Şriftin ölçüsü :
Saytın rəngi :
“Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mühafizə tədbirləri” ECOLEAD (Environmental Capacity (Outreach and Law Enforcement) Development) platformasının məqsədi maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində mütəxəssislərin əlaqələndirilməsi, bu sahələrdə mövcud təcrübəni bölüşməklə çoxtərəfli münasibətlərin səmərəli təşkil edilməsi və inkişafının təşviqi, ətraf mühitin əleyhinə qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə pozuntuların qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılmasıdır.
O cümlədən vahid istiqamətdə fəaliyyət göstərəcək peşəkarlar üçün formalaşan ECOLEAD platforması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında münaqişədən sonrakı ekoloji problemlərin daha yaxşı həlli üçün tədqiqat ehtiyaclarını, ekoloji pozuntuların qarşısının alınması və həllinə maraqlı tərəflərin cəlb edilməsini, ekoloji sahədə peşəkarlararası dialoqun təkmilləşdirilməsinə xidmət etməkdir.
Qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması və dəymiş ziyanın ödənilməsi ilə yanaşı Baş Prokurorluq tərəfindən maarifləndirici, qabaqlayıcı və bərpaedici effekt daşıyan ECOLEAD platforması formalaşdırılmışdır.
Azərbaycan Respublikası Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti ilə birlikdə “Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mühafizə tədbirləri” (ECOLEAD) layihəsini həyata keçirir.
Belə ki, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin əlaqələndirilməsi, bu sahələrdə mövcud təcrübəni bölüşməklə çoxmərtəbəli münasibətlərin səmərəli təşkil edilməsi və inkişafının təşviqi məqsədini daşıyan layihə Azərbaycan Respublikası Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında 24.06.2024-cü ildə Xankəndidə Anlaşma Memoranumun imzalanması ilə başlanılmıdır.
Layihənin davamı olaraq 16.08.2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində layihə üzrə "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktiki konfrans keçirilmiş, həmin konfransda Naxçıvan Dövlət Universiteti də ECOLEAD layihəsinə qoşulmuşdur.
ECOLEAD layihəsi çərçivəsində 24 iyun 2024-cü il tarixdə Xankəndi şəhərində "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmiş, bu tədbirdə layihənin başlanması barədə anlaşma memorandumu imzalanmışdır.
Layihənin davamı olaraq 16 avqust 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində ECOLEAD layihəsi üzrə "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
ECOLEAD layihəsi üzrə növbəti mərhələdə 27 avqust 2024-cü il tarixdə Şəki şəhərində "İqlim dəyişkliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsasların formalaşması" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
ECOLEAD platforması işinin əsasını “EcoLab”, “EcoClinic” və “Cərimə Parkı - Təbiətin Qisası” komponentlər təşkil etməklə prokurorluq əməkdaşları, ekoloqlar, ali təhsil ocaqları və QHT-lərin birgə səyləri nəticəsində ətraf mühit əleyhinə cinayətlərin araşdırılması, bu sahədə pozuntuların qarşısının alınması, bu zaman toplanmış bilik və məlumatların paylaşılmasına yönəlmişdir.
“EcoLab” səyyar şəkildə, ölkəmizin müxtəlif bölgələrində, əsasən təhsil ocaqlarında əməkdaşlıqla fəaliyyət göstərir.
ECOLEAD platforması işinin əsasını təşkil edən komponentlərdən olan Klinika laboratoriyası 24 iyun 2024-cü il tarixdə Xankəndi şəhərində imzalanmış memorandumun tərəfi olan Bakı Dövlət Universitetində təsis edilməsi razılaşdırılmışdır.
Bu konsepsiya Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş Prokurorluğun 28.02.2024-cü il tarixdə təsdiq edilmiş Tədbirlər Planının 3-cü bəndinə əsasən hazırlanmışdır. Konsepsiya qanunvericiliyin tələblərini rəhbər tutaraq, mövcud praktika və imkanlara uyğunlaşdırılaraq sosial ədalət, cəmiyyət və ictimaiyyət qarşısında qurumların və fərdlərin sosial cavabdehlik prinsipinə uyğun tərtib olunur və həyata keçirilir.
