Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram.
Heydər ƏLİYEV
xalqımızın Ümummilli Lideri

Müstəqillik əldə edildikdən sonra Azərbaycanın ictimai həyatının bütün sahələrini əhatə edən sistemli islahatlar və dövlət idarəçiliyinə müasir yanaşmanı təşviq edən ardıcıl tədbirlər ən yüksək beynəlxalq standartlara uyğun hüquq sisteminin formalaşdırılmasının və hüquq mühafizə orqanlarının sistemli inkişafı üçün təməl yaratdı. Məhkəmə-hüquq sisteminin islahatları və keyfiyyətcə yenilənmə prosesi fəaliyyəti keçid dövrünün tələblərinə cavab verən prokurorluğu da əhatə etdi, struktur dəyişiklikləri və kadr islahatları həyata keçirildi. Əminliklə demək olar ki, Azərbaycan Prokurorluğu vətəndaşların və dövlətçiliyin maraqlarına, qanunun aliliyinə, asayişin qorunmasına xidmət edən bir orqan kimi formalaşması yalnız dövlət siyasətinin və məhkəmə-hüquq islahatlarının memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dəstəyi nəticəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikası Konstitusiyasında Prokurorluğa xüsusi müddəa (133-cü maddə) ayrılmışdır.
Prokurorluq orqanlarının ictimai-siyasi sabitliyin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini hər zaman önə çəkən müstəsna dühası və misilsiz fədakarlığı ilə əbədilik qazanan Ulu Öndərin “Respublika prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsidir.
Ümummilli Liderin layiqli davamçısı, tarixi zəfərimizin böyük memarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cinayətkarlığa, korrupsiyaya və ümumən bütün neqativ hallara qarşı mübarizə yeni səviyyəyə qalxmış, prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyi artırılmış, maddi-texniki təminatı yaxşılaşdırılmış, prokurorluq işçilərinə hərtərəfli dövlət qayğısını təmin etmək üçün məqsədyönlü addımlar atılmışdır. Nəticədə prokurorluq orqanlarında genişmiqyaslı dəyişikliklər, beynəlxalq standartlara və açıq cəmiyyətə uyğun müasir dəyərlər istiqamətində daha dinamik islahatlar həyata keçirilmişdir.
Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, prokurorluq orqanlarına işə qəbulun rəqabətli seçim prosesi vasitəsilə aparılması hərtərəfli biliklərə və yüksək mənəvi keyfiyyətlərə malik gənc mütəxəssislərlə komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.
2002-ci ildən bəri Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində tam açıq və şəffaf şəkildə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların və media nümayəndələrinin iştirakı ilə Respublika Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq 27-dən artıq müsabiqə keçirilmişdir.

Əsas istiqamətlərdən biri hüquq elminin inkişafına və Avropa hüquq təcrübəsinin tətbiqinə uyğun olaraq prokurorların nəzəri biliklərini və peşəkar hazırlıqlarını artırmaqdır. Prokurorların karyera yüksəlişi üçün potensialın inkişaf etdirilməsi, prokurorların müxtəlif nəsilləri arasında sağlam davamlılığın təmin edilməsi, ədalət və şəffaflığa əsaslanan kadr siyasətinin həyata keçirilməsi – mövcud tələblərə və ən yaxşı beynəlxalq təcrübələrə əsaslanır.
Kadrların gücləndirilməsi və idarəetmənin təkmilləşdirilməsi üçün ardıcıl islahatlar gənc prokurorlar arasında innovativ düşüncənin inkişaf etdirilməsinə, onlara geniş rəqabət biliklərinin verilməsinə, yüksək texnologiyalardan və informasiya mühitindən sərbəst istifadənin, onların yaradıcılığının təşviq edilməsinə və innovativ potensialın inkişafının dəstəklənməsinə yönəlib.
Görülmüş bu işlər, yaradılmış münbit əmək şəraiti, Baş Prokurorluq tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər gənc hüquqşünasların, eləcə də xaricdə təhsil alan tələbələrin prokurorluq orqanlarının fəaliyyətinə böyük marağına səbəb olmuş və prokurorluqda işləmək arzusuna təkan vermişdir.

Qeyd edək ki, xarici dövlətlərin ali təhsil müəssisələrində hüquq təhsili almış şəxslərin prokurorluğa işə qəbulla bağlı müsabiqələrdə iştirak etməsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarına uyğun olaraq həmin şəxslərə verilmiş ali təhsilə aid kvalifikasiyanın Azərbaycan Respublikasında tanınması barədə şəhadətnamənin alınmasından sonra mümkündür.
Hazırda prokurorluq orqanlarında müxtəlif xarici dövlətlərin təhsil ocaqlarında təhsil almış bir çox şəxslər uğurla fəaliyyətini davam edirlər. Onlardan bir qismini misal kimi göstərmək olar.
2001-ci ildə Rusiyanın Moskva Dövlət Sosial Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş İmanov Şahin Durhəsən oğlu 2011-ci ildə prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi və böyük köməkçisi, 2016-cı ildən Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin prokuroru, 2020-ci ildən Xocalı rayon prokuroru vəzifələrində işləyib, 2022-ci ildə isə artıq Daşkəsən rayon prokuroru təyin olunub.
2003-cü ildə Türkiyənin İstanbul Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin dövlət hüququ ixtisası üzrə magistratura pillələrini bitirmiş Zeynalov Şəhriyar Əkbər oğlu 2008-ci ildə prokurorluq orqanlarına işə qəbul olunaraq Gəncə şəhər prokurorunun köməkçisi və həmin şəhər prokurorluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində çalışıb, 2015-ci ildən artıq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi olub, 2020-ci ildən isə Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin prokuroru kimi fəaliyyət göstərir.
2009-cu ildə Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2011-ci ildə həmin Universitetin mülki və təsərrüfat hüququ ixtisası üzrə magistratura pillələrini bitirmiş Hümbətov Elnur Akif oğlu 2017-ci ildə prokurorluq orqanlarına işə qəbul olunaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru, 2021-ci ildən həmin Baş İdarənin böyük prokuroru vəzifələrində işləyib, 2023-cü ildə artıq Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini vəzifəsinə layiq görülüb.
2016-cı ildə Ukraynanın “Odessa Hüquq Akademiyası” Milli Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş Mehdiyev Emil Əbülfət oğlu 2021-ci ildə prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi vəzifəsində işləyir.
2020-ci ildə İngiltərənin Esseks Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş Seyidov Xəlil Əziz oğlu 2023-cü ildə prokurorluq orqanlarına işə qəbul olunaraq Şabran rayon prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb, 2025-ci ildən isə Bakı şəhəri Suraxanı rayon prokurorunun köməkçisi vəzifəsində işləyir.
Baş Prokurorluğun Kadrlar idarəsi