıyev Səfər İslam oğluna Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Bakı şəhərində müxtəlif ünvanlarda keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülmüşdür.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz əməlləri törətmiş  təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və pirat məhsulların dövriyyədən çıxarılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.