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşıllıqların salınması və bərpası üçün torpaq sahələri ayırmaq yaşıllıqların mühafizəsi sahəsində dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. Qanuna əsasən, yaşıllıqları əvvəlki yerində bərpa etmək mümkün olmadıqda, bərpa işləri yaşıllığın yerləşdiyi torpağın mülkiyyətçisinin öz ərazisindən və ya müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin başqa ərazidən ayırdığı torpaq sahəsində həyata keçirilir. Yaşıllıqların bərpası müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış ərazilərdə, yaşıllığı götürən fiziki və hüquqi şəxslərin özləri tərəfindən və ya onların vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının 30 iyul 2020-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Baş prokurorunun 30 iyul 2020-ci il tarixli 10/82 nömrəli əmri ilə icraya yönəldilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İşin Təşkili Qaydalarının 166.1-ci bəndinə əsasən Cinayət təqibindən kənar icraatlar idarəsi ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə ətraf mühitin ekoloji tarazlığının nizamlanması zamanı prokuror nəzarəti səlahiyyətlərindən intensiv istifadə edir və hüquq normalarının tətbiqində iştirak edir, bu sahədə tabe prokurorluqların müvafiq əməkdaşlarının fəaliyyətinə rəhbərlik edir.
Bu məqsədlə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırılan ağacların qanunsuz kəsilməsi faktı ilə əlaqədar toplanmış materiallar üzrə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəalarına müvafiq olaraq rədd edilərkən yaşıllıqların qanunsuz məhv edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, məhv edilmiş ağacların sayına uyğun sayda yaşıllıqların bərpası əsas götürülməli, ağac və kolları qanunsuz kəsmiş və ya götürmüş şəxslərə eyni sayda ağac və kolları natural formada ianə etmək təklif edilir. Qanun pozuntusuna yol vermiş təşkilatlar sosial cavabdehlik prinsipini rəhbər tutaraq könüllü şəkildə ağacları ianə edir.
İqlim şəraiti, əhalinin sıx məskunlaşması və s. amillər nəzərə alınmaqla yaşıllaşdırma üçün əsas ehtiyac sənayenin və insanların çoxluq təşkil etdiyi şəhər mühitində olduğundan, ianə edilmiş ağacların əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində əkilməsi həyata keçirilir.
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yerli icra hakimiyyəti orqanları, bələdiyyələrlə əməkdaşlıq edilir, cərimə xiyabanları, parkları və guşələri formasında ərazilər müəyyən edilir, toplanmış ağac və kollar hesabına parklaşdırma zonaları təsis edilir, yollar boyu ağaclar əkilir, həmçinin kiçik ölçülü ərazilərdə cərimə guşələri formalaşır.
“Cərimə Parkı” konsepsiyası miqyasından asılı olaraq əsasən üç formada həyata keçirilir:
1) Cərimə Parkı
2) Cərimə Xiyabanı
3) Cərimə guşəsi
Cərimə Parkı - mərkəzi və yerli icra hakimiyyəti qurumları ilə razılaşdırılmış yerlərdə parklaşdırma üçün nəzərdə tutulmuş böyük ərazilərdə keçirilir.
Cərimə Xiyabanı - əsasən avtomobil və piyada yollarının yaşıllıqlar mövcud olmayan hissələrində geniş həcmli və çoxsaylı yaşıllıqların salınması şəklində həyata keçirilir.
Cərimə guşəsi - müxtəlif kiçik ərazilərdə qurumuş yaşıllıqların yerində yenilərinin əkilməsi.
Tətbiq ərazisinin xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların əkilməsi bütün aidiyyəti qurumlarla razılaşdırma yolu ilə həyata keçirilir